Nikolay Kojanov: “Neft müharibəsi” çətin ki, başa çatıb” – MÜSAHİBƏ

Nikolay Kojanov: “Neft müharibəsi” çətin ki, başa çatıb” – MÜSAHİBƏ

OPEK+ ölkələri neft hasilatı səviyyəsini azaltmaq barədə razılığa gəldilər. “Bloomberg”in məlumatına görə, hələlik söhbət may-iyun aylarında hasilatın sutkalıq 10 milyon barel azalmasından gedir. Hasilatın əvvəlki səviyyədən 22-23% az olacağı bildirilir. Faktiki olaraq, OPEK+ təşkilatın martın əvvəlində imtina etdiyi şərtləri qəbul edib. Bu gün G20 ölkələrinin energetika nazirlərinin telekonfransından sonra “OPEK+”a daxil olmayan digər ölkələrin, ilk növbədə ABŞ-ın müqaviləyə qoşulub-qoşulmayacağı məlum olacaq.

İstənilən halda, OPEK+ danışıqları fonunda neftin qiyməti artacaq. Hətta ABŞ Prezidenti Donald Tramp belə Rusiya ilə Səudiyyə Ərəbistanı arasında neftlə bağlı danışıqlardakı irəliləyişə diqqət yetirib. Bu, ABŞ-da şist nefti hasilatının “təbii səbəblərə görə” azaldılmasına və Birləşmiş Ştatların yeni razılaşmada hələlik iştirak etməməsinə rəğmən baş verir.

Vəziyyəti Media.Az üçün Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun baş elmi işçisi, Qətər Universitetinin Fars Körfəzi Ölkələri Araşdırmaları Mərkəzinin dosenti Nikolay Kojanov şərh edib.

- OPEK+ formatında danışıqlar keçirildi, razılaşmalar əldə olundu, neftin barelinin qiyməti stabilləşdirilir. Bu “neft müharibəsi”ndə kim qalib gəldi?

- Burada kimin qazandığını, kimin uduzduğunu söyləmək çətindir. Bu “neft müharibəsi” koronavirus pandemiyasının nəticələrinin altında qalıb. Çox böyük bir sual: COVID-19 olmadan neft hasil edən ölkələr razılığa gələ bilərdimi? Əlbəttə, qeyd etmək lazımdır ki, hətta hasilatın sutkada 10 milyon barel azaldılması belə əlavə neft problemini tamamilə həll etmir. Tələbatın azalması sutkada təqribən 20 milyon barel olaraq qiymətləndirilir.

Bəli, kimsə qazandı, amma bu, qlobal bir qələbə deyil. Səudiyyə Ərəbistanı bir sıra xarici şirkətlərdə pay sahibi oldu. Ancaq ümumilikdə, Rusiya və Səudiyyə Ərəbistanı şist nefti istehsalçılarını narahatlığa düçar etdi. Əgər vəziyyət dəyişməsə, o zaman yaxın vaxtlarda ABŞ-da neft hasilatının həcmi daha da aşağı düşəcək. Hazırkı müqavilə məcburidir. Neftin barelinin qiymətinin 10 dollardan aşağı düşməsi obyektiv reallığa çevrilmişdi, bu isə heç kimə əlverişli deyil. Bundan əlavə, neft istehlakçılarını tapmaq üçün zəmanət olmadığını hamı tez bir zamanda başa düşdü. Sözün həqiqi mənasında, fikrimcə, burada qalib yoxdur.

- ABŞ-da şist nefti hasilatı azalır. Bu barədə artıq ABŞ-ın ən böyük “şistçi” şirkətlərindən olan “Continental” da məlumat verib. Belə çıxır ki, heç nəyə baxmayaraq, Rusiya və Səudiyyə Ərəbistanı amerikalı rəqiblərini bazardan sıxışdırdılar?

- Amerikanın neft sektorunu qiymətləndirmək mənim üçün çətindir, əsasən, Fars körfəzi ölkələrini izləyirəm. Ancaq şist neftinin xüsusiyyəti ondadır ki, bazardan sürətlə çıxıb, eyni sürətlə də qayıda bilər. Hər şey qiymətlərin gələcək dinamikasından asılıdır. Rusiya tərəfindən, üstəlik də koronavirus fonunda, təhrik edildiyini qəbul etməli olduğumuz, çətin ki, başa çatmış “neft müharibəsi” bütün bunlar olmadan da yaxınlaşan hadisələrə gətirib çıxarıb.

ABŞ-ın şist nefti şirkətlərində artıq maliyyə problemləri yaranıb, ancaq bu vaxta qədər iflas və ya hasilatı azaltmaq səviyyəsinə qədər gəlib çıxmayıb. İndi təbii ki, proseslər sürətlənib. Fars körfəzindəki digər monarxiyalar kimi, Səudiyyə Ərəbistanı da neft istehsalını artırmağa hazırlaşırdı. Bütün məsələ bunun nə vaxt baş verə biləcəyində idi. Bir daha neftin həddən artıq istehsalı, qlobal iqtisadi artımın zəifləməsi ilə bağlı böhrandan danışa bilərik.

- Lakin indi dünya birjaları nikbinlik göstərir, neft qiymətləri artır...

- Mən proqnoz vermək istəməzdim, bu, məqsədəuyğun deyil. Bəli, indi bir neçə amil qiymət artımına səbəb olub. Birincisi, müəyyən razılıq əldə edilib. İkinci amil neftin fyuçersləridir. Bunlar isə asanlıqla dəyişə biləcək gözləntilərdir. Ona görə də, rahatlaşmaq olmaz.

- Səudiyyəlilər may ayının neft qiymətlərini aprelin 10-da açıqlayacaqlarını bildirdilər, sonra isə 11 aprelə təxirə saldılar. Bu, bazar tərəfindən müsbət qəbul edildi. Baxmayaraq ki, hələ də hansısa sövdələşmənin getdiyi aydındır.

- Səudiyyə Ərəbistanının may ayı üçün neftin qiymətlərini açıqlamaması onların xoş niyyətinin göstəricisidir. Bu, həqiqətən də, bazar üçün müsbət siqnaldır. Hər ölkənin öz tapşırığı var. Səudiyyə Ərəbistanı üçün neft hasilatının azaldılması yükünü çiyinlərində daşımamaq vacibdir, səudiyyəlilər bunu başqa ölkələrə, o cümlədən Rusiyaya yükləmək istəyirlər. Rusiya tərəfində isə, çox güman ki, neft hasilatının azaldılmasının qaçılmaz olduğu anlayışı işə düşəcək. Çünki Rusiyanın neft saxlaması gücü sərhədsiz deyil. Odur ki, istənilən halda, hasilat həcmini azaltmaq lazım gələcək.

- Belə bir məsəl var: “Xoşbəxtlik olmayacaqdı, bədbəxtlik dada yetişdi”. Koronavirus olmasaydı, neft hasil edən ölkələrin razılığa gələ biləcəyindən danışmaq olardımı? COVID-19 OPEK-i, neft bazarının iştirakçılarını oyatdı?

- Prinsipcə, bəli. Koronavirus, onun mənfi təsiri olmadan, hər şey uzun müddət davam edərdi, daha çətin olardı. Ancaq tərəflər bu və ya digər şəkildə danışıqlar masasına oturardılar. COVID-19 “neft müharibəsi”nin kəskin mərhələsinin müddətini azaltdı. Bəs bundan sonra nə olacaq? Bu, böyük sualdır. İstənilən halda, indi qiymətlərin stabilləşməsinin neft hasilatı və daşınmasının (Rusiyada, Azərbaycanda, Qazaxıstanda) maya dəyərini üstələyən səviyyədə olmasını birmənalı şəkildə müsbət qiymətləndirmək olar.

Mənbə: www.oxu.az