“EKOL Mühəndislik Xidmətləri” ötən il 1 milyon manatdan çox xalis mənfəət əldə edib

“EKOL Mühəndislik Xidmətləri” ötən il 1 milyon manatdan çox xalis mənfəət əldə edib

“EKOL Mühəndislik Xidmətləri” QSC 2019-cu ili 1,2 milyon manat xalis mənfəətlə başa vurub. Bu, 2018-ci illə müqayisədə 42,3% azdır.

“Report” bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, ötən il “EKOL Mühəndislik Xidmətləri”nin əsas gəlirləri 18,1 milyon manat (əvvəlki ilə nisbətən 6,4% çox), sair gəlirləri isə 1 milyon manat (28,9% az) təşkil edib.

Hesabat dövründə şirkətin xərcləri 17,7 milyon manat (9,6% çox), mənfəət vergisi ödəmələri isə 259 min manat (6,2% az) olub.

Bu il yanvarın 1-nə “EKOL Mühəndislik Xidmətləri”nin aktivləri 22,4 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 47,2% çoxdur.

Hesabat dövründə şirkətin öhdəlikləri 3,2 dəfə artaraq 9,4 milyon manata, balans kapitalı isə 5,4% artaraq 13 milyon manata çatıb.

Xatırladaq ki, “Ekol Mühəndislik Xidmətləri” 2006-ci ilin mart ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR - 51%) və xarici investor “Lancer Services S.A.” şirkətinin (49%) birgə iştirakı ilə təsis edilib. Müəssisənin fəaliyyətinin əsas məqsədi respublika hüdudlarından kənarda və respublika daxilində müasir texnologiyalardan istifadə edilməklə ətraf mühitin mühafizəsi istiqamətində: sənaye çirkab, məişət-fekal və tullantı sularının təmizlənməsi, neftşlamın zərərsizləşdirilməsi, neftlə çirklənmiş torpaqların rekultivasiyası və reabilitasiyasının həyata keçirilməsi, antropogen təsirlərin nəticəsində yaranan fəsadların aradan qaldırılması, müəssisələrin fəaliyyətlərinin ətraf mühitə təsirinin qiymətləndirilməsi, icmalının aparılması, ekoloji texniki-normativ sənədlərin işlənməsi kimi ekoloji yönümlü xidmətlərin göstərilməsindən ibarətdir.

Mənbə: report.az