Hacıqabulda indiyədək qoyunlardan 26 tondan çox yun qırxılıb

Hacıqabulda indiyədək qoyunlardan 26 tondan çox yun qırxılıb

Hacıqabulda qoyunçuluq əsas təsərrüfat sahəsi hesab olunur. Rayonda təsərrüfatın bu sahəsinə böyük maraq olduğundan sürülərdə davarların baş sayı ilbəil artır. İndi yüzlərlə fermer təsərrüfatın bu gəlirli sahəsi ilə məşğul olur və yaxşı mənfəət götürürlər.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hazırda rayonun qoyunçuluq təsərrüfatlarında 130 min 11 baş qoyun-keçi bəslənilir. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 230 baş çoxdur.

Bir neçə gündür ki, rayonun qoyunçuluq təsərrüfatlarında yun qırxımına başlanılıb. İndiyədək fermerlər bəslədikləri qoyunlardan 26 tondan çox yun tədarük ediblər. Hər qoyundan orta hesabla 2 kiloqram yun götürülür. Ötən il isə bu rəqəm 1,9 kiloqram olub.

Rayonun ayrı-ayrı fərdi təsərrüfatlarında isə yun istehsalı daha yüksək olub. Qarasu kənd sakini, fermer Qabil Abdullayev yun istehsalında daha yüksək nəticə əldə edib. O, bəslədiyi qoyunların hər birindən 2,2 kiloqram yun qırxır.

Yun qırxımı davam edir.

Mənbə: azertag.az