UNWTO dünya turizm bazarında ciddi tənəzzül olacağını proqnozlaşdırır

UNWTO dünya turizm bazarında ciddi tənəzzül olacağını proqnozlaşdırır

“Koronavirus pandemiyası səbəbi ilə bu dünyada turizmin 70% azalacağını gözləyirik”.

“Report” xəbər verir ki, bunu BMT yanında Ümumdünya Turizm Təşkilatının (UNWTO) baş katibi Zurab Pololikaşvili videokonfrans zamanı deyib.

Onun sözlərinə görə, koronavirusun yayılması nəzarət altına alına bilinsə, aviadaşımaların sentyabr ayında bərpa olunmasını gözləmək olar, buna qədər isə əsasən yerüstü turist səfərləri barədə danışmaq olar.

Xatırladaq ki, UNWTO may ayının əvvəlində dünya turizminin vəziyyəti ilə bağlı hesabatında ilin birinci rübündə beynəlxalq turizmin 22% azaldığını açıqlamışdı. Hələ o zaman UNWTO koronavirusun yayılmasının qarşısının alınması üzrə müvəffəqiyyətdən, səyahət məhdudiyyətlərinin və sərhədlərin bağlanmasının müddətindən asılı olaraq 2020-ci ildə turizmin keçən il ilə müqayisədə 60-80% azalmasının mümkünlüyünü bildirmişdi.

UNWTO-nun proqnozuna görə, ilk ssenari iyulun əvvəlindən bu məhdudiyyətlərin tədricən yumşaldılmasını və sərhədlərin açılmasını özündə ehtiva edir. Belə olan halda bu il turizm 58% azalacaq. Yumşaldılma sentyabrın əvvəlində başlasa, azalma 70%, dekabrın əvvəlində olsa, 78% həcmində proqnozlaşdırılır. UNWTO-nun məlumatına görə, təşkilatın izlədiyi 217 turistik istiqamətin hər birində aprel ayının sonuna qədər turistlər üçün müəyyən məhdudiyyətlər tətbiq edilib.

Mənbə: report.az