Neftlə bağlı növbəti kritik görüş: G-20 toplanır

Neftlə bağlı növbəti kritik görüş: G-20 toplanır

OPEK+ ölkələrinin dünənki görüşündən elə də böyük nəticə əldə edilmədi. Razılığa əsasən, Səudiyyə Ərəbistanı gündəlik neft hasilatını 4 milyon, Rusiya isə 1,6 milyon barrel azaldacaq.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli OPEK+ ölkələri nazirlərinin aprelin 9-da keçirilən videokonfransı haqqında danışarkən deyib. O bildirib ki, bu qərar hazırda neft bazarında yaranmış vəziyyətdən çıxmaq üçün kifayət deyil:

“Bu gün neft bazarında istehlak ilə istehsal arasında ciddi fərq var. Bu baxımdan dünən razılaşdırılan 10 milyon barrel kəsinti mövcud problemin həlli üçün kifayət deyil”.

N.Cəfərli qeyd edib ki, neft hasilatının 10 milyon barrel azaldılması qərarı mayın 1-dən qüvvəyə minəcək:

“Bu o deməkdir ki, aprel ayı üçün heç bir kəsinti olmayacaq. Artıq razılaşmaya dünya birjaları da reaksiya verib. Çünki bu kəsintinin problemi həll edəcəyinə inam yoxdur. Mövcud problemin həlli daha ciddi təkliflər əsasında olmalı idi”.

Ekspert vurğulayıb ki, bu gün keçiriləcək G-20 ölkələrinin iqtisadiyyat nazirlərinin görüşündən daha effektiv qərarlar gözlənilir:

“Düşünürəm ki, bu görüşdə neft hasilatına dair məsələ bir daha müzakirə olunacaq və yeni qərarlar veriləcək. Çünki dünən verilən qərarların birjalara heç bir müsbət təsiri olmadı. Hətta dünəndən etibarən qiymətlərdə yenidən enmələr başladı. Bu gün üçün “Brent” markalı neftin bir barreli 4,14% ucuzlaşaraq, 31,48 dollar, yüngül neft 2,33% ucuzlaşaraq, 22,76 dollar olub. Bu səbəbdən bugünkü G-20 ölkələrinin iqtisadiyyat nazirlərinin videokonfrans formatında görüşü daha kritik mahiyyət daşıyır”.

Mənbə: axar.az