Koronavirus 102 illik şirkəti çökdürdü

Koronavirus 102 illik şirkəti çökdürdü

ABŞ-ın ən məşhur şirkətlərindən biri, dünyanın 150 ölkəsində avtomobil kirayəsi servisi olan 102 illik nəhəng "Hertz" şirkəti koronavirus bəlası qarşısında duruş gətirə bilmədiyinə görə müflis olduğunu elan edib.

Moderator.az xəbər verir ki, bununla bağlı şirkət bəyanat yayıb. Bəyanatda deyilir ki, mart ayından 20 min əməkdaş ixtisar edilib. Amma bu da vəziyyəti dəyişməyib. Ona görə də "Hertz Global Holdings" tamamilə iflasa uğradığı barədə lazımi orqanlara, məhkəməyə müraciət etməli olub.

İldə təxminən 30 milyard dollar gəlir əldə edən "Hertz"in rəhbərliyi holdinqin bu vəziyyətə düşməsini "qəfil və dramatik tale" adlandırıb. Rəhbərlik bildirib ki, iflasın yeganə səbəbi koronavirus pandemiyasıdır. Ötən aydan gəlirlərin minimuma enməsi, avtomobil kirayəsi üzrə bronların gözlənilmədən ləğv edilməsi, nəticədə şirkətin 17 milyard dollar borca düşməsi, hazırda cəmi 1 milyard dollar civarında nağd pula malik olması "Hertz"i müflis olduğunu elan etmək məcburiyyətində qoyub.

Lakin şirkət hələlik müştərilərinə xidmət göstərəcək. "Hertz" rəhbərliyi ABŞ-dakı, Kanadadakı servisləri ilə müqayisədə Avstraliyada, Avropada, Yeni Zelandiyada işlərinin hələ ki, qənaətbəxş olduğunu bildirir.

Qeyd edək ki, "Hertz" 1918-ci ildə ABŞ-ın Çikaqo şəhərində təsis edilib. "Hertz" dünyada ilk avtomobil avtomobil kirayəsi şirkətidir.

Mənbə: moderator.az