Alternativ energetikada özəl sektorun dövlət dəstəyinə ehtiyacı var - TƏHLİL

Alternativ energetikada özəl sektorun dövlət dəstəyinə ehtiyacı var - TƏHLİL

Açıq danışaq: kiçik bir şirkət açmaq, alternativ və bərpa olunan enerji mənbələri sahəsində əhaliyə xidmət göstərmək istəyən insan Kioto Protokolu və ya Paris Sazişi haqqında heç nə bilməyə bilər. Çox güman ki, BMT-nin iqlim dəyişikliklərinə dair Çərçivə konvensiyaları və atmosferi çirkləndirən maddələrin tullantılarına görə kvotalar ticarəti onun üçün tamamilə maraqsızdır. Onu maraqlandıracaq yeganə şey tədbirlər və bu və ya digər sahəyə dövlət dəstəyinin dərəcəsidir. Üstəlik, bu sahədə parlaq təcrübəyə malik hansısa qabaqcıl ölkədə yox, Azərbaycanda... Əlbəttə ki, alternativ enerjinin inkişafına dəstək sahəsində hər bir ölkənin özünəməxsus xüsusiyyətləri var, bu da milli bazarın xarakterinə bağlıdır. Ancaq bütün ölkələrə xas amillər var və bunu ilk növbədə həmin sənayedə biznesə dəstək mexanizmlərinin tətbiqinə təşəbbüs göstərən dövlət ideologiyasının olması formalaşdırır.

Özümüzü potensial investorun yerinə qoyaq və həqiqətlərimizə onun gözləri ilə baxmağa çalışaq. Dəstək üçün hansı dövlət strukturuna müraciət edə bilər və hansı halda həqiqətən dəstək göstəriləcək?

Qeyri-neft sektorunda sahibkarlıq fəaliyyətinin stimullaşdırılması baxımından Azərbaycanda bir neçə dövlət strukturu fəaliyyət göstərir - “Azərbaycan İnvestisiya Şirkəti” ASC, İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Sahibkarlığın İnkişafı Fondu. Onların hamısı Azərbaycan İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərir, sahibkarlara kömək etməkdə ümumi məqsəd və vəzifələrə malikdirlər, lakin biznesi təşviq etməyin müxtəlif üsullarından istifadə edirlər. Bu strukturların hər birinin potensialını və imkanlarını təhlil edək.

Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)

Bu strukturda iş adamları real yardım ala bilərlər, çünki burada sahibkarlıq sahəsində Azərbaycan qanunvericiliyinin bütün təfərrüatı izah ediləcək, risklər və bazardakı mövcud vəziyyəti haqqında danışacaqlar. Həmçinin digər tövsiyə yardımı da edilə bilər. Bundan əlavə, bu yaxınlarda KOBİA (http://smb.gov.az/) araşdırma haqlarının bir hissəsini öz üzərinə götürərək, bazarın monitorinqi xidmətinə başlayıb. Hətta böyük həcmdə olmasa belə, biznesmen, məsələn, günəş panelləri bazarı barədə ixtisaslı monitorinq təhlili ala biləcək. Bu, bazarın hansı seqmentinin zəif olduğunu, Azərbaycana nəyin və hansı texniki xüsusiyyətlərlə çatdırıla biləcəyini (və ya burada özünüz istehsal edə bilərsiniz) aydınlaşdıracaq. Ölkəmizdə alternativ enerji sahəsinin o qədər də inkişaf etməmiş olması və ilk dəfə bu sahədə fəaliyyət göstərən sahibkarın bilik çatışmazlığını özü doldurmalı olması da başqa bir məsələdir. Biliklərini tamamladıqda isə sərgilərdə layiqincə çıxış edə biləcək. Bu sərgilərdə, adətən, KOBİA öz hesabına sahibkarlar üçün onlara özlərini və məhsullarını reklam etməyə imkan verən ayrıca stend təşkil edir.

Alternativ enerji sahəsində fəaliyyət göstərən biznesə dövlət dəstəyi məsələsinə gəlincə, gələcəkdə KOBİA bu sahədə iştirakçı müəssisələrin problemlərini mütəmadi təhlil edə, müzakirələri Sahibkarlar Birliyi səviyyəsinə çıxara və belə görüşlərin nəticələrinə əsasən, həll yolu tapmaq üçün müvafiq dövlət qurumlarına müraciət edə bilər.

Sahibkarlığın İnkişafı Fondu (SİF)

Tutaq ki, sahibkarımızın alternativ enerji sahəsində böyük bir ideyası var. Biznes-plan hazırlayaraq maliyyələşdirmə üçün Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fonduna (http://edf.gov.az/) müraciət edə bilər. Burada ideyaya baxılacaq və böyük ehtimalla bunun üçün illik 6 faizlə güzəştli kredit ayrılacaq. Yerli iş adamları tərəfindən bu cür təkliflərin praktiki olaraq daxil olmaması səbəbindən layihənin Fondun ekspertləri tərəfindən qəbul olunacağını iddia etmək cəsarətini üzərimizə götürürük. Bu sahə Azərbaycan üçün yenidir və bu, o deməkdir ki, bazar hələ mənimsənilməyib.

Digər bir məsələ layihənin rentabelliyi və özünü təmin etmək imkanıdır. Əgər, ümumiyyətlə, alternativ enerji sahəsində maraqlı layihələrə güzəştli kreditləşmə yolu ilə dövlət dəstəyindən danışırıqsa, bu cür kreditlərin hansı şərtlər daxilində verildiyinə diqqət yetirmək lazımdır. Çünki günəş panellərinin xərcləri ev təsərrüfatları üçün tam şəkildə 5-7 il ərzində ödənilirsə, bu texniki vasitələrin ev təsərrüfatları üçün lizinqlə (bu, tamamilə mümkündür) əldə edilməsi zamanı güzəştli kreditlərin üç illik müddəti də çox azdır.

Azərbaycan İnvestisiya Şirkəti (AİŞ)

Sahibkarımız yalnız orta səviyyəli müəssisə və ya hətta böyük bir müəssisə açmaq üçün kifayət qədər kapitalı olduğu halda bu struktura müraciət edə bilər. Məsələ burasındadır ki, dövlət investisiya şirkətinin əsas məqsədi Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunu inkişaf etdirmək olsa da, bu, mövcud və yeni kommersiya müəssisələrinə yerli və xarici investorları cəlb etmək yolu ilə, həmçinin müddətli investisiyalardan istifadə vasitəsilə həyata keçirilir. Azərbaycan İnvestisiya Şirkəti ölkəmizdə alternativ enerji üçün müxtəlif komponentlər və ehtiyat hissələri – günəş panelləri, külək qurğuları, günəş enerjisi əsasında istilik qurğuları, biokütlədən enerji hazırlanması üzrə avadanlıqlar və s. istehsal etmək istəyən yerli və xarici şirkətlər üçün tərəfdaş ola bilər. İnvestisiya şirkəti ilə əməkdaşlıq yerli iqtisadiyyatın və bazarın tələbləri barədə dərin bilik potensialından daha yaxşı istifadəyə imkan verəcək.

Qeyd edək ki, Azərbaycan İnvestisiya Şirkətinin saytında (https://aic.az/) əməkdaşlıq üçün prioritet sahələr kimi sənaye sektoru, əczaçılıq, kənd təsərrüfatı, logistika, qida sənayesi və təkrar emal sahələri göstərilib. Beləliklə, alternativ enerjini sənaye sahəsi etmək istəyiriksə, bu istiqaməti də siyahıya daxil etməliyik.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2016-cı ilin 5 oktyabr tarixində yerli qeyri-neft məhsullarının “Made in Azerbaijan” adı altında xarici bazarlarda genişmiqyaslı təbliğini nəzərdə tutan Fərman imzaladı. Bu Fərman “Made in Azerbaijan” brendinin ölkə xaricində tanıdılması və ixracın stimullaşdırılması məqsədilə 10 fərqli mexanizmi – dəstək tədbirini əhatə edir.

Beləliklə, alternativ enerji sahəsində maraqlı ideyaya malik olaraq, biznes açıb, KOBİA-dan müvafiq tövsiyə və digər dəstək, SİF-dən isə güzəştli kredit alaraq, biznesi bir qədər genişləndirməklə sahibkar AZPROMO (http://www.azpromo.az/made-in-azerbaijan) vasitəsilə dövlət dəstəyi mexanizmlərinə də ümid edə bilər. Əsas odur ki, siz reklam edə biləcəyiniz və “Made in Azerbaijan” brendini əldə edə biləcəyiniz nəyəsə sahib olasınız. Əgər müvafiq məhsul varsa, o zaman sizin üçün ixrac missiyaları, milli stend altında beynəlxalq sərgi və yarmarkalarda iştirak, beynəlxalq sərgilərdə fərdi iştirak, beynəlxalq sertifikat almaq, inkişaf-araşdırma proqramlarında və layihələrində iştirak və s. təşkil olunacaq. Yardım istiqamətindən asılı olaraq, onların həyata keçirilməsi xərclərini tam və ya qismən dövlət öz üzərinə götürür.

Nəticə çıxaraq. Dövlətin alternativ energetikanın inkişafını stimullaşdırmaq, onu yeni və tez böyüyən iqtisadiyyat sahəsinə çevirmək üçün çoxsaylı imkanları var.

Azərbaycanın bu energetika sahəsini sözügedən sahə artıq yüksək riskli innovasiya texnologiyası olmadığı bir vaxtda mənimsəməyə hazırlaşdığını və bunun tətbiq edilməsinin iqtisadi təsirini bizə dəqiq hesablamağa imkan verdiyini yadda saxlamaq lazımdır.

Mənbə: www.oxu.az