Kredit təşkilatı 3 dəfə böyüyüb - Mənfəəti 80 dəfə artıb - HESABAT

Kredit təşkilatı 3 dəfə böyüyüb - Mənfəəti 80 dəfə artıb - HESABAT

Azərbaycanın aparıcı bank olmayan kredit təşkilatlarından (BOKT) olan «Finca-Azerbaijan» 2019-cu ilin yekunları üzrə hesabatını açıqlayıb.

FED.az «Finca-Azerbaijan»ın 2019-cu il üzrə hesabatına istinadən xəbər verir ki, 2019-cu ildə şirkətin aktivləri 3 dəfədən çox artaraq 2018-ci ilin sonundakı 4,9 milyon manatdan, 2019-da 15,9 milyon manata yüksəlib.

Aktivlərin belə kəskin artımı şirkətin nağd vəsaitlərinin (4,1 dəfə) və kredit portfelinin (3,2 dəfə) böyüməsi ilə bağlıdır. Son bir ildə təşkilatın kreit portfeli 2,2 milyon manatdan 7,2 milyon manata yüksəlib.

Bu dövrdə «Finca-Azerbaijan»ın kapitalı 2,5 dəfə artaraq 11 milyon dollara yaxınlaşıb. Şirkətin öhdəlikləri isə 11,5 dəfə artıb və 5 milyon manata yaxınlaşıb.

Başqa sözlə, 2019-cu ilin sonuna «Finka»nın kapitalı onun öhdəliklərini 2 dəfədən çox üstələyir.

Kredit portelinin böyüməsi özünü dərhal faiz gəlirlərində də göstərib. 2019-da «Finka»nın faiz gəlirləri təqribən 2 dəfə artaraq 1,02 milyon manata çatıb.

Amma şirkətin əsas gəliri aktivlərin dəyərsizləşməsi üzrə ehtiyatların geri qaytarılması olub. Bu üsulla indiyədək ehtiyat kimi saxlanan 7,2 milyon manat dövriyyəyə qayıdıb. Nəticədə 2019-da BOKT-un təmiz faiz gəlirləri 8,2 milyon manatı keçib.

Ötən il «Finca-Azerbaijan»ın inzibati xərcləri 11% artaraq 2,9 milyon manatı keçib. Əvəzində təşkilat vəsaitlərin yenidən qiymətləndirilməsindən 1,36 milyon manat əldə edib.

Nəticədə kredit təşkilatı ili 6,6 milyon manat mənfəətlə başa vurub, 74 min manatlıq vergi ödənişindən sonra xalis mənfəət 6,52 milyon manat olub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 78 dəfə artıqdır.

«Finca-Azerbaijan» - 2019-cu il üzrə hesabat

Mənbə: fed.az