Deputatlar Elman Rüstəmovun fəaliyyətini müsbət qiymətləndirir – iki rəy

Deputatlar Elman Rüstəmovun fəaliyyətini müsbət qiymətləndirir – iki rəy

Milli Məclisin 9 aprel tarixli plenar iclasında Elman Rüstəmovun Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında məsələ müzakirəyə çıxarıldı və səsvermə ilə qəbul edildi.

Qeyd edək ki, sonuncu dəfə Milli Məclis Elman Rüstəmovu bu vəzifəyə 3 aprel 2015-ci il tarixində, 5 il müddətinə təsdiqləyib. 68 yaşlı E.Rüstəmov 25 ildir AMB-yə rəhbərlik edir.

Bəs deputatlar baş bankirə yenidən etimad göstərilməsinə necə yanaşır?

Ümumiyyətlə, onlar böhran dövrü üçün E.Rüstəmovun fəaliyyətini necə qiymətləndirlər və koronavirus pandemiyasının, neftin qiymətinin aşağı düşməsi səbəbindən ortaya çıxan böhranlı durumda ondan gözləntiləri nədir?

Deputat Əli Məsimli Musavat.com-a açıqlamasında bildirdi ki, koronavirus pandemiyasının yaratdığı fəsadlar nəticəsində hələ sonu görünməyən indiki situasiyanın reallıqlarından çıxış edərək yanaşsaq, belə böhranlı bir dövrdə, həm də xeyli dərəcədə çox həssas bir məqamda Mərkəzi Bank kimi strateji bir strukturda kadr dəyişikliyinin edilməyəcəyi gözlənilən və məntiqlidir: “Sualın böhran dövründə Mərkəzi Bank sədrinin fəaliyyəti tərəfinə gəldikdə isə, çoxdan gözlənilən və bizim də Milli Məclisdə qaldırdığımız bir məsələnin, yəni Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə Mərkəzi Bank rəhbəriliyinin gözlənilən görüşü zamanı və əlbəttə ki, belə bir görüş baş tutsa, çox konstruktiv dialoq ola bilər və sizin qaldırdığınz suala da o zaman detallı aydınlıq gələr. İndi isə yalnız hazırda yaranan böhranlı situasiyada Mərkəzi Bank və ümumiyyətlə, hökumətin iqtisadi blokundan gözləntilər barədə nəsə demək olar”.

Bununla belə, Ə.Məsimli əlavə etdi ki, bu il Mərkəzi Bank daxil, bütün iqtisadi blok üçün çox gərgin və təbi ki, həm də çətin olacaq: “Pandemiya xeyli aktual sualı bir qədər arxa plana itələsə də, neftin qiymətlərinin hazırkı aşağı səviyyədə uzun müddət qaldığı şəraitdə manat duruş gətirə biləcəkmi və duruş gətirə bilsə, nə qədər duruş gətirə biləcək? Bu, aktual suallardan birinə çevrilib. Manat “üzən məzənnə” rejimində olmadığına görə bu sual ətrafında mülahizə yürüdərkən Mərkəzi Bank və hökumətin davranışları həlledici rol oynayacaq. Hələlik görünən odur ki, Mərkəzi Bank hazırkı siyasətini davam etdirmək istəyir. “Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan strateji hədəfə uyğun olaraq 2017-ci ildən başlayaraq monetar siyasətin üzən məzənnə rejimi üzərində qurulacağı və 2020-ci ildə tam üzən məzənnə rejiminə keçiləcəyi elan edilmişdi. Bildirilmişdi ki, tam “üzən məzənnə”yə keçidlə bağlı işlər aparılır və tezliklə öz proqramımızı ictimaiyyətə elan edəcəyik. Amma proqram əvəzinə, keçən ilin oktyabrında elan edildi ki, “2020-ci ildə “tam üzən məzənnə” rejiminə keçməyimiz mümkün deyil. Bunu o zaman edə bilərik ki, inflyasiyanın hədəflənməsi rejiminə keçək”. Əslində 2020-ci ildə “üzən məzənnə” rejiminə keçilməyəcəyi elə 2016-cı ildə bu məsələnin Strateji Yol Xəritəsinə salındığı zaman xeyli dərəcədə məlum idi. Çünki tam “üzən məzənnə” rejiminə keçməyimiz üçün zəruri institutsional və digər əsaslar yoxdur və bu yöndə məqbul sayıla biləcək səviyyədə işlər görməklə yaradılmır”.

Deputat onu da bildirdi ki, Azərbaycanın bank sistemi xeyli dərəcədə “neft dövrü”nün modelinə uyğundur və yeni modelə, iqtisadi inkişafın yeni mərhələsinə keçidin məntiqinə uyğun olaraq əsaslı surətdə islah olunmalıdır: “Postneft dövrüdur, qeyri-adi bir şey baş verməsə, yaxın perspektivdə dünya bazarında neftin qiymətinin 2019-cu il səviyyəsinə qalxacağı ehtimalı demək olar ki, yoxdur. Koronavirus pandemiyası və onun ətrafında gedən proseslər, dünya düzənində gözlənilən dəyişiklər, idarəetmə sistemində çağırış və dəyişiliklər, amansız rəqabət şəraitinin yaranacağı, dünya maliyyə bazarının bundan sonrakı davranışları və meyllər hər bir ölkənin iqtisadi siyasətinə yeni çalalar gətirməklə, bizim blokun, o cümlədən Mərkəzi Bankın da qarşısına nəzərə alınması zəruri olacaq vəzifələr qoyur. Maliyyə-bank sistemində əsaslı islahatlar, bank sisteminin sağlamlaşdırılması, real iqtisadiyyata yaxınlaşdırılması, məqbul faiz dərəcələrinə nail olmağın işlək stimullaşdırma mexanizminin tətbiqi, qarşılıqlı etimadın təmin edilməsi ilə yanaşı, indi olmasa da, perspektivdə manatın ağrısız surətdə tam” üzən məzənnə”yə keçməsi üçün zəruri olan makroiqtisadi, struktur, institusional və sair xarakterli şərtlərin təmin edilməsinə, qiymətli kağızlar bazarının inkişafının sürətləndirilməsinə yönəlik fəaliyyətin gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir”.

Millət vəkili digər məsələyə də diqqət çəkdi: “Göründüyü kimi, bank sistemində bütün müsbət və mənfi məqamlara görə Mərkəzi Bankın məsuliyyəti hamıdan çox olsa da, manat, onun ətrafında gedəcək proseslər bütövlükdə hökumətin iqtisadi siyasətindən, Mərkəzi Bank daxil, iqtisadi blokun çevik və səmərəli fəaliyyətindən asılı olacaq. Valyuta ehtiyatları böyük, təhlükəsizlik yastığı kifayət qədər qalın olduğundan, Mərkəzi Bankın manevr etmək imkanlar da yetərincədir. Ona görə də güman etmək olar ki, bəşəriyyətin koronvirusla müharibəsinin davam etdiyi və dünyanın fərqlı şərtlər altında dizayn edilməyə başanıldığı çox ekstremal bir şəraitdə nə qədər çətin olsa da, iqtisadi siyasətin çevikliyini, uzlaşdırma səviyyəsini və səmərəliliyi artırmaqla koronavirus pandemiyasının yaratdığı fəsadları dəf edib yaranmış vəziyyətdən az itki ilə çıxa biləcəyik”.

Deputat Fazil Mustafa da bildirdi ki, Milli Bankın sədri kimi Elman Rüstəmovun təsdiq olunmasına səs verib: “Ona görə ki, Elman Rüstəmovu bu sahənin ən yetkin mütəxəssisi hesab edirəm. İndiki böhran durumunda bu cür kadrları dəyişməyin özü də risklidir. Elman Rüstəmov da indiki iqtidarın ən intellektual hazırlığa sahib kadrlarından biridir”.

Mənbə: cia.az