Rusiya ilə Səudiyyə yenə neft məsələsində dil tapa bilmir

Rusiya ilə Səudiyyə yenə neft məsələsində dil tapa bilmir

Rusiya ilə Səudiyyə Ərəbistanının neft müharibəsi dünya bazarında balansı pozdu. Qiymətlər kəskin aşağı düşdü.

İndi “Brent”in bareli 35-36 dollardan baha satılmır. Son vaxtlar qiymət artımı müşahidə edilsə də, deyəsən, proses uzun sürməyəcək.

Bizimyol.info xəbər verir ki, Rusiya ilə Səudiyyə Ərəbistanı yenə neft məsələsində dil tapa bilmir. Rusiya mətbuatı ərəbləri OPEK+ razılaşmasının şərtlərini pozmağa cəhddə qınayır. Çünki Səudiyyə Ərəbistanı hasilatın azaldılması müddətini daha iki ay uzatmağın tərəfdarıdır. Ruslar isə situasiyaya uyğun davranmaq istəyir. Hiss olunur ki, Rusiya hasilatın səviyyəsinin uzun müddət aşağı qalmasını arzulamır.

Səudiyyə Ərəbistanı məsələyə fərqli yanaşır. Ərəblər hasilatı artırmaq istərdi, amma Asiya dövlətində bazarda təklifin səviyyəsinin yüksək olduğu dövrdə qiymətlərin yetərincə artmayacağını düşünürlər. Deməli, hasilatın azaldılması xətti davam etdirilməlidir. Ərəblər buna görə iyunun 1-dən hasilatı daha 1 milyon barel azaltmağı planlaşdırır.

Rusiya ilə Səudiyyə Ərəbistanı arasında neft müharibəsi martın 6-dan sonra başlamışdı. Rusların özünü danışıq tərəflərinin əsas fiquru kimi aparması ərəblərin xoşuna gəlməmişdi. Səudiyyə hasilatı artırmaqla neft qiymətlərinə böyük təsir göstərmişdi. Qiymət təxminən iki dəfə aşağı düşmüşdü. Mayın 12-də yeni OPEK+ razılaşmasının əldə olunması vəziyyətin sabitləşdirilməsinə hesablanıb. Qiymətlər bir az artıb. Amma hadisələrin gedişi Rusiyanın tam ürəyincə deyil.

Mənbə: www.bizimyol.info