Yaponiya turistlərin xərclərinin yarısını kompensasiya etməyi planlaşdırır

Yaponiya turistlərin xərclərinin yarısını kompensasiya etməyi planlaşdırır

Yaponiya hökuməti ölkə iqtisadiyyatı üçün çox vacib olan, amma pandemiya səbəbi ilə zərər görən turizm sənayesini canlandırmağa ümid edir və bu məqsədlə “Go to Travel” təşəbbüsü çərçivəsində Yaponiyaya səyahət edənlərə gündəlik 20 min yenə (185 ABŞ dollarına) qədər subsidiya verilməyə başlana bilər.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə “Kyodo News” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, bu təşəbbüs üçün 1,35 trilyon yen (12,5 milyard ABŞ dolları) ayrılıb. “Kyodo News”un məlumatına görə, subsidiyalar Yaponiyada olduqları müddətdə səyahətçilərin xərclərinin yarısını ödəyəcək. Subsidiyalar yaxınlıqdakı mağazalar və restoranlardan istifadə üçün vauçerlər formasında olacaq. Yaponiyaya səfər haqqı ödənilməyəcək.

“Təşəbbüsün iyul ayının sonlarından həyata keçiriləcəyi gözlənilir. Subsidiyalar almaq üçün hoteldə (buraya ənənəvi ryokan mehmanxanaları da daxildir) nömrə bron etmək lazım gələcək.

COVID-19 pandemiyası Yaponiyanın turizm sənayesinə ciddi zərər vurub. Koronavirus səbəbi ilə 100-dən çox ölkədən və regiondan olan vətəndaşların girişinə qadağa qoyulub. Eyni zamanda Tokioda Olimpiya Oyunları təxirə salındığından 2020-ci ildə turist axınının artacağına olan ümidlər özünü doğrultmayıb. Apreldə hotel biznesi ilə məşğul olan 31 Yaponiya şirkəti ya müflis olduğunu elan edib, ya da müvafiq ərizə ilə məhkəməyə müraciət etməyə hazırlaşdığını açıqlayıb.

Mayın 25-də Yaponiyanın baş naziri Sindzo Abe Tokio və şəhər ətrafında, eləcə də Hokkaydo adasında fövqəladə vəziyyət rejimini ləğv edib. Ölkənin qalan hissəsi üçün analoji addım ayın əvvəlində atılmışdı. Yaponiya normal həyata qayıtmağa başlayıb”, - agentlik bildirir.

Mənbə: report.az