Azərbaycanda elektron kənd təsərrüfatı sisteminin təkmilləşməsi üçün addımlar – Prezidentin beynəlxalq müstəvidə yeni təşəbbüsləri…

Azərbaycanda elektron kənd təsərrüfatı sisteminin təkmilləşməsi üçün addımlar – Prezidentin beynəlxalq müstəvidə yeni təşəbbüsləri…

Nicat Nəsirli: “Yeni qaydalar fermerlərin subsidiyalara əlçatanlığını daha da yaxşılaşdırır”

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Signify” şirkətinin baş icraçı direktoru Erik Rondolat, MDB üzrə baş meneceri Erik Benedetti və “Signify” rəhbərliyinin nümayəndələri ilə videokonfrans formatında görüşü keçirilib.

Prezident görüş zamanı bir sıra məsələlərə toxunub. O cümlədən, qeyd edib ki, elektron kənd təsərrüfatı sistemi həyata keçirilir: “Bu sahədə aparılan islahatlar sayəsində biz daha çox gəncin kənd təsərrüfatı üzrə mütəxəssis olmaq istədiyini və Aqrar Universitetdə bu peşəni seçmək istəyən gənclərin sayının artdığını görürük. Biz yeni elektron kənd təsərrüfatı sistemini həyata keçiririk. Bu, artıq bizə həyatımızın və iqtisadiyyatımızın mühüm sahəsinin səmərəliliyini artırmağa çox kömək edir. Çünki ölkə əhalisinin, demək olar ki, 50 faizi kənd yerlərində yaşayır. Beləliklə, əminəm ki, bu, bizim birgə həyata keçirə biləcəyimiz çox mühüm yeni layihə ola bilər. Ümumilikdə, Azərbaycan yeni texnologiyalara, innovasiyalara hazırdır. Biz artıq bunun üçün əhəmiyyətli insan kapitalı yaratmışıq və bizim dövlət xidmətləri, sosial xidmətlərlə bağlı texnologiyalarımız bu gün bəzi başqa ölkələr tərəfindən istifadə olunur. Ona görə də biz yeni texnologiyalara tam açığıq, çünki onlar yeni miqyasa, dinamizmə, tərəqqiyə, iş yerlərinə və rifaha gətirib çıxarır".

Elektron kənd təsərrüfatı sisteminin əhəmiyyəti barəsində danışan kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli qeyd etdi ki, subsidiya mexanizminin kənd təsərrüfatının inkişaf məqsədlərinə çevik şəkildə uyğunlaşdırılması məqsədilə Aqrar Subsidiya Şurası yaradılıb: “Məlumdur ki, cari ildə yanvarın 1-dən etibarən subsidiyalar Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) vasitəsilə verilir. Qeyd edim ki, bu sistemdə qeydiyyatdan keçməyən fermerlər subsidiya ala bilmirlər. Hesab edirəm ki, yeni qaydalar fermerlərin subsidiyalara əlçatanlığını daha da yaxşılaşdırır və yaxşılaşdıracaq, zaman itkisinin qarşısını alacaq. Fermerlər mobil telefonlar, planşetlər və masaüstü kompyuterlər vasitəsilə EKTİS-də yaratdığı şəxsi kabinetə daxil olaraq, heç bir idarəyə getmədən subsidiya almaq üçün müraciət etmək imkanı əldə edir. Həmçinin, qeydiyyatdan keçən fermerlərdən subsidiya ala bilmələri üçün əlavə sənəd tələb olunmur. Bu ildən subsidiyalar fərqli mexanizmlə hesablanır. Belə ki, əkin subsidiyası fermerlərə bitkilərin becərilməsi üçün istifadə etdikləri kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək üçün bitki becərilən sahənin hər hektarına görə verilən subsidiyadır. Məhsul subsidiyası isə tədarükçülərə təhvil verilən bitkiçilik məhsulunun hər tonuna görə əkin subsidiyasına əlavə olaraq verilən subsidiyadır. Fermerlər əkin subsidiyasının bir hissəsini birbaşa nağdlaşdıra bilər, yerdə qalan vəsaiti isə nağdlaşdırmadan, sadəcə, gübrə, pestisid və toxum alışı üçün EKTİS-də qeydiyyatdan keçən tədarükçülərdən aldığı zaman hesabdan-hesaba köçürəcək. Gələcəkdə məhsul subsidiyasının məhsuldarlığa uyğun olaraq artırılması nəzərdə tutulur. Yeni qayda bitkiçilik sahəsində fermerlərə dövlət vəsaiti hesabına yanacaq və motor yağlarına, buğda və çəltik əkininə, təkrar əkinlərə görə və mineral gübrələrin, biohumusun və pestisidlərin güzəştli qiymətə alınması ilə bağlı birbaşa və dolayı subsidiyaların birləşdirilərək əkin subsidiyası formasında verilməsini nəzərdə tutur. Əkin subsidiyası fermerlərin əkin sahələrinin becərilməsində istifadə etdikləri mineral gübrə, biohumus, sertifikatlı toxum və ting, pestisid alınmasına sərf etdikləri xərclərin bir hissəsini kompensasiya edəcək. Bitkiçilik sahəsinin subsidiyalaşdırılmasında baza məbləği 200 manat müəyyən edilib. Bu baza məbləğinə fərqli əmsallar tətbiq olunacaq. Fərqli əmsallar bitkiçilik məhsullarının əkiləcəyi yerlər üzrə konkret məbləğin müəyyənləşdirilməsi üçün istifadə olunacaq. Baza məbləğində fərqli əmsalların tətbiqi tələbata uyğun bitkilərin düzgün ərazilərdə becərilməsi və bu istiqamətdə fermerlərin fəaliyyətinin stimullaşdırılması məqsədi daşıyır”.

Günel CƏLİLOVA

Mənbə: www.baki-xeber.com