Neftçalada taxıl biçininə hazırlıq işləri başa çatıb

Neftçala, 23 may, Mahir Babayev, AZƏRTAC

Neftçalada taxılçılıq aparıcı təsərrüfat sahələrindən biridir. Bu sahənin inkişafı ilə bağlı dövlətin torpaq mülkiyyətçilərinə verdiyi əlavə subsidiyalar, aparılan meliorativ tədbirlər, yeni torpaq sahələrinin dövriyyəyə qatılması rayonda taxılçılığın ilbəil genişlənməsinə səbəb olub.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, ötən il rayonda 39 min 386 hektar taxıl sahəsindən 12 min 231 ton məhsul götürülüb. Bunun da 86 min 361 tonu arpa, 25 min 870 tonu isə buğda olub. Rayon taxılçıları cari ilin məhsulu üçün də möhkəm təməl yaradıblar. Torpaq mülkiyyətçiləri ötən ilin payızında 43 min 66 hektar taxıl əkiblər ki, bunun da 6 min 354 hektarı buğda, 36 min 712 hektarı isə taxıl sahəsidir.

Havaların təsərrüfat işləri üçün əlverişli keçməsindən istifadə edən neftçalalı taxılçılar bu il sahələrdə bol məhsul yetişdiriblər. Yetişmiş məhsulu qısa müddətdə toplamaq üçün artıq rayonda biçinə hazırlıq işləri başa çatdırılıb. Sahələrə çıxarılacaq 60-dan çox kombayn texniki baxışdan keçirilib, aşkar olunan nasazlıqlar aradan qaldırılıb. Həmçinin məhsul yığımı üçün lazım olan 150 maşın-mexanizm və 60 ədəd press bağlayan də hazır vəziyyətə gətirilib. Biçin vaxtı ətraf rayonlardan əlavə daha 40 kombaynın gətirilməsi nəzərdə tutulub. Məhsulun yığılması, daşınması və saxlanması dövründə yanğının baş verməməsi üçün təsərrüfatlarda lazımi təhlükəsizlik tədbirləri görülüb, maarifləndirmə işi aparılıb, təsərrüfat rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Yaxın günlərdə rayonda biçin kampaniyasına start veriləcək.

Mütəxəssislərin dediyinə görə, bu il sahələrdən ötən ildəkindən də çox məhsul götürmək mümkün olacaq.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Bugünkü oyunları göstərəcək kanalların – Siyahısı

SONRAKI XƏBƏR

Bakıda dəhşət: Daha bir qadının boğazı kəsildi