Melek Çakmak: FAO və Azərbaycan ekologiya sahəsində uğurla əməkdaşlıq edir

Melek Çakmak: FAO və Azərbaycan ekologiya sahəsində uğurla əməkdaşlıq edir

Bakı. Fidan Babayeva - Trend:

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Azərbaycan arasında Tərəfdaşlıq proqramı çərçivəsində 2019-cu ildə ekologiya və təbii ehtiyatlar sahəsində 6 iri layihənin reallaşdırılması uğurla davam edib.

Bunu Trend-ə FAO-nun tərəfdaşlıq və koordinasiya ofisinin rəhbəri Melek Çakmak deyib.

O bildirib ki, FAO ilə Azərbaycan arasında 2016-cı ildə imzalanmış və 2020-ci ilin sonuna kimi nəzərdə tutulmuş Tərəfdaşlıq proqramı çərçivəsində layihələrin reallaşdırılması davam edəcək:

“Hazırda ofisimiz üç əsas proqram üzrə müxtəlif layihələr reallaşdırır. Meşəçilik, iqlim dəyişikliyi və balıqçılıqla bağlı təbii ehtiyatların idarə olunması proqramı çərçivəsində uğurlu nəticələr əldə edilib”.

M.Çakmak bildirib ki, FAO Ekologiya və Təbii Sərvətlər Nazirliyinin cari islahatlarını, eləcə də Qlobal Ekologiya Fondu və FAO, Türkiyə Kənd Təsərrüfatı və Kənd İşləri Nazirliyi, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin üçtərəfli əməkdaşlığının vəsaiti hesabına meşələrin təkrar qeydiyyatı və idarə olunması üzrə planların hazırlanmasını dəstəkləyir:

“Digər tərəfdən, 2019-cu ildə biz Avropa İttifaqı tərəfindən maliyyələşdirilən iki iri layihənin reallaşdırılmasına başlamışıq. Bu layihələrin əsas məqsədi ölkədə kənd təsərrüfatında məsləhət xidməti sisteminin formalaşdırılması, eləcə də yerli məhsulun dayanıqlı istehsalının təmin olunmasıdır”.

Mənbə: az.trend.az