"Yeni nəqliyyat dəhlizləri Azərbaycanın regiondakı statusunu artırır"-RƏY

"Yeni nəqliyyat dəhlizləri Azərbaycanın regiondakı statusunu artırır"-RƏY

Azərbaycan, Rusiya və İranın iştirakı ilə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin qurulması postpandemiya dövrünün ən perspektivli layihələrindən birinə çevrilə bilər. Nəzərə almaq lazımdır ki, bu lahiyə geoiqtisadi baxımından Avropanı Asiya ilə birləşdirən, o cümlədən "Yeni İpək Yolu" və Çinin təşəbbüskar olduğu "Bir kəmər, bir yol" layihələrinin reallaşdırılması, geosiyasi baxımından isə Qara dəniz – Xəzər dənizi bölgəsindəki yeni təhlükəsizlik sisteminin bərqərar edilməsi kontekstində böyük maraq doğurur.

Ümumiyyətlə, "Şimal-Cənub" dəhlizi layihəsi Avrasiyada inteqrasiya proseslərinin sütünlarından biri kimi özünü təsdiq etmək perspektivinə malikdir. Azərbaycan üçün isə bu, əlavə olaraq Cənubi Qafqazda lider dövlət statusunda möhkəmlənmək imkanı yaradacaqdır.

Bununla bağlı Sonxeber.az-a danışan politoloq Elxan Şahinoğlu sözügedən layihənin bölgə və Avrasiyanın əsas nəqliyyat dəhlizlərindən birinə çevrildiyini bildirib:

"Qərb istiqamətində nəqliyyat dəhlizləri var ki, bunlar Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars dəmir yolu xəttidir. Bu xətlərin işə düşməsilə artıq Çindən gələn mallar Ələt limanı üzərindən Azərbaycandan Avropaya daşınır. Üstəgəl qeyd edim ki, Şimal-Cənub nəqliyyat dəhlizi haqqında uzun müddətdir ki danışılır. Bu danışıqlar pandemiya dövrü ilə əlaqəli bir az arxa plana keçib, amma inşaat işləri dayanmayıb. Qısa məsafədə İran ərazisinə dəmir yolu xətti də çəkilməli idi. Həmin xətt çəkiləndən sonra qeyd etdiyimiz layihə tam olaraq işə düşəcək və bununla da Azərbaycanın regionda statusu artacaqdır".

Şəlalə Babayeva

Mənbə: sonxeber.az