Ağsuda sarımsaq yığımı davam edir

Ağsuda sarımsaq yığımı davam edir

Ağsu rayonunda sarımsaq yığımı aparılır.

AZƏRTAC-ın bölgə müxbiri bildirir ki, yerli bazarlarda heç də az tələbat olmayan sarımsaq əsasən rayonun 4 yaşayış məntəqəsini - Ərəbuşağı, Ağalarbəyli, Maşadqanlı və Arat Curuğlu kəndlərini əhatə edən Ərəbuşağı kənd inzibati ərazi dairəsində əkilir. Bölgədə torpaq mülkiyyətçiləri üçün artıq ənənəvi təsərrüfat sahəsi hesab edilən sarımsağa maraq ildən-ilə artır. Cari təsərrüfat ilində ərazidə 40 hektarda sarımsaq yetişdirilib və hazırda məhsul yığımı davam etdirilir. Ərəbuşağıdan Əfqan Fərəcov, Araz Fərəcov, Ağalarbəylidən Təbiət Abdullayev, Maşadqanlıdan Araz Əliyev və digər ailə fermer təsərrüfatları cari mövsümdə sahələrdən bol məhsul götürürlər.

Qeyd edək ki, sarımsaq sahəsinin hər hektarından orta hesabla 7 ton məhsul götürülür. Mütəxəssislər ərazi icra nümayəndəliyi üzrə azı 280 ton sarımsaq tədarük ediləcəyini proqnozlaşdırırlar. Artıq əksər ailə fermer təsərrüfatları üçün məhsulun alınması ilə bağlı sifarişlər də verilib.

Mənbə: azertag.az