Turizm obyektlərində təhlükəsizlik tədbirlərinin görülməsi zəruridir

Turizm obyektlərində təhlükəsizlik tədbirlərinin görülməsi zəruridir

Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli Sərəncamının icrası ilə əlaqədar Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planında əhatə olunan mühüm sahələrdən biri də daxili turizmin dəstəklənməsidir.

Azərbaycan Sahibkarlar Konfederasiyasının Turizm üzrə iş komitəsinin sədri Ruslan Quliyev vurğulayıb ki, postpandemiya dövründə daxili turizmin inkişaf etdirilməsinə, yeni şəraitdə insanların səyahət etmələrinə şərait yaradılmasına ehtiyac olacaq. Burada dövlətin təşviq siyasətinin daha da dərinləşdirilməsi, dövlət tərəfindən yeni layihələrə üstünlük verilməsi vacibdir. Turizm sektorunun dəstəklənməsi istiqamətində bu addımların atılmasını günün tələbindən doğan zərurət hesab edirəm:

daxili turizmin inkişafı ilə bağlı dövlətin antiinhisar fəaliyyətlərinin genişləndirilməsi;

daxili turizm sahəsində yerli mütəxəssislərin təcrübəsinin az olması ilə əlaqədar turizmə aidiyyəti olan bütün təhsil müəssisələrində və xüsusi turizm treninq proqramlarında yeni modulların tətbiqi;

şəffaflığın, hesabatlılığın, moritorinqlərin təmin olunması üçün ictimai şuraların yaradılması;

daxili və gəlmə turizmin inkişafına dəstək məqsədilə Turizmə Dəstək Təşviq Fondunun yaradılması;

bölgələrdə fəaliyyət göstərən turizm təsisatlarına differensial verginin tətbiq olunması;

azad iqtisadi zonalar rekreasiya zonalarının yaradılması;

xarici və daxili investisiyaların təşviqi metodu və güzəştləri.

Postpandemiya dövründə turizmin canlanması üçün yeni imkanlar dəyərləndirilməli, aqroturizm, termal və sağlamlıq turizminin inkişafına, ölkə daxilində sosial turizmin genişləndirilməsinə diqqət yetirilməlidir. Fikrimizcə, ekoturizmin yaradılması və genişləndirilməsi üçün Azərbaycan model ölkə ola bilər.

Postpandemiya dövründə daxili turizmin inkişaf etdirilməsi mexanizminin işləməsi üçün indidən fəaliyyətlər tənzimlənməli, fəaliyyət planları hazırlanmalıdır. Turizm təsisatları ilə turizm şirkətləri arasında fəaliyyət genişləndirilməlidir. Son zamanlar xarici tərəfdaşlarla münasibətlərdə yerli mehmanxana və ona bərabər tutulan obyektlər turizm şirkətləri ilə işləməyə o qədər də maraqlı deyillər. İnsanlarda belə bir təsəvvür var ki, mən bölgədə fəaliyyət göstərən hansısa otelə birbaşa müraciət etsəm daha ucuz paket əldə edə bilərəm, nəinki Bakıda fəaliyyət göstərən turizm şirkətinə. Ancaq bu, yanlış təsəvvürdür.

Builki mövsümdə birgünlük, günyarımlıq səfərlər daha aktual olacaq. Belə bir şəraitdə xidmət haqları dinamik xarakter daşımalı və qiymətlər ilk iki ayda tanıtım məqsədli olmalıdır. Bu, insanların son aylarda yaşanan psixoloji baryeri aşmasına təkan verə bilər. Turizm sektorunda qiymət çox vacib faktordur. Ancaq məhsulun maya dəyərinə təsir edən və onu formalaşdıran amillər vardır. Ümid edirik ki, turizm sektoru bu məsələni çözə biləcək. İndi əhalinin bütün təbəqələrini cəlb edə biləcək dinamik məhsulların yaradılması labüddür.
İnsanların psixoloji maneələri aşması üçün turizm obyektlərində təhlükəsizlik tədbirlərinin görülməsi zəruridir və bununla bağlı kiçik və orta sahibkarlara treninqlər təşkil ediləcək.

Fərqanə ALLAHVERDİQIZI

Mənbə: vergiler.az