Pandemiya əmlak bazarına ciddi təsir göstərib

Pandemiya əmlak bazarına ciddi təsir göstərib

Koronavirus pandemiyasının zərər vurduğu sahələrdən biri də daşınmaz əmlak bazarıdır. İstər mənzil, istərsə də torpaq satışında durğunluq müşahidə olunur.

Əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimovun sözlərinə görə, alğı-satqı son 30 ilin ən aşağı səviyyəsinə düşüb: "Koronavirusun mənfi təsirləri əmlak bazarında fevral ayından hiss edilirdi. Bazardakı aktivlik mart, aprel və may aylarında pandemiyadan əvvəlki dövrlə müqayisədə üç dəfədən çox aşağı düşüb. Təbii ki, bunlar ümumi bazarda alğı-satqının sayına, pul kütləsinin həcminə, ümumiyyətlə, bazarda informasiyaların toplanmasına çox mənfi təsir edib, amma bir şeyə təsir etməyib – hələ ki qiymətlər əvvəlki səviyyədə qalıb. Mənə elə gəlir ki, buna əsas səbəb bazarda alğı-satqının olmamasıdır, satanla alan görüşmədiyinə görə insanların ağlında hələ də köhnə qiymətlər qalıb. Karantin rejiminin yumşaldılması ilə son günlər əmlak bazarında, xüsusilə kirayə mənzil bazarında tədricən canlanma müşahidə edilir. Əsasən bağ evlərinin kirayəsində nisbi aktivlik müşahidə edilir. Pandemiyadan sonrakı dövrdə isə əmlak bazarında alğı-satqı prosesinin əhəmiyyətli dərəcədə artacağı, qiymətlərin isə yüksələcəyi proqnozlaşdırılır. Hər böhrandan sonra bizdə həm aktivlikdə, həm də qiymətlərdə sıçrayışlı vəziyyət qeydə alınır. Bu, il ərzində bazarın müəyyən tutumunun olması ilə bağlıdır: bizdə il ərzində təqribən 40 min alğı-satqı həyata keçirilir. Müəyyən müddət ərzində alğı-satqı olmayanda potensial tələb toplanır və sonradan vəziyyət normallaşanda isə kəskin artım baş verir".

Səbuhi TURAN

Mənbə: vergiler.az