İqtisadi canlanmanın 4 yolu: “Pandemiyadan sonra bu addımlar çox vacibdir...” - Rəy

İqtisadi canlanmanın 4 yolu: “Pandemiyadan sonra bu addımlar çox vacibdir...” - Rəy

Bütün dövlətlər dünyanı cənginə almış koronavirusa qalib gəlmək üçün mübarizə tədbirlərini gücləndirib.

Həmin tədbirlər çərçivəsində sərhədlər bağlanıb, bu da mal və məhsulların mübadiləsinin zəifləməsinə səbəb olub. Pandemiyanın tüğyan etdiyi günlərdə iqtisadiyyatın zəifləməsi müşahidə olunur.

Maraqlıdır, postpandemiya dövründə iqtisadiyyatın bərpası üçün hansı addımlar atılmalıdır?

Cebhe.info-ya açıqlama verən “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı bildirib ki, karantindən sonra gömrük güzəştləri mütləq edilməlidir:

“Onsuz da bizdə gömrük rüsumları yüksəkdir. Hazırda bu rəqəm 40 faizə yaxındır. Rüsumlar aşağı salınmalı, sənədləşdirmə və digər prosedurlar sadələşdirilməlidir. Ölkədə qıtlıq yaranmaması üçün xarici ticarətə güzəştlər edilməlidir”.

Ekspert vergi islahatlarını da vacib sayıb:

“Vergi güzəştləri tətbiq edilməli, prosedur sadələşdirilməlidir, hazırda bu, çox mürəkkəbdir”.

İqtisadçı hesab edir ki, daxili istehsal da gücləndirilməlidir:

“İstehsala gəldikdə, ərzaq və qeyri-ərzaq gündəlik tələbat malları üzrə istehsalın təşviqi həyata keçirilməlidir. Yerli istehsal stimullaşdırılmalı, bəzi vacib məhsulların istehsalı üzrə ilk 1 ili vergi güzəştləri tətbiq edilməli, dövlət subsidiyaları artırılmalı, faizsiz kreditlər verilməlidir. Qısa müddətdə ərzaq məhsulları və vacib dərmanların istehsalı təşkil edilməlidir. Növbəti, daha güclü pandemiya və ya buna bənzər böhranlar baş versə bizim idxaldan asılılığımız olmalılıdır. Yəni, ölkəmiz belə hallara tam hazır olmalıdır”.

E. Bayramlının sözlərinə görə, proseslər göstərdi ki, neftə güvənmək olmaz, ümumiyyətlə “neft erası” tezliklə başa çatacaq:

“Qeyri-neft sektoruna ciddi investisiya qoyulmalıdır. Bunun üçün xarici fondlarda saxladığımız strareji ehtiyatların bir neçə milyardını cəlb etmək olar. Əlavə olaraq, maliyyə amnistiyasının tətbiqini vacib hesab edirəm. Bütün bunlar iqtisadiyyata güclü investisiya axınını təmin edə bilər və qısa müddətdə istehsal artar, iş yerləri çoxalar, dövlət büdcəsinin gəlirləri artar, idxaldan asılılıq azalar, sosial problemlər həll olunar”.

Tünzalə Rüstəm
Cebhe.info

Mənbə: cebhe.info