“Əməkhaqqı fonduna və işsiz vətəndaşlara iyunda da yardım edilməlidir” - TƏKLİF

“Əməkhaqqı fonduna və işsiz vətəndaşlara iyunda da yardım edilməlidir” - TƏKLİF

Koronavirus pandemiyasından əziyyət çəkən əksər ölkələrdə iqtisadiyyata dəstək tədbirlərinə külli miqdarda vəsait sərf olunur. Ölkələr ilk növbədə zərərçəkən sahibkarların mövcud iş yerlərini ixtisar etməsinin qarşısını almağa çalışırlar. Bu məqsədlə sahibkarlara əməkhaqqı fonduna hesablanmış birbaşa yardımlar edilir. Bundan əlavə, tətbiq olunan qadağalardan ciddi zərərçəkən müəssisələrə postpandemiya dövrü üçün vergi və digər ödənişlər üzrə də uzunmüddətli dəstək tədbirləri hazırlanır.
Mart ayından başlanan dövlət yardım proqramları bir çox ölıkələrdə iyun-iyul aylarına qədər uzadılır. Məsələn, İtaliyada, Almaniyada dövlət dəstək proqramları avqusta qədər hesablanıb. Yaponiya şirkət və vətəndaşlara yardımların müddətini avqustun axırınadək uzadıb. ABŞ-da iyulun əvvəlində bitən ikinci dəstək paketindən sonra yenisinin də qəbul olunması gündəmdədir. Ölkənin maliyyə naziri Stiven Mnuçin pandemiyanın təsirlərindən çıxmaq üçün 3-cü paketin qəbul olunacağını istisna etmir.
Qeyd edək ki, Azərbaycanda da koronavirus infeksiyasının qarşısının alınmasına yönəlmiş sərt karantin tədbirləri mart ayından tətbiq olunmağa başlayıb. Mayın ortalarından etibarən tədbirlər bir qədər yumşaldılıb, qadağaların bir çoxu götürülsə də, iqtisadiyyatın pandemiyadan əvvəlki aktivliyi hələ heç 30 faiz belə bərpa olunmayıb.
Azərbaycan hökuməti həm sahibkarlar, həm də vətəndaşlara yönəlik dəstək proqramları həyata keçirir. Belə ki, Maliyyə Nazirliyinin açıqladığı məlumata görə, “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” ölkə prezidentinin 19 mart tarixli sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq nəzərdə tutulmuş sahələr üzrə dövlət büdcəsindən maliyyə vəsaitlərinin ayrılması davam etdirilir. 19 may 2020-ci il tarixinə 2020-ci il dövlət büdcəsinin xərclərində koronavirus pandemiyası ilə bağlı nəzərdə tutulmuş vəsaitdən müxtəlif sahələri əhatə etməklə, 533 milyon 257 min manat ayrılaraq maliyyələşməsi təmin olunub.
O cümlədən pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqlarının ödənilməsi üçün dövlət büdcəsindən 69 milyon 119 min manat, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üçün 55 milyon 637 min manat vəsaitin ayrılması icra olunub. Sahibkarlığın İnkişafı Fonduna sahibkarlıq subyektlərinə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması məqsədilə 35 milyon manat ödənilib. Ümumilikdə, qeyd edilən istiqamətlər üzrə İqtisadiyyat Nazirliyinin sifarişləri əsasında 159 milyon 757 min manat həcmində vəsait ödənilib.
Nazirlik bildirir ki, koronavirus pandemiyası səbəbindən bütün uçuşların dayandırılması və hava yolları şirkətlərinin gəlirlərinin böyük ölçüdə azalması ilə əlaqədar dünyanın istisnasız olaraq bütün aviaşirkətləri kimi “Azərbaycan Hava Yolları” (AZAL) da böyük zərərlə qarşılaşıb. Buna görə də AZAL-a 86,9 milyon manat köçürülüb. Dövlət büdcəsindən ayrılan maliyyə dəstəyi ilk növbədə AZAL-da və onun tabeli təşkilatlarında çalışan işçilərin əməkhaqları və ona bərabər tutulan ödənişlərə, xarici və daxili qurumlar qarşısında olan kreditor borclara, kommunal və bir sıra digər minimal əməliyyat xərclərinin ödənilməsinə yönəldilib.
Sərnişindaşıma sahələrindən biri olan “Bakı Metropoliteni” QSC-yə isə dövlət büdcəsindən 2,6 milyon manat ilkin maliyyə dəstəyi göstərilib.
Tədbirlər Planında nəzərdə tutulduğu kimi, İpoteka və Kredit Zəmanət Fonduna güzəştli ipoteka kreditlərinin verilməsi məqsədilə 40 milyon manat vəsait köçürülüb.
Birbaşa zərərçəkən vətəndaşlara yönəlik tədbirlərə gəlincə, Maliyyə Nazirliyindən bildirildiyinə görə, Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan 600 min şəxsə, iki ay ərzində, hər ay 190 manat birdəfəlik ödəmənin verilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 229 milyon manat vəsaitin köçürülməsi başa çatdırılıb, həmçinin işsizlərin müvəqqəti məşğulluğunun təmin edilməsi məqsədilə 15 milyon manat vəsait ayrılıb.
Azərbaycanda bütün bu tədbirlər aprel-may ayları üçün nəzərdə tutulub. Bu günlərdə söhbətləşdiyimiz bir çox sahibkarlar əməkhaqqı fonduna yardım davam etməyəcəyi təqdirdə, iyun ayından işçi sayını kəskin azaldacaqlarını bildirirlər. Onlar fəaliyyətlərinin cüzi bir hissəsinin bərpa olunduğunu, bu şəraitdə işçiləri saxlayıb əməkhaqqı ödəmək imkanlarının olmadığını bildirirlər. Nəzərə alsaq ki, toy-yas mərasimlərinə, turizm obyektlərinə, şəhərlərarası sərnişindaşımaya qoyulan məhdudiyyətlər davam edir, ictimai iaşə müəssisələrinin fəaliyyətini qismən icazə verilir, bu halda sahibkarların mövqeyinin haqlı olduğunu görə bilərik. Belə bir şəraitdə Azərbaycanda sahibkarlara və vətəndaşlara yönəlik birbaşa yardım proqramlarının müddətinin uzadılması, yaxud yeni proqramın qəbul olunması nə qədər zəruri və realdır?
İqtisadçı-ekspert Pərviz Heydərovun sözlərinə görə, Prezidentin 19 mart sərəncamında pandemiyadan zərərçəkənlər üçün büdcədən 1 milyard manat ayrılması nəzərdə tutulub: “Mexanizmlər dəqiqləşəndən sonra bu məbləğin 2,5 milyard manata çatdırıldığı deyildi. Maliyyə Nazirliyinin açıqladığı məlumatda isə indiyədək bu məbləğin cəmi 533 milyon manatından istifadə olunduğu qeyd edilib. Bu isə o deməkdir ki, tədbirlər davam etdiriləcək və həm sahibkarlar, həm vətəndaşlar dövlətdən dəstək alacaqlar. Reallıqda da bu, çox zəruridir. Bizim hələ pandemiya şəraitindən çıxıb, post-pandemiya dövrünə qədəm qoymuşuq. Postpandemiya dövrü üçün nəzərdə tutulan vergi güzəştlərinin də tətbiqinə hələ başlanmayıb. Bu baxımdan, pandemiya ilə bağlı Azərbaycan dövlətinin nə qədər vəsait xərcləyəcəyini indidən söyləmək mümkün deyil”.
Ekspertə görə, hələ karantin rejimi tam aradan qaldırılmadığı üçün dövlət yardımının da davam etdirilməsi çox vacibdir: “Bir şeyi deyim ki, postpandemiya dövründə iş yerlərinin ixtisarı qaçılmazdır. Bunu dünyanın bütün dövlətlərində gözləyirlər. Çünki postpandemiya dövrü tamam fərqli prinsiplər formalaşdıracaq. Azərbaycana gəlincə, hesab edirəm ki, həm işsiz vətəndaşlara verilən 190 manatın, həm də sahibkarlara əməkhaqqına verilən dəstək ən azı iyun ayının sonunadək davam etdirilməlidir. Hətta bu şəraitdə belə sahibkarların öz xərclərini azaltmaq üçün işçi sayını azaltmaları gözləniləndir. Başqa cür mümkün deyil, etməsələr, onda gərək bütün müəssisəni bağlasınlar. Buna görə də dövlət dəstəyinin davam etdirilməsi çox vacibdir, bunun üçün dövlətin imkanları da var”.
İqtisadçı-ekspert Natiq Cəfərli isə hesab edir ki, hökumət təcili iqtisadiyyata və sahibkarlara yeni dəstək proqramı hazırlamalıdır: “Bir çox ölkələrdə pandemiya dövründə iqtisadiyyata yardım paketi ilə iqtisadiyyatın pandemiyanın təsirlərindən çıxartmaq - çarxları hərəkətə gətirmək üçün dəstək paketini eyni vaxtda qəbul ediblər. Bizdə, hələ ki, ikinci paket hazırlanmayıb, təəssüflər olsun ki, heç müzakirəsi də getmir. Pandemiya dövrünü əhatə edən paket pis-yaxşı hazırlandı və həyata keçirildi. İndi növbəti paket olmalıdır - iqtisadiyyatı karantindən çıxma mərhələsində dəstəkləyən, sürətli bərpanı təmin edəcək paket. Azərbaycanda daha bir paket postpandemiya dövrü üçün hazırlanıb - vergi güzəştləri, kredit faizlərinin ödənişinə dəstək və sair. Amma aralıq mərhələdə zəruri olan dəstəklə bağlı heç bir addım atılmır. Halbuki artıq biz bu aralıq mərhələyə daxil oluruq - karantin tədbirləri, qadağalar yumşaldılır”.
İqtisadçı bildirir ki, yeni proqram yumşaq karantin rejimində iqtisadiyyatın fəaliyyətini aktivləşdirməyə yönəlməlidir: “Hazırda yarımçıq işləyən, yaxud heç işləməyən sahələr var. Eyni zamanda insanların davranışları dəyişib - restoranlar, kafelər saat 6-dək açıqdır, amma gəlin görək, onlara gedənlər nə qədər çoxdur? Dövlət belə müəssisələrə ”fəaliyyətinə icazə verdim, get, işlə, qazan" deyə bilməz. Çünki onlar fəaliyyətlərini tam qura bilmirlər, istəsələr belə. Sahibkara zəruri dəstəyi vermədən “işçiləri işdən çıxartma” demək olmaz. Ümumiyyətlə, hələ də Azərbaycanda ayrı-ayrı sahələrin pandemiyadan nə qədər zərər çəkdiyinə dair hesablama aparılıb, nəticələr açıqlanmayıb. Belə bir hesablama olarsa, hansı sahədə sahibkarların nə qədər itkiyə məruz qaldığını aydın görmək olmaz. Aydın məsələdir ki, dövlət bu itkinin hamısını kompensasiya edə bilməz, heç bir ölkədə bunu etmirlər. Sadəcə, dövlət müəssisələrin, sahibkarların toparlanması, fəaliyyətini postpandemiya dövrünün yeni şərtlərinə uyğunlaşdırması üçün onlara mütləq dəstək verməlidir. Bu gün dünyada tətbiq olunan dəstək paketlərə baxdıqda görürük ki, əsas yardım məhz postpandemiya dövrünə hazırlıq üçün ayrılır - iqtisadiyyatın çarxlarını hərəkətə gətirmək üçün. Bizdə isə bu sahədə nəinki dəstək proqramı hazırlanmır, heç müzakirə də aparılmır".
N.Cəfərlinin sözlərinə görə, hazırlanacaq proqram Azərbaycan dövlətinin maliyyə imkanlarına uyğun olmalıdır: “Açığı, dövlətin maliyyə imkanları da bəlli bir həddə qədərdir. Dövlət Neft Fonduna güvənir hamı, o da, obrazlı desək, sonu çatacaq bir divardır. Bu baxımdan, çox böyük vəsaitlərin necə gəldi ayrılması da düzgün olmazdı. Hökumət dərindən düşünülmüş, bütün sahələr üzrə zərərləri bilərək və onların vəziyyətdən çıxmasına zəruri olan vəsaitləri dəqiq hesablamaqla bir proqram hazırlamalıdır. Hazırkı proqramların uzadılmasına ehtiyac yoxdur. Yeni və iqtisadiyyatı hərəkətə gətirəcək bir paketə ehtiyac var. Bura faizsiz kreditlər, kiçik və orta sahibkarlığın dəstəklənməsi, yeni iş yerlərinin açılmasına yönəlik yeni ideyaların dəstəklənməsi və sair tədbirlər daxil edilməlidir. Məsələn, Almaniyada yeni ideyaların dəstəklənməsi üçün xüsusi bir vəsait ayrıldı. Öz ideyasını həyata keçirmək istəyən şəxslərin banklardan aldığı kreditlərə görə dövlət həmin banklara dəstək verir. Yəni postpandemiya dövrünün özəllikləri nəzərə alınmalıdır”.
“Yeni Müsavat”

Mənbə: www.dia.az