Rusiyada kritik durum: Ölkəyə 24 təyyarə ilə dollar gətirildi

Rusiyada kritik durum: Ölkəyə 24 təyyarə ilə dollar gətirildi

Rusiya bankları martda neft qiymətlərinin ucuzlaşması, rublun devalvasiyası fonunda başlayan valyuta depozitlərinin axınının qarşısını ala bilməyib.

Axar.az xəbər verir ki, bu məlumatı “Finanz.ru” saytı yayıb. Məlumata görə, aprel ayında fiziki şəxslər banklardan 1,1 milyard dollarlıq depoziti çəkiblər. Nəticədə banklardakı depozitlərin həcmi son 1,5 ilin ən aşağı səviyyəsinə düşüb.

Hazırda banklardakı depozitlərin həcmi 88,2 milyard dollardır.

Mart ayında banklardan 5 milyard dollar çıxarılıb ki, bunun da indiyə qədər qeydə alınan ən böyük göstərici olduğu bəyan edilib. Fevral ayından bəri banklardan çıxarılan depozitlərin ümumi həcmi isə 7,9 milyard dollar olub. Üstəlik, son iki ay ərzində fiziki şəxslərin banklarda rublla yerləşdirdiyi vəsaitlərin həcmi antirekord vurub. Belə ki, bu vəsaitlərin həcmi 24,978 trilyon rubla düşüb.

Sayt kompensasiya üçün bankların ölkəyə təyyarələrlə nağd dollar və avro gətirdiyini bildirib. Mart ayında bu cür tədarükün 2014-cü ildən bu yana ən yüksək göstəriciyə çatdığı açıqlanıb. Belə ki, bu dövr ərzində Rusiyaya 4,93 milyard dollar və 1,13 milyard avro gətirilib:

“Bir təyyarəyə 250 milyon dollar yerləşdirmək olar. Bundan böyük məbləği sığorta şirkətləri sığortalamırlar. Beləliklə, son iki ayın kapital axınını kompensasiya etmək üçün minimum 24 təyyarə ilə pul daşınıb”.

Mənbə: axar.az