Səfir: “Azərbaycan və Belarus birgə neft emal edə bilər”

Səfir: “Azərbaycan və Belarus birgə neft emal edə bilər”

"Vəziyyətin inkişafına bağlı olaraq Azərbaycanın Belarusa nəql etdiyi neftin həcmi artırıla bilər, amma bu barədə neft şirkətlərimiz müzakirə aparacaqlar".

“Report” xəbər verir ki, bunu Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov “BelTA” agentliyinə müsahibəsində bildirib.

O qeyd edib ki, bunun üçün uyğun davamlı mexanizmlər tapılıb.

“Ola bilər ki, burada əməkdaşlığın digər formaları yaransın. Məsələn, Belarusda birgə neft emalı və məhsulların üçüncü ölkələrin bazarlarında satışını təşkil edilə bilər. Amma bu sadəcə bir misaldır. Əsas odur ki, artıq Azərbaycan müntəzəm qaydada Belarusa neft nəql etmək imkanına malikdir. Enerji sahəsində gələcək əməkdaşlıq imkanları Belarus prezidenti Aleksandr Lukaşenkonun bu il Azərbaycana planlaşdırılan səfəri zamanı müzakirə oluna bilər”,- səfir əlavə edib.

Qeyd edək ki, bu ilin mart-aprel ayları ərzində SOCAR Belarusa ümumilikdə 300 min tondan çox həcmdə bir neçə tanker neft nəql edib.

Mənbə: report.az