İnformasiya Texnologiyaları İnstitutunun magistrantları ilə distant görüş olub

İnformasiya Texnologiyaları İnstitutunun magistrantları ilə distant görüş olub

Bakı, 25 may, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunun magistrantlarının elmi fəaliyyətinin monitorinqi məqsədilə distant görüş keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüşdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev, Təhsil şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov, eləcə də qurumun magistrantları və elmi rəhbərlər iştirak ediblər.

Öncə 2019-2020-ci tədris ilində I kursda təhsilini davam etdirən magistrantlar distant dərslərdə iştirakları, apardıqları elmi-tədqiqat işləri haqqında məlumat veriblər. Həmçinin ikinci kursda təhsilini davam etdirən magistrantlar elmi fəaliyyətləri barədə danışıblar. Dissertasiya işlərinin tərtibatı, dərsə davamiyyət, tapşırıqların icrası və müdafiəyə hazırlıq məsələləri ətrafında elmi rəhbərlərlə müzakirələr aparıblar. Elmi rəhbərlər dissertasiya mövzuları ətrafında rəy və təkliflərini bildiriblər.

Akademik R.Əliquliyev magistrantlara tövsiyələr verərək gəncləri elmi fəaliyyətlə məşğul olmağa, təhsillərini doktorantura pilləsi üzrə davam etdirməyə çağırıb. İnformasiya texnologiyaları sahəsi üzrə yüksəkixtisaslı kadr hazırlığı keçən, informasiya cəmiyyətinin müxtəlif istiqamətləri üzrə elmi tədqiqatlar aparan gənclərə ehtiyac olduğunu deyən R.Əliquliyev onlara institutda mövcud olan elmi mühit və təcrübədən yararlanmağı tövsiyə edib.

Görüşdə tədris ilinin cari il iyunun 15-nə qədər davam edəcəyi və imtahan sessiyasının 1 ay müddətində nəzərdə tutulduğu qeyd olunub. Eləcə də II kurs magistantların dissertasiya işlərinin müdafiəsinin cari ilin iyun ayında keçiriləcəyi diqqətə çatdırılıb.

Mənbə: azertag.az