Azərbaycana yüz milyonlarla gəlir gətirəcək sahə –İstehsal hansı səviyyədədir?-AÇIQLAMA

Azərbaycana yüz milyonlarla gəlir gətirəcək sahə –İstehsal hansı səviyyədədir?-AÇIQLAMA

Azərbaycanda yetişdirilən Abşeron zəfəranı 12 ən bahalı vegetarian məhsul arasında ikinci yeri tutub.

"Luxurylaunches" saytında bu haqda yazılan məqlədə qeyd olunur ki, bir kiloqram Abşeron zəfəranının qiyməti 11 min dollardır.

Məqalədə vurğulanır ki, Azərbaycan zəfəranın sənaye istehsalı sayəsində ildə 142,6 milyon dollar qazana bilər. 0,5 kiloqram quru zəfəranın alınması üçün 75 mindən çox çiçəkdən istifadə olunur:

"Abşeron zəfəranı təkcə ekzotik ədviyyat deyil, həm də müalicə xarakteri daşıyır". Ən bahalı vegetarian məhsul isə Yaponiyada yetişdirilən "Kral Yubari" yemiş sortudur. Bunun qiyməti 12 min dollara bərabərdir.

Bəs, Azərbaycanda zəfəran istehsalı hazırda hansı səviyyədədir?

Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli Cebhe.info-ya açıqlamasında Sovet dönəmində bu sahənin inkişaf etdiyini, zəfəran kolxozunun olduğunu bildirib:

“Bu kolxozda 70-80-ci illərdə illik məhsul istehsalı 500 kiloqramadək olub. Sonrakı dövrlərdə rəqabət şəraitində zəfəran istehsalı getdikcə iflasa uğradı. Dünyada ən çox zəfəran istehsal edən ölkə İrandır. Bu ölkə ildə 300-400 milyon dollar təkcə zəfəran istehsalından gəlir götürür. Bura zəfəran suyu, zəfəran tozu və s. məhsullar da daxildir. Azərbaycanın zəfəran bazarında 1 manatdan 150 dollaradək zəfəran var. Bu məhsulların mənbəyinin, mənşəyinin araşdırılmasına ehtiyac var. Fakt ondan ibarətdir ki, hazırda daxili bazarda yerli məhsul xaricdən gətirilən zəfərana məğlub olmuş vəziyyətdədir. Məlumatlara görə, Azərbaycanda böyük həcmdə zəfəran satan İran şirkətləri burada 100-150 dollara Abşeron zəfəranını alıb, özləri ilə aparırlar. Bu da onu göstərir ki, bizim məhsullar ekoloji cəhətdən daha təmizdir. Həm də ola bilər ki, İran zəfəran istehsalında sənayeləşdirilmiş üsula keçib, burada hansısa kimyəvi maddələrdən istifadə olunur”.

Bununla belə Nicat Nəsirli bildirir ki, son illər ərzində ölkəmizdə bu sahədə müəyyən addımlar atılır:

“Sahənin rentabelli olduğunu görən zəfərançılar assosiasiya formasında birləşiblər. Son illər bəzi bölgələrdə - Abşeron yarımadasında, Zərdab rayonunda və digər zəfərançılıq üçün münbit şərait olan yerlərdə zəfəran əkininə başlanıb. Xarici bazar, piar marketinq işləri ilə məşğul olan şirkətlər yaranıb. Daxili və xarici bazarda bu bazar üçün böyük zəmin var. Dünyada bu sahə getdikcə genişlənir. Azərbaycanda da bu sahədə dövlət proqramının hazırlanması gözlənilir. Zəfəran istehsalı həm də məşğulluq tutumli sahədir. 1-2 sot torpaq sahəsində də bu məhsulun istehsalı, ailə təsərrüfatının yaranması mümkündür”.

Ekspert deyir ki, sahəni geri salan məsələlərdən biri isə toxumçuluğun itməsidir: “Gələcəkdə yəqin ki, barama istehsalında olduğu kimi, zəfəran soğanaqlarının da dövlət tərəfindən təmin olunması həyata keçiriləcək. Bu olarsa, yəqin ki, sahə genişlənəcək”.

Xatirə Nəsirova
Cebhe.info

Mənbə: cebhe.info