Manatın növbəti xilas yolu... - “Bir müddət bu çətinliyə dözərək…”

Manatın növbəti xilas yolu... - “Bir müddət bu çətinliyə dözərək…”

"Qazprombank"-ın analitikləri bildirib ki, may ayında Azərbaycanda valyuta hərraclarında xarici valyutanın satış həcmi aprel göstəricisindən çox olmayacaq.
Hesab edilir ki, Azərbaycan neftin qiymətinin aşağı olması şəraitində milli valyutanın dəstəklənməsi üçün kifayət qədər ehtiyata malikdir. Azərbaycan MDB dövlətləri arasında beynəlxalq ehtiyatlarla ən çox təmin olunmuş ölkələrdən biri olaraq qalır.
Mayın 1-nə Fondun aktivləri nəzərə alınmaqla qızıl-valyuta ehtiyatları 47 milyard dollardan çox qiymətləndirilir və ÜDM-nin 100%-nə yaxındır (54 aylıq idxalı təmin edir).
Bu ehtiyatlar post-pandemiya dövründə manatı ucuzlaşma təhlükəsindən qoruya biləcək qədər yetərlidirmi?
İqtisadçı ekspert Natiq Cəfərli “Cümhuriyət”- ə açıqlamasında deyib ki, sözügedən ehtiyat uzunmüddətli olaraq manatın məzənnəsini sabit saxlaya bilməyəcək:
“Bu hökumətin öz strategiyasından asılı olacaq. Yəni hansı yolu tutmasından asılı olacaq. Mövcud ehtiyat manatın məzənnəsini indiki qaydada bir xeyli sabit saxlamağa imkan verəcək. Amma başqa ölkələr də var ki, milli valyutaları dəyərdən düşdü. Onların qızıl- valyuta ehtiyatları bizdən də çox idi. Məsələn, elə Rusiyanın özünün çox qızıl- valyuta ehtiyatları kifayət qədərdir. Amma pandemiya başlayandan və neft qiymətləri düşəndən bəri rubl 11% dəyərdən düşüb. Yəni əvvəl 62 rubl 1 dollar idi. İndisə 72 rubl 1 dollardır. Göründüyü kimi, rubl kifayət qədər dəyərdən düşüb. Rusiya da öz ehtiyatlarından istifadə edib rublun məzənnəsini sabit saxlaya bilərdi. Amma məqsəd yalnız hansısa milli valyutanın məzənnəsini sabit saxlamaq deyil, həm də onun iqtisadiyyata yararlılığı məsələsidir. Yəni məzənnənin sabit qalması, yoxsa ixracatçılara dəstək olmaq, dünya bazarına rəqabətli çıxış imkanları yaratmaq üçün milli valyutanın nisbətən dəyərdən düşməsimi yaxşıdır?
Bu dövlətin cavab verəcəyi strateji bir sualdır. Yəni indiki halda, təbii ki, ehtiyatlardan istifadə edib məzənnəni sabit saxlamaq olar. Amma biz bir dəfə bu yolu keçmişik və səhv olduğunu görmüşük.
2014-ci ildə neft qiymətləri düşməyə başlayanda Azərbaycan Mərkəzi Bankının 15.8 milyard dollar ehtiyatı var idi. Bu neft fondundan kənar Mərkəzi Bankın öz ehtiyatları idi. O zaman manatın məzənnəsini 0.78 qəpikdə saxlamaq üçün Mərkəzi bank 1 il 2 ay israr etdi. Nəticədə isə 10.5 milyard dolları boş yerə xərclədi. Sonda isə 2 dəfə devalvasiyaya getməyə məcbur qaldı. Bu yolu bir dəfə keçib gördük ki, doğru deyil. Ona görə də hökumət və Mərkəzi Bank məzənnə ilə bağlı strateji qərar verməlidir. Bizdə məzənnəni bazar müəyyən etmir. Çünki bizdə bazar institutları yoxdur, məzənnə inzibati yolla tənzimlənir. Hətta Mərkəzi Bank bunu özü də sonradan etiraf etdi. Halbuki 2016-cı ilin əvvəllərinə qədər israr edirdi ki, bizdə üzən məzənnədir. İndi də mövcud ehtiyatlar hesabına manatın məzənnəsini sabit saxlamaq olar, amma bu ölkəyə lazımdırmı? Yəni ölkə bundan nə qazanıb, nə itirəcək? Bütün bu sualların cavabını Mərkəzi Bank və hökumət verməlidir. Çünki bizdə məzənnə inzibati formada tənzimləndiyi üçün gedişat da inzibati qərara bağlıdır. Əgər bizdə bazar iqtisadiyyatı olsaydı, məzənnə birjalarda müəyyənləşsəydi, heç hökumətin də qarışmasına ehtiyac qalmazdı. Heç kim zəmanət vermir ki, neft qiymətləri uzun zaman aşağı səviyyədə qalmayacaq. Biz hələ uzun zaman 40 dollar civarında olan neft qiymətlərini görəcəyik. Bu isə Azərbaycana yetərli deyil. Biz mövcud qızıl- valyuta ehtiyyatlarını 1-2, hətta 3 il xərcləyə bilərik. Bəs sonra nə olacaq? Bax bu suallara cavab vermək lazımdır. Mənə elə gəlir, Mərkəzi Bankın səhvi ondan ibarət idi ki, zamanında üzən məzənnə rejiminə keçə bilmədi. Yəni bu strateji qərarı verə bilmədiyi üçün məzənnə sistemi institutlaşmadı. İndi də məzənnə inzibati qaydada tənzimləndiyi üçün insanlarda sual yaranır: Əgər biz Azərbaycanda ixracatı və qeyri-neft sektorunu stimullaşdırmaq istəyiriksə və hazırda qonşularımızda məzənnə düşübsə, Azərbaycan manatının məzənnəsinin sabit qalması bizə xeyirdir, ya yox? Bu suala cavab verilməlidir. Ona görə də məzənnə siyasətində iqtisadi faktorlardan daha çox siyasi qərarlar önəmli rol oynayır”.
Natiq Cəfərli manatın məzənnəsinin dəyişməsi ilə yarana biləcək vəziyyətdən də söz açıb:
“Çox təəssüf ki biz zaman itirmişik. Ona görə də tezliklə üzən məzənnə rejiminə keçmək mümkün olmayacaq. Çünki biz ən azı son 15 ildə bunu addım-addım etməliydik. Bizdə institutlaşmış məzənnə siyasəti aparmaq üçün bir zəmin yoxdur. Manatın məzənnəsinin birjalara müəyyənləşdirilməsi üçün yüzlərlə valyuta alan və satan oyunçu lazımdır. Məsələn, necə ki, Rusiyada 11 min fiziki şəxs hər gün valyuta alqı-satqısı ilə məşğuldur. Türkiyədə bu işlə məşğul olan hüquqi şəxslərin sayı 80 mindən çoxdur. Ona görə də türk lirəsi, rus rublı birjalarda müəyyənləşir və hökumətlər ora iqtisadi alətlərlə müdaxilə edir.
Məsələn, məzənnə aşağı düşürsə, hökumət başlayır dollar almağa, yox, əgər möhkəmlənirsə, bazardan dollar almağa başlayır. Bunun nəticəsində prosesi iqtisadi addımlarla tənzimləyir. Azərbaycanda isə yalnız Mərkəzi Bank valyuta satır ki, o da neft fondunun valyutasıdır. Cəmi 26-ya yaxın da bank var ki, bunu alır. Ona görə də biz belə şəraitdə üzən məzənnəyə keçə bilməyəcəyik. Əgər biz manatın məzənnəsinin sabit qalmasını istəyiriksə, o zaman 2005-2015-ci ildəki vəziyyət yaranacaq. O zaman manat sabit idi, amma yerli istehsal tamamilə məhv oldu. İdxaldan asılı bir ölkəyə çevrildik və bu gün də onun acısını yaşayırıq. Amma biz yerli istehsalın artmasına nail olmaq, rəqabətli bir ixracat modelinə keçmək istəyiriksə, bir müddət bu çətinliyə dözərək, həmin modelin yaradılmasına qərar verməliyik. Mən hökuməti də anlayıram. Çünki bu gün manatın məzənnəsi ucuzlaşsa, dollar bahalaşacaq və ölkədə hər şeyin qiyməti qalxacaq. Nəticədə isə inflyasiya sürətlənəcək. Bu da sosial məsələdir. Amma bir strateji hədəflər də olmalıdır”.

Mənbə: www.dia.az