Sərnişinlər “28 May”dan “Dərnəgül” istiqamətinə bu yolla GEDƏ BİLƏCƏKLƏR – RƏSMİ

Sərnişinlər “28 May”dan “Dərnəgül” istiqamətinə bu yolla

"Cəfər Cabbarlı” və “Nizami" metro stansiyaları arasında təxminən 200 metr uzunluqda tunel tikiləcək. “Bakı Metropoliteni” QSC-nin məlumatına görə, bu, metrounun Qırmızı və Yaşıl xətlərin ayrılması çərçivəsində bu ilin son rübündə baş tutacaq.

Təmirin təxminən 6 ay çəkəcəyi bildirilib.

Məlumatdan sonra tunelin tikintisi ərəfəsində qatarların hərəkəti, sərnişinlərin mənzil başına hansı yolla çatması məsələsi cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

Sosial şəbəkələrdə “28 May” stansiyasının tamamilə bağlanacağı xəbəri də yayılmışdı.

Bəs məhdudiyyətlər nədən ibarət olacaq?

Tunelin tikintisi zamanı “Dərnəgül” - “Həzi Aslanov” xətti yalnız “Nizami” stansiyasına qədər fəaliyyət göstərəcək. Həmçinin “Həzi Aslanov” - “İçərişəhər” xətləri üzrə qatarlar “28 May” stansiyasında dayanmadan birbaşa “Sahil” stansiyasında dayanmaq şərtilə, sonuncu, yəni “İçərişəhər” stansiyasına gedəcəklər. Yəni bu xətdəki yeganə dəyşiklik qatarların “28 May” stansiyasında dayanmamasıdır.

Bakı Metropoliteninin "28 May" stansiyasından qatarların "Dərnəgül" istiqamətində hərəkətinə isə məhdudiyyət tətbiq ediləcək.

Bu da o deməkdir ki, “Həzi Aslanov” “Dərnəgül” istiqamətinə getmək istəyənlər yolun yarısında, yəni “28 May” stansiyasında düşüb, yola davam etmək üçün sərnişin avtobuslarından istifadə etməli olacaqlar. Əgər onların gedəcəyi ünvana birbaşa sərnişin avtobusu yoxdursa, onlar ikiqat pul xərcləməli olacaqlar.

Bəs bu sərnişinlərin digər metro stansiyalarına daşınması nəzərə alınacaqmı?

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib ki, bu istiqamətdə müvafiq işlər aparılacaq:

“Sərnişinin digər xəttə keçmək üçün “28 May” stansiyasından “Nizami”, yəni ümumən götürsək “Dərnəgül” istiqamətində qatarın hərəkəti məhdudlaşdırldıqda sərnişinlərin iki xətt (Yaşıl və Qırmızı xətt) arasında transferini təyin etmək üçün aidiyyatı qurumlarla iş aparılacaq. Bu barədə ictimaiyyətə məlumat veriləcək. Təmirə hələ 7 aya yaxın vaxt var. İndidən nəsə demək doğru deyil. Həmişə olduğu kimi, hər bir məsələ ictimaiyyətə vaxtında açıqlandığı kimi, bu barədə də çevik informasiya veriləcək”.

Qurum sözçüsü bildirib ki, “28 May” stansiyasına giriş-çıxış tam açıq olacaq:

“Həzi Aslanov” və “İçərişəhər” istiqamətindəki xətlərdə heç nə dəyişməyəcək. “28 May” stansiyası funksional fəaliyyətini davam etdirəcək. Sərnişinlər üçün stansiyaya giriş-çıxış tam açıq olacaq. Səhər saat 06:00-dan gecə saat 00:00-a qədər giriş açıq olacaq, hər hansı məhdudiyyət olmayacaq. Sadəcə, “28 May” stansiyasından “Dərnəgül” istiqamətində qatarlar hərəkət etməyəcək. Sərnişinlərin rahatlığı üçün də lazım olan tədbirlər görüləcək”.

Günay Şahmar

Mənbə: bizim.media