Aİ-nin turizm nazirləri videokonfrans keçiriblər

Aİ-nin turizm nazirləri videokonfrans keçiriblər

Brüssel, 23 may, AZƏRTAC

Avropa İttifaqına üzv olan dövlətlərin turizm nazirləri arasında keçirilən videokonfransda iştirakçılar sərhədlərin açılması ilə bağlı əsas məsələləri müzakirə ediblər.

AZƏRTAC xəbər verir ki, videokonfransda Aİ-yə sədrlik edən Xorvatiyanın turizm naziri Harri Kapeli turizm sektorunun fəaliyyətinin tezliklə bərpa olunması üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

Videokonfransda Avropa iqtisadiyyatının əsas sahələrindən biri olan turizmin koronavirus böhranından ən çox zərər çəkmiş sahələrdən biri olması qeyd edilib.

Tədbirin bir aydan az müddət ərzində keçirilmiş ikinci videokonfrans olduğunu deyən Harri Kapeli Avropanın turizm sektorunun sürətlə və tam bərpası üçün mümkün olan hər şeyi etmək istəyini ifadə edib və turistlərin və yerli icmaların təhlükəsizliyi istiqamətində qətiyyətli addımlar atacağını söyləyib.

Videokonfransda turizm sektorunun fəaliyyətinin bərpa olunması məqsədilə Aİ ölkələri arasında əməkdaşlığın möhkəmləndirilməsi, sakinləri koronavirusdan sağalmış və hazırda koronovirus daşıyıcıları olanlardan, ayrı-seçkilik təzahürlərindən, həmçinin xarici turistlərin mümkün yoluxmalardan qorunmasının tam təmin olunması məqsədəuyğun sayılıb. Nazirlər belə qənaətə gəliblər ki, aviadaşımalar və ləğv olunmuş reyslərə görə müştərilərə ödənişlərin qaytarılması ilə bağlı qaydalarını fərdi şəkildə ölkələr özləri təyin etməlidir.

Avropa Komissiyası artıq turistlər üçün interaktiv platformanın yaradılması üzərində işləyir. Bu platformada hər bir ölkə qüvvədə olan qaydalarla tanış ola biləcək.

Vüqar Seidov

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

Mənbə: azertag.az