Bu nəhəng ölkə meyvə-tərəvəz böhranı ilə üzləşə bilər - ABŞ fermerləri işçisiz qalıblar

Bu nəhəng ölkə meyvə-tərəvəz böhranı ilə üzləşə bilər - ABŞ fermerləri işçisiz qalıblar

Koronavirus pandemiyası ABŞ-da kənd təsərrüfatına çox böyük problemlər yaratmaqdadır. “Bloomberg”in hazırladığı geniş materialdan aydın olur ki, virusun kənd təsərrüfatı işçiləri arasında geniş yayılması ölkənin ən çox əməktutumlu sahəsinə nəhəng zərər vuracaq.

Materialda edy edilir ki, Tennesidə bir fermada işçilərdən biri virusa yoluxandan sonra bütün işçilərə COVID-19 testi verilib. Nəticə çox dəhşətli mənzərə üzə çıxarıb: 200 ferma işçisinin hamısının testi pozitiv olub.

Nyu-Cersidə onlarla fermada işçilərin əksəriyyətinin virusa yoluxduğu aydın olub. Ölkənin əsas kənd təsərrüfatı ştatlarından biri olan Vaşinqtonda Yakima dairəsində də fermalarda onlarla yoluxma faktı aşkarlanıb. Bu ərazidə alma, armud, gilənar və ölkə üzrə mayaotunun (xmel) böyük hissəsi yetişdirilir. Və bu ərazi ölkə üzrə ən yüksək yoluxma səviyyəsinə malikdir.

Bu yoluxmalar ABŞ-da ərzaq məhsullarının yığımı və çatdırılması sistemini çökdürəcək həddə çatıb: istehsalın yay mövsümü piki ərəfəsində kənd təsərrüfatı işçiləri yoluxur və xəstəliyi digərlərinə yayırlar. Görünən odur ki, iş böyüyəcək, çünki yarım milyona yaxın mövsümi işçilər bütün ölkə boyu avtobuslarla fermalar arasında hərəkətdədir, onlar sıx şəkildə ümumi yataqxanalarda qalırlar. Artıq bu yoluxmaların bütün kənd təsərrüfatı istehsalında ət sənayesində yaranan vəziyyətə gətirəcəyi təhlükəsini hamı görür.

Analitik və ekspertlər yüz minlərlə kənd təsərrüfatı işçisinin virusun yoluxması baxımından ən həssas təbəqə olduğunu bildirirlər. Virus işçilərin həyatına təhlükə yaratmaqla bərabər, fermerlərin yığım mövsümünün ən qızğın vaxtında işçi çatışmazlığı ilə üzləşməsinə gətirib çıxara bilər. Cəmi 1-2 həftəlik yığım dövrü olan giləmeyvələri yetişdirənlər üçün bu, çox böyük zərər deməkdir: vaxtında yığılmayan məhsul qısa müddətdə zay olub gedəcək. Bu isə həmin məhsulların bütün ölkə üzrə qıtlığına və bahalaşmasına səbəb olacaq.

40 ildən yuxarıdır ki, kənd təsərrüfatı işçilərinin hüquqlarını qoruyan vəkil, “Şimal-qərbin işçilərinin ədaləti” adlı layihənin rəhbəri Maykl Deyl bildirir ki, aqrar sektor problemlərə hazır deyil: “Biz çox əsəbi şəkildə vəziyyəti izləyirik – kənd təsərrüfatında məhsulun yığım mövsümü hələ indi başlayır. Mən düşünmürəm ki, biz hazırıq”.

Maşınlarla yığılan taxıl məhsullarından fərqli olaraq ABŞ-da meyvə və tərəvəz əsasən əllə yığılır və qablaşdırılır. Açıq havada uzun müddət işləmək yerli əhali üçün arzuolunan olmadığına görə bu işi əsasən immiqrantlar görür. Hansı ki, həmin immiqrantlar ABŞ kənd təsərrüfatında çalışanların dörddə üçünü təşkil edir. Mövsümi miqrantlardan ibarət işçi qüvvəsi məhsulların yığım dövrünə uyğun olaraq bir mövsümdə bütün ölkəni dolaşırlar. Onların böyük əksrəyyəti Meksika və Latın Amerikasından Kaliforniya ştatının ərazisindən ölkəyə daxil olmaqla gəlirlər. Buradan isə avtobuslarla saatlar, bəzən günlər ərzində yol qət edərək məhsul yığılan ərazilərə gedirlər.

Rəsmi məlumatlara görə, ABŞ-da 2,7 milyon nəfər miqrantlardan, mövsümi və ya illik çağırılan işçilərdən ibarət muzdlu kənd təsərrüfatı işçiləri var. Bu işçilərin bir çoxu bir yerdən digərinə köçməklə daim ABŞ-da yaşasa da, bir qismi də H2A viza proqramından istifadə edərək ölkəyə gəlirlər. ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, muzdlu kənd təsərrüfatı işçilərinin təxminən yarısı leqal immiqrant statusuna malik deyil.

Onlar ölkədə ağır əmək şəraiti və ən aşağı gəlirə nalik ən həssas qrup hesab olunurlar. Və bu qrup arasında yoluxmaya dair məlumatların dəqiq qeydiyyatını aparan yoxdur. Hansısa fermada yoluxma aşkarlanırsa, xəstələr sadəcə, həmin fermada saxlanmaqla müalicə alırlar. Onların sıx məskunlaşmış yataqxanalarda qaldıqlarını nəzərə aldıqda, yayılmanın getdikcə daha böyük vüsət alacağını görmək elə də çətin deyil.

Kritik aylar

May-iyun Şimali Amerika və Avropada işçi-miqrantların səpin və məhsul yığımı üçün sahələrə axışdığı kritik sayılan bir neçə ayın başlanğıcıdır. Ölkələrarası və daxildə gediş-gəlişə qoyulan məhdudiyyətlər onsuz da onların hərəkətini çətinləşdirib. Çatışmayan işçi qüvvəsi problemini ölkələr müxtəlif yollarla həll etməyə çalışırlar.

Məsələn, Rusiyada hökumət giləmeyvə və tərəvəz yığımında çatışmayan əlləri məhbusların və tələbələrin hesabına təmin etməyə çağırır. Böyük Britaniyada şahzadə Çarlz “Twitter”dən əhaliyə ölkə üçün riskə getmələrinə çağırış edib. Qərbi Avropanın fermerləri adətən Şərqi Avropa və Şimali Afrikadan olan immiqrant işçiləri cəlb edirlər.

Kanadaya əməkçi miqrantlar əsasən Yamayka, Qvatemaladan və Meksikadan gəlirlər. Adətən,onlar fermalardakə yataqxanalara 3-4 nəfər bir otaqda yerləşirlər. Bu şəraitdə nə qədər təhlükəsizlik qaydalarına əməl olunmağa çalışılsa belə, yoluxmanın qarşısını almaq mümkün deyil.

Əməkçi miqrantların Meksika və Latın Amerikasından gəldiyi ABŞ-da prezident Donald Tramp pandemiya dövründə xarici işçilərin fermalara sərbəst gəlişini təmin etmək üçün bəzi addımlar atıb. Məsələn, konsul idarələri bağlı olduğuna görə bir qisim işçilər üçün əlavə müsahibələri ləğv edib, onları immiqrasiyaya qoyulan müvəqqəti qadağadan azad edib.

Lakin administrasiya hələ də işçilərin qorunması üçün zəruri qaydaları hazırlamayıb. Demokratlar Partiyasının nümayəndəsi, Kaliforniyadan olan Cimmi Panetta və daha 71 Konqres üzvü ötən həftə təkliflə çıxış ediblər ki, kronavirusa görə növbəti yardım paketinə fermalarda virusun yayılmasına qarşı mübarizə tədbirlərinin maliyyələşdirilməsi də daxil edilsin.

ABŞ-ın bəzi hissələrində hələ virus yayılmazda öncə işçi çatışmazlığı var idi və bu da məhsul yığımına problemlər yaradırdı. Buna görə də bahalaşma başlamışdı: məsələn, çiyələyin qiymətində ötən ilə nisbətən 17 faiz, pomidorda 52 faiz qiymət artımı olmuşdu.

Lakin bu, məhdud ərazilərdə baş vermişdi, çünki fermerlər restoranların virusa görə bağlanması zamanı əsas alıcılarından məhrum olmuşdular deyə məhsulun qiymətində ciddi bahalaşmaya gedilmirdi. Lakin artıq bütün ştatlarda məhdudiyyətlər sürətlə yumşaldılır, bir çox restoranlar yenidən açılır. Bu şəraitdə kənd təsərrüfatında yaranan işçi çatışmazlığı qiymətlədə ciddi bahalaşmaya və məhsul qıtlığına səbəb ola bilər.

Ən böyük zərərin giləmeyvələrlər yanaşı, zeytun və apelsin sektoruna da dəyəcəyi güman olunur. Hazırda Floridada apelsin yığımı mövsümüdür və işçi çatışmazlığına görə məhsulun ağaclarda zay olması müşahidə olunur. Çünki ölkəyə lazım olan qədər işçi-miqrant gələ bilməyib. Bu isə ABŞ-da böyük tələbat olan apelsin şirəsinin yaxın aylarda ciddi bahalaşmasına gətirib çıxaracaq.

Kənd təsərrüfatı məhsullarının yığımında yaranan problemlər onların emalı üzrə ixtisaslaşmış sənayeni də ciddi zərərə salacaq. Necə ki, ət emalında yaranan problemlər heyvandarlıq fermalarının böyük itkisinə gətirdi, aqrar məhsulların az olması da eləcə emal sənayesində problemlər yaradacaq. ABŞ-ın bir ştatında yığım bitdikdə, digərində başlayır. Bu isə işçilərin mövsüm ərzində bütün ölkə ərazisini dolaşmasına səbəb olur.

Onlar əksər hallarda fermerlər tərəfindən icarəyə götürülmüş məktəbli avtobuslarında – 40-45 nəfər birlikdə 7-8 saat yol getməli olurlar. Əksər hallarda Meksikanın qədim dilində danışan, ispan və ingilis dilini bilməyən bu işçilər virusun yayılması təhlükəsinin ən böyük olduğu qruplardan biridir. Onların həm də koronavirus testlərinə çatım imkanları kəskin məhduddur...

Qeyd edək ki, ötən həftə ABŞ administrasiyası koronavirus pandemiyasından yaranan zərərlərini qarşılamaq üçün fermerlərə 19 milyard dollar ayırıb. Bu barədə prezident Donald Tramp Ağ Evdə aqrar sektorun təmsilçiləri ilə görüşündə açıqlama verib: “Administrasiya yeni genişmiqyaslı proqramın – koronavirusla bağlı ərzaq yardımı təşəbbüsünün icrasına başlayır. Bu proqram çərçivəsində Amerika kənd təsərrüfatı istehsalçılarının və bu sahədə dəyər zəncirinin dəstəklənməsi, həmçinin ailələrə ərzaq yardımı göstərilməsi üçün 19 milyard dollar ayrılacaq. Heç bir prezident bunu etməyib. Siz hətta Avraam Linkolnu da xatırlaya bilərsiniz, heç bir prezident fermerlərin qayğısına Tramp kimi qalmayıb”.

Prezident həmçinin qeyd edib ki, proqram çərçivəsində 16 milyard dollar birbaşa fermerlərə və rançolara gedəcək: “Bu ödənişlər Çinin yaratdığı qlobal pandemiya ilə bağlı itkiləri kompensasiya edəcək. Ötən həftə biz 3 milyard dollarlıq ərzaq almışıq”.

Qeyd edək ki, 19 milyard dollar ABŞ-ın illik 130 milyard dollara çatan kənd təsərrüfatı məhsulları ixracının cüzi bir hissəsidir. Yerli istehlaka yönəldilən hissəni də nəzərə alsaq, fermerlərin pandemiyadan zərərinin 19 milyardın bir neçə qatına bərabər olacağını söyləyə bilərik.(Musavat.com)

Mənbə: moderator.az