Avropada «kirayə müharibələri» başlayıb – YENİ QAYDALAR

Avropada «kirayə müharibələri» başlayıb – YENİ QAYDALAR

Əhalisinin yarıdan çoxu kirayədə yaşayan Avropada kirayə bazarı inkişaf etdikcə hökumətlər bu sahəni getdikcə daha sərt tənzimləyirlər.

FED.az xəbər verir ki, bəzi ölkələrdə kirayə haqlarının artımı qadağan edilir, digərlərində kirayə haqqını ləngidənlərin «qara siyahısı» tutulur, başqa bir ölkədə evi kirayəyə vermək üçün qonşuların icazəsi tələb olunur.

Fransada kirayəçilərin «qara siyahısı» tutulacaq

Fransada mənzillərin kirayə haqqını ödəməyənlərin «qara siyahısı» tutulacaq. Fransanın Milli Daşınmaz Əmlak Federasiyasının (FNAIM) rəhbəri Jan-Mark Torrollon gecikdirilən kirayə haqlarının reyestrinin yaradılmasını təklif edib.

İdeyaya görə, bu reyestrə kirayə haqqını 3 aydan artıq ləngidən bütün kirayəçilər haqqında məlumat toplanacaq. 2021-ci ildən fəaliyyətə başlayacaq reyestrdə məlumatlar 3 il saxlanacaq, həmin müddətdən sonra və ya borc ödənilən kimi silinəcək. Reyestrdən yalnız əmlak bazarı üzrə mütəxəssislər istifadə edəcək ki, insanların şəxsi məlumatları yayılmasın. Yeni alət mənzil sahiblərinin hüquqlarını qorumaq məqsədilə yaradılır. Amma maraqlıdır ki, bu yenilik onları daha çox narahat edib. Əvvəla, etibarlı kirayənişin tapmaq üçün pul ödəmək lazım olacaq (reyestrdən istifadə ödənişlidir), ikincisi, bu yeniliyin cavabında etibarsız ev sahiblərinin reyestri də yaradıla bilər. Etibarsız ev sahibləri dedikdə, qiymətləri tez-tez dəyişən və yatırılan depoziti vaxtında qaytarmayan şəxslər nəzərdə tutulur.

Yeri gəlmişkən, hazırda Parisdə 113 min mənzil və ya bütün əmlakların 8,3%-i boşdur. Paris meriyası hökuməti elə tədbirlər görməyə çağırır ki, əmlak sahibləri boş əmlakları kirayə venməyə məcbur olsunlur.

Kirayə üçün qonşunun razılığı - tələb olunacaq

Bolqarıstanda mənzillərin turizm məqsədilə kirayəyə verilməsi üçün qonşuların razılığı tələb olunacaq. Artıq bu barədə təkliflər hökumətə göndərilib.

Bolqarıstanın GERB partiyasının təklifinə görə, mənzillərini «Airbnb» kimi servislərin köməyi ilə kirayə vermək istəyən sakinlər həmin binadakı sakinlərin azı 50%-nin razılığını almalıdır. Bu təklif turizm haqqında qanuna əlavə edilə bilər.

Ekspertlər bildirir ki, bu dəyişiklik ölkədəki bütün əmlaklara deyil, əhali sıxlığı müşahidə olunan ərazilərə, məsələn, paytaxt Sofiyaya aid olacaq. Dəniz kənarı və kurort əmlaklarına isə yeniliyin təsiri olmayacaq.

Yeri gəlmişkən, ötən ilin sonundan etibarən Bolqarıstanda turistlərə icarəyə verilən mənzillər icbari qeydiyyatdan keçməlidirlər.

Berlində kirayə haqlarının artımı – QADAĞAN EDİLDİ

Berlin şəhər parlamenti Almaniya payxtında kirayə haqlarının «dondurulması» barədə qərar qəbul edib.

Şəhər rəhbərliyinin bu qərarında məqsəd paytaxtda sürətlə artan kirayə haqlarının qarşısını almaqdır. Son 10 ildə Berlində kirayə haqları 2 qat yüksəlib. Qərara əsasən, paytaxtda kirayə haqları 5 il – 2025-ci ilədək dəyişməyəcək. 2025-ci ildən sonra isə kirayə haqqı inflyasiyaya uyğun artacaq. Bununla yanaşı, qanun kirayə haqlarını azaltmağa mane olmur.

Bu addım Berlində 1,5 milyon əmlak sahibinə təsir edəcək. Amma sosial evlərə və 2014-cü ildən sonra tikilən evlərə şamil edilmir.

Bununla yanaşı, hüquqi problemlər qanunun qüvvəyə minməsinə mane ola bilər. Müxalifət partiyaları bəyan edib ki, bu qanun şəhərin əmlak bazarına investisiyalara mənfi təsir edə bilər və yeni qanundan məhkəməyə şikayət verəcəklər.

Mənbə: fed.az