Ağsuda yetişdirilən badam yerli bazarla yanaşı, Körfəz ölkələri və Avropa bazarlarına da çıxarılacaq REPORTAJ

Ağsuda yetişdirilən badam yerli bazarla yanaşı, Körfəz ölkələri və Avropa bazarlarına da çıxarılacaq  REPORTAJ

Ağsuda son illər badam bağlarının sahəsi xeyli genişləndirilib. Son bir ildə 60,5 hektarda sahədə yeni bağ salınıb.

AZƏRTAC xəbər verir ki, badam bağları rayonun bağçılıq təsərrüfatında yeni sahə olsa da, nəticələr ürəkaçandır. Sahibkar İlham Həsənov deyir ki, son üç ildə Ağsu rayonunda 90 hektar badam bağı salıb. Bunun da 44 hektarı iki, 46 hektarı isə bir yaşını tamamlamış bağlardır. İki yaşını tamamlamış bağlardan bu il bol məhsul gözlədiklərini deyən İ.Həsənov, məhsuldarlıq çoxaldıqdan sonra bağın ərazisinin daha da genişləndirəcəyini bildirir.

Əldə edilən məhsulları yerli bazarla bərabər, Körfəz ölkələri və Avropa bazarlarına çıxarılması qarşıya qoyulan əsas hədəflərdəndir. “Xarici ölkələrdə qatıldığımız sərgilərdə bu məhsula çox böyük tələbat olduğunu müşahidə etmişik və ona görə biz də məhsulumuzu Avropa və Körfəz ölkələri bazarlarında satmağı planlaşdırırıq”, - deyə sahibkar qeyd edir.

Həmsöhbətimiz deyir ki, fransız sortundan olan süfrə badamları çox məhsuldar ağaclardır: “Bu ağaclar adətən üç yaşından sonra ilkin məhsul verməyə başlayır, amma bizim əkdiyimiz sahədə aqrotexniki qaydalara tam riayət olunması, eləcə də əlverişli iqlim nəticəsində artıq ikinci yaşını tamamlayan badam ağaclarından məhsul əldə etməyə başlamışıq. Bu məhsula ləpəsinin böyüklüyünə, rənginə və dadına görə bazarda çox böyük tələbat var. Ona görə də ilkin mərhələdə badamı bazara yalnız ləpə şəklində çıxarmağı, növbəti illərdə isə badam emalı ilə bağlı digər sahələrdə də özümüzü sınamağı planlaşdırırıq”.

Xatırladaq ki, son üç ildə Azərbaycanda badam bağlarının sahəsi təxminən üç dəfə artıb. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynovun sözlərinə görə, 2017-ci ildə ölkəmizdə 652 hektar badam sahəsi vardı, 2019-cu ilin sonunda isə bu rəqəm 1967 hektara çatıb. Hazırda bu bağlardan 574,1 hektarı bar verəndir. Təkcə 2019-cu ildə Azərbaycanda 806 hektar sahədə yeni badam bağları salınıb. Ötən il Azərbaycanda bağlardan 915,6 ton badam yığılıb. Hazırda orta məhsuldarlıq hər hektardan 15,9 ton təşkil edir. Hər il məhsula düşən badam bağlarının sahəsinin genişlənməsi orta məhsuldarlığın da ilbəil artmasına təsir göstərəcək.

Badam bağlarının salınması dövlət tərəfindən də dəstəklənir. Nazirliyin rəsmisi, həmçinin bildirib ki, 2020-ci ildən tətbiq olunan yeni subsidiya mexanizminə əsasən, intensiv üsulla salınmış badam bağlarının hər hektarına görə təsərrüfat sahibinə 400 manat subsidiya verilməsi nəzərdə tutulur. 2019-cu ildən əvvəl salınmış bağlara görə isə hektara 240 manat subsidiya verilir. Dövlət dəstəyinin artırılması fermerlərin çoxillik əkmələrə, o cümlədən badam bağları salınmasına marağını artırır.

Mənbə: azertag.az