"Akkord" tanınmış jurnalistin evinin əlindən alınması məsələsinə reaksiya verdi

"Akkord" tanınmış jurnalistin evinin əlindən alınması məsələsinə reaksiya verdi

Şirkət artıq mənzili başqasına hədiyyə etdiyini bildirir

26 may tarixində Qaynarinfo saytında yayımlanan

"Zakir Qaralov ittiham olunur, "Akkord" susur - Baş redaktorun evini kim zəbt edib?” başlıqlı yazıya "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC tərəfindən cavab verilib.

Şirkətin Baş içraçı direktoru Bürhan Həmidov tərəfindən Qaynarinfo-ya daxil olan təkzib məktubunda jurnalist Anar Orucovun "Akkord"un Sumqayıt şosesi 7-ci km.-də yerləşən "Gənclər şəhərciyi"ndəki mənzilinin əlindən alındığı faktı təsdiqlənir, amma bunun qanuni olduğu bildirilir.

Qaynarinfo-nun yazısında əsas vurğu məhkəmə qərarındakı ziddiyyətlər üzərində idi. Belə ki, qərarda nə müqavilə nömrəsi, nə də mənzilin kvadratı, nə də otaq sayı düz göstərilməmişdi. Belə anlaşılırdı ki, məhkəmə əslində A.Orucova aid olmayan mənzil haqqında qərar qəbul edib və bunu icra edib. Şirkət rəsmisi bu məqama yalnız bir cümlə ilə cavab verib: "Məhkəmə qətnaməsi ilə alqı-satqı müqaviləsindəki nömrə və sahə fərqində texniki yanlışlıq olub".

Həmçinin şirkət cavab məktubunda jurnalistin evinin əlindən alınaraq başqa şəxsə əvəzsiz verildiyini bildirir.

Şirkət A.Orucovun bura qədər ödədiyi 21556.60 manat məbləğin də taleyinə aydınlıq gətirməyib.

Xatırladaq ki, Anar Orucov tənqidi mövqeyi ilə tanınan "Kanal13" internet televziyasının yaradıcısı, Əziz Orucov isə kanalın Baş redaktorudur.

Aşağıda "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin göndərdiyi təkzib məktubunu olduğu kimi təqdim edirik:

"26 may 2020-ci il tarixdə qaynarinfo.az saytında "Zakir Qaralov ittiham olunur, "Akkord" susur - Baş redaktorun evini kim zəbt edib?” başlıqlı yazı dərc olunmuşdur. Bildiririk ki, həmin yazıda qeyd olunanlar doğru deyil və həqiqəti əks etdirmir.

Məlumat üçün bildiririk ki, Orucov Anar Qaraş oğlu ilə 22.08.2007-ci il tarixdə, Abşeron rayonu, Sumqayıt şosesi 7-ci km. bina 1, blok 11, 29 saylı (yeni nömrəsi 37) mənzilə dair 4282 saylı müqavilə imzalanıb. Müqavilənin 2.1-ci bəndinə əsasən mənzilin qiyməti tərəflərin razılığı ilə 57974.4 manat müəyyən edilib və Anar Orucov mənzilin qiymətini 240 ay müddətinə hər ay 241.56 manat olmaqla hissə-hissə ödənilməsini öhdəsinə götürüb.

Anar Orucov müqavilə şərtini pozaraq 18 ay müddətində aylıq ödənişini ödəməyib, bununla bağlı "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC tərəfindən Anar Orucova dəfələrlə şifahi və yazılı qaydada xəbərdarlıq edilib, buna baxmayaraq yenə də Anar Orucov ödəniş etməyib. Bundan sonra "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC məhkəməyə müraciət etmək məcburiyyətində qalıb.

Anar Orucov məhkəmə qətnaməsi çıxdığı tarixə yəni, 12.12.2016-cı il tarixə 27054.70 manat ödəməli olduğu halda 21556.60 manat pul ödəyib.

Alıcı müqavilə bəndinin 2.1-ci bəndini pozduğuna görə Abşeron Rayon Məhkəməsinin 12.12.2016-cı il tarixli, 2(012)-7499/2016 saylı qətnaməsinə əsasən tərəflər arasında bağlanmış mənzilin alqı-satqı müqaviləsi ləğv edilib, mənzilin boşaldılaraq "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə təhvil verilməsi qət edilib.

Həmin qətnamədən Anar Orucovun nümayəndəsi Əziz Orucov apelyasiya şikayəti verib. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1797/2017 saylı, 09.06.2017-ci il tarixli qətnaməsinə əsasən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyib, rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılıb.

Məhkəmə qətnaməsi qanuni qüvvəyə minməsinə baxmayaraq həmin mənzilin boşaldılması 2 (iki) ildən çox müddətə icra olunmayıb və Anar Orucova borcu ödəmək üçün əlavə vaxt verilib. Buna baxmayaraq Anar Orucov borcunu yenə də ödəməyib.

Nəhayət, 10.12.2019-cu il tarixdə Məhkəmə qətnaməsi Abşeron Rayon İcra və Probasiya Şöbəsi tərəfindən icra olunaraq mənzil boşaldılıb və "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə təhvil verilib. Mənzil boşaldılana qədər həmin mənzildə yaşayış olmayıb.

Onu da bildiririk ki, sözü gedən mənzil "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC tərəfindən 24.12.2019-cu il tarixdə 09-19 saylı Əmrlə ailə başçısını itirmiş aztəminatlı ailəyə əvəzsiz olaraq verilib.

Belə ki, saytda qeyd edilir ki, guya Əziz Orucov həmin mənzildə qeydiyyatda olaraq orada yaşayıb. Halbuki, qeyd edilən mənzilin reyestrdən çıxarışı olmadığına görə ora qeydiyyata düşmək mümkün deyildir. Həmçinin, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə məxsus olan eyni yaşayış kompleksində 11.04.2008-ci il tarixdə Orucov Əziz Qaraş oğlu da mənzil alıb və bu günə qədər də həmin mənzil Orucov Əziz Qaraş oğluna məxsusdur. Orucov Əziz Qaraş oğlunun mənzili olduğu halda Anar Orucovun mənzilində yaşaması həqiqətə uyğun deyil.

Onu da bildiririk ki, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC Anar Orucova bir ədəd mənzil satıb və Akkorda məxsus yaşayış kompleksində onun cəmi 1 mənzili olub. Məhkəmə qətnaməsi ilə alqı-satqı müqaviləsindəki nömrə və sahə fərqində isə texniki yanlışlıq olub.

Baş icraçı direktor Bürhan Həmidov".

 

 

Mənbə: qaynarinfo.az