Neftin qiyməti pandemiyadan əvvəlki həddinə qayıdır? - 45 dollar üçün gözlənti

Neftin qiyməti pandemiyadan əvvəlki həddinə qayıdır? - 45 dollar üçün gözlənti

Qlobal neft bazarı bu ilin iyun-iyul ayında stabilləşə bilər.
Bu isə OPEK+ ölkələrinin neft hasilatının azaldılması ilə bağlı qərarına bağlıdır. Rusiyanın Energetika naziri Aleksandr Novak belə proqnoz səsləndirib. Onun sözlərinə görə, may ayında neftə olan tələbat artıb, bu rəqəm aprellə müqayisədə 20 faiz çoxdur. Bununla yanaşı, neft birjalarında qiymətlər son günlər tədricən və davamlı olaraq yüksəlir. Artıq "Brent" markalı neftin bir bareli 36 dollardan yüksək qiymətə təklif olunur.
Neft qiymətlərinin stabilLəşəcəyinə olan ümidlər özünü doğruldacaqmı? Qiymətlər pandemiya başlanmazdan əvvəlki səviyyəsinə çata bilərmi?
İqtisadçı Pərviz Heydərov Cebhe.info-ya açıqlamasında bildirib ki, neft qiymətlərinin stabilləşməyə doğru başlanğıc götürdüyü müşahidə olunmaqdadır:
“Bu da əsasən onunla əlaqədardır ki, ölkələr karantin rejimlərini yumşaldır. Bir sıra ölkələrdə təyyarə uçuşları bərpa edilir, nəqliyyat vasitələrindən istifadə genişlənir, turizmin bərpası gözlənir. Bu isə təlabatın artması deməkdir ki, bu da neftin qiymətinin stabilləşməsinə rəvac verir. Hazırda neftin qiyməti 30 dollar ətrafındadır, nəzərə alsaq ki, bu hələ başlanğıcdır, pandemiyaya qədərki vəziyyət bərpa edilərsə, şübhəsiz ki, bu, neftin qiymətinin tamamilə stabilləşməsinə şərait yaradacaq. Bununla yanaşı, ortada OPEC-in hasilatın 2 il müddətində azadılması ilə bağlı qərarı var. Amma əsas faktor ölkələrdə iqtisadi aktivliyin başlanmasıdır”.
Pərviz Heydərov deyib ki, neft qiymətlərinin stabilləşəcəyi şübhəsizdir, amma əsas məsələ qiymətlərinin hansı aralıqda olmasıdır:
“Əgər pandemiyaya qədər olan həyat bərpa olunarsa, iyun-iyul aylarında neftin qiymətinin təxminən 45 dollara qədər artacağı gözləniləndir”.

Mənbə: www.dia.az