“Xaricdən bizə keyfiyyətli toxum satmırlar”

“Kənd təsərrüfatının inkişafı üçün toxum vacib məsələlərdən biridir. Məhsuldar toxum sortları yetişdirmək lazımdır”.

FED.az xəbər verir ki, bu fikirləri Modern.az-a Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib. O həmçinin, gələcəkdə “toxumçuluq haqqında” qanunun təkmilləşməsi üçün Milli Məclisin Aqrar siyasət komitəsində geniş formada baxılacağını da istisna etməyib:

"“Toxumçuluq haqqında” qanunumuz var. Bu qanunun təkmilləşməsi çox önəmlidir. Hesab edirəm ki, bugünkü reallıqda bu qanuna yenidən baxılmalıdır”.

Komitə sədri toxum sortları ilə bağlı vacib məqamları da bildirib:

“Bu gün toxumçuluqla bağlı problemlərimiz mövcuddur. Biz həm pambıq, həm taxıl, həm də digər kənd məhsullarını yetişdirmək üçün toxumu xaricdən alırıq. Əvvəla, toxumun xaricdən alınması baha başa gəlir. Digər tərəfdən isə o toxumu bizə satanlar keyfiyyətli toxum vermirlər. Keyfiyyətli toxum olmayanda məhsuldarlıq da yüksək olmur. Sort toxumlar yetişdirilməlidir”.

Tahir Rzayev aqrar sahə üçün vacib məsələlərdən biri də damazlıq heyvanların yetişdirilməli olduğunu vurğulayıb. Həm südü çox, həm də ətlik olan cins mal-qaranın yetişdirilməsinin vacibliyini dilə gətirib.

Parlamentari kənd təsərrüfatında yeni texnologiyalardan istifadənin vacibliyini də qeyd edib. Onun sözlərinə görə, kənd məhsullarının yığılmasında müasir avadanlıqlardan istifadə edilsə də, kadr çatışmazlığı diqqət çəkir:

“Hesab edirəm ki, kənd təsərrüfatında müasir avadanlıqlarla işləməyi bacaran gənc kadrlar yetişməlidir. Çünki istifadəçilərin çoxu yaşlı insanlardır. Bunları əvəz edən gənc mütəxəssislər mütləq olmalıdır”.

Fed.az

ƏVVƏLKİ XƏBƏR

İrandan gələn iş adamı gömrükdə “ilişdi” — Astara xəstəxanasında əməliyyat olundu (ÖZƏL)

SONRAKI XƏBƏR

Tacikistanda koronavirusa yoluxanların sayı üç mini keçib