İqtisadçı: 600 manata qədər maaş alanlar vergidən azad edilsinlər

İqtisadçı: 600 manata qədər maaş alanlar vergidən azad edilsinlər

Bizimyol.info redaksiyasına şikayət daxil olub. Əsədov Kənan Mirzə oğlu bildiri ki, çalışdığı idarədən 700 manat maaş alır və bu maaşın 280 manatı karta köçürülmə ilə, qalanı nağd yolla veilir. Lakin pandemiya ilə əlaqədar böhran başlayandan bəri onlara işləmələrinə baxmayaraq maaşın elə karta köçürülən hissəsi verilib. Nağd hissənin adını çəkən yoxdur.

Kənan Əsədov bildirib ki, onun yaxın dostu Vergilər Nazirliyində çalışır və dostu da iddia edir ki, maaşları məhz bu qaydada yəni kart və paket şəklində təqdim olunur. Kənan Əsədovu əslində narahat edən məsləs bir başqadır. Bu gün kartına 280 manat maaş köçürsə o pensiyaya çıxanda aldığı maaşa uyğun yox az miqdarda pensiya almış olacaq. Bu məsələ Azərbaycanda işləyən əhalinin 90 faizini narahat edir desək yanılmarıq. “Bəs dövlət bu halları bilsə də niyə göz yumur? Dövlət maaşın az yazılmasında maraqlıdırmı? Məqsəd gələcəkdə əhalinin pensiya ödənişlərinin az olması, pensiya yükününün azaldılmasıdırmı?”,- deyə izləyicimiz sual edir.

Bu sualın cavabını iqtisadçılardan almağa çalışdıq. Spektr Araşdırma və İnkişaf Mərkəzinin İdarə Heyətinin Sədri Ramil Abbasov Bizimyol.info-ya verdiyi açıqlamada qeyd etdi ki, əslində dövlət maaşların şəffaf göstərilməsində maraqlıdır.

 

Ramil Abbasov

“Xeyr, vətəndaşın düşündüyünün əksinə dövlət istəyər ki, maaşlar tam rəsmi olsun. Buna görə də müəyyən işlər görülür. Misal üçün, pandemiya ilə bağlı yardım göstərildiyi üçün əmək müqavilələrinin sayı xeyli artdı. Düzdür deyə bilmərik ki, orda da işçinin əmək haqqının tam məbləği qeyd edildi. Ancaq məntiqi olaraq çox yardim almaq üçün güman ki, tam məbləğ qeyd olundu. Əslində göz yummur mənə görə. İşlər gedir və aşkara çıxarıldıqda da müvafiq tədbirlər görülür. Dövlət bu məsləyə göz yummur . İşlər gedir və aşkara çıxarıldıqda da müvafiq tədbirlər görülür. Sadəcə olaraq bunun hamısını birdən təyin edib və tam şəffaflaşdırmaq uzun çəkən prosesdir. Qanun çox məsələləri tənzimləyir. Lakin sahibkarlar özləri də buna maraqlı olmalıdır. Marağı isə dövlət yaradır”,- deyən Ramil Abbasov problemin həlli ilə bağlı təklif də səsləndirib:

“Dövlətin bu sahədə olan stimul verici hal kimi özəl və qeyri-neft sahələrində gəlir vergisinin ləğvi edilməsini misal göstərmək olar.Onu da vurğulayım ki, burada da müəyyən halları yığışdırmaq olar. Misal üçün, gəlirinin çox hissəsi neftdən gələn lakin neft sənayesi ilə əlaqəsi olmayan müəssislər də əvvəlki qayda ilə gəlir vergisi ödəyir. Yəni güzəşt aid edilmir. Bu aradan götürülsə əminəm ki, əmək müqavilələrinin rəsmi sayı artacaq. Çünki, iqtisadiyyatımızın lokomotivi olduğu üçün əksər sahələr neft şirkəti ilə işləyir”.

 

Qaşqay İsmayıl

İqtisadçı Qaşqay İsmayıl hesab edir ki,bu məsələdə dövlətin günahı sağlam iqtisadiyyat qura bilməməsidir. “Stimullaşmanı düzgün aparmır. İnzibati yolla belə probləmləri həll etmək mümkün deyil. stimullaşma olmalıdır. İndiki konkret halda maaş kartlarının az yazılmasının dovlətlə əlaqəsi demək olar ki, azdır. Daha çox işçinin özü bu cur istəyir. Əgər işçi özəl sahədə işləyirsə və 600 manat alarsa, onun DSMF-na ödənişi 46 manat və işsizlik üçün də 3 manat olacaq. İşçi maaşını az yazdırmaqla az vergi ödəmək istəyir. burda şirkətin də maragı var. Çünki həmin 600 manata görə şirkət DSMF-na 104 manat və işsizliyə 3 manat pul ödəyir. maaş az olanda işçidə şirkətdə az pul ödəyirlər.

Muzdlu işdə çalışanların uçota alınmaması, işçilərin kölgə iqtisadiyyatında çalışması kimi problemləri yalnız qanunvericiliyi dəyişmək yolu ilə tənzimləmək mümkündür.

Dövlət inzibati qaydada nəzarət tədbirlərini gücləndirməkdənsə bu sahədə qayda qanun yaradılmasını cəlbedici etməklə stimullaşdırma aparmalıdır.

Məsələn təklif edirəm ki, dövlət və ya özəl sahədə çalışmasından asılı olmayaraq bütün kateqoriyadan olan muzdlu işdə çalışanlar 600 manata qədər olan əmək haqqından vergi ödəməkdən azad edilsinlər və DSMF-na ayırmalar isə tam əmək haqqı məbləğindən 20 faiz olmaqla 10 faizi işçi tərəfindən, 10 faizi isə işəgötürən tərəfindən ödənilsin.

Bu halda həm vergi yükü azalar həm də tərəflər arasında məsuliyyət bərabər olduğuna görə hər iki tərəf uçotdan yayınmamaq üçün biri birinə nəzarət etmiş olarlar”,- deyə ekspert bildirib.

 

Saleh Məmmədov

İqtisadçı alim Saleh Məmmədov da az əmək haqqına görə verginin azaldılması təklif edir. O Bizimyol.info-ya verdiyi açıqlamada bildirib ki,dünya təcrübəsi kölgə iqtisadiyyatından çıxmaq üçün aşağıdakı 2 qanuna əməl edir.

Birincisi, bütünlüklə qeyri nağd hesablaşmalara keçilməlidir.İkincisi də hər ilin sonunda ölkənin əmək fəaliyyəti göstərən hər bir vətəndaşı vergi deklorasiyası təqdim etməlidir.

“Vergi deklorasiyası təqdim edərsə artıq məmur korrupsiya yolu ilə əldə etdii var dövləti sürücüsünün və ya yaxın qohumunun adına yazdıra bilməyəcək. Çünki həmin şəxslər də deklorasiya verəcəklər. Bu bəyannamədə onun xərcləri gəlirlərini üstələyəcəksə buna vergi ödəməli, həm də hansı yolla gəlir əldə etməsi barədə izahat verməlidir. O zaman daha 3000 manat alan nazir 3 0 milyon manatlıq villanın necə tikilməsini məhkəmə qarşısında izah etməli olacaq və bu məsuliyyət yaradacaq. Amma bütün bunlar birdən birə olmur. Azərbaycanda vergi yükü həddən artıq böyükdür, vergi yükü azaldılmalıdır, 500 manata qədər maaşı olan şəxslər vergidən azad edilməlidirlər. Vergi faizləri aşağı salınsa, vergi güzəştləri tətbiq ediləs heç kim maaşı gizlətmək məcburiyyətində qalmaz”,- deyə professor vurğulayıb.

Qeyd edək ki, ölkədə son 13 ildə təqaüdün verilmə qaydası dəfələrlə dəyişib. 2019-cu ildən "Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişiklilərə görə, 2006-cı ilin əvvəlindən, yəni fərdi uçot sistemi tətbiq olunandan sonra 2018-ci il iyulun 1-dək fərdi hesabında toplanan məbləğdən asılı olmayaraq pensiya kapitalı qeydə alınıbsa, 2006-cı ilədək 25 il sosial sığorta stajı hesablanır. Yəni əgər vətəndaşın ötən ilin ikinci yarısınadək fərdi hesabında hər hansı bir vəsait olubsa o 25 illik pensiya stajı ilə pensiyaya çıxır. Bu heç də bütün yaşlı insanlarımızın pensiya almasına imkan vermir.

İlhamə Rəsulova

Mənbə: www.bizimyol.info