ƏDV-nin qaytarılması zamanı alınan çeklərdən başqası istifadə edə bilər?

ƏDV-nin qaytarılması zamanı alınan çeklərdən başqası istifadə edə bilər?

Ölkədə ƏDV-nin qaytarılması ilə bağlı müəyyən problemlər yaşanır. Xüsusilə son günlər bəzi istehlakçıların bu istiqamətdə şikayətlərinə rast gəlinir.

Bunlardan biri də çeklərin ikinci surətinin çıxarılması ilə əlaqəlidir. Belə ki, bəzi mağazalarda ƏDV-nin qaytarılması zamanı alınan çeklərdən bir dəfə istifadə olunduğu iddia edilir.

Maraqlıdır, çeklərin bu cür istifadə edilmə halları ola bilərmi? Ölkədə ƏDV sistemi ilə bağlı hansı problemlər mövcuddur?

Bununla bağlı iqtisadçı eskpert Elşad Məmmədov Primetime.az-a danışarkən bildirib ki, qeyd edilən prosesin texniki icrası ilə bağlı hazırlığın lazımi səviyyədə olmadığı müşahidə edilir:

“Düzdür, bütövlükdə bu qərar iqtisadiyyatın inkişafının stimullaşdırılmasına xidmət edir və dünya təcrübəsinə söykənsək, qərarın mütərəqqi olduğunu deyə bilərik. Çünki bu, hesablaşmaların – ilk növbədə qeyri-nağd hesablaşmaların stimullaşdırılmasına, dövriyyənin bütövlükdə yüksəlməsinə xidmət edən qərardır. Lakin texniki nöqteyi-nəzərdən problemlər şübhəsiz ki, var. Təsadüfi deyil ki, bu proses keçən ilin əvvəlindən başlanmalı idi, artıq təxminən il yarımdır, prosesin tətbiqi ilə bağlı ləngimələr olur. Hələ bu gün də icra mexanizmləri tam işlək deyil. Həmçinin təkrar surət çıxarma ilə əlaqəli problemlər bu gün çox ciddi şəkildə mənfi nəticələr verir. Ona görə hesab edirəm ki, qərarın hazırlanmasında sırf texniki baxımdan problemlər oldu.

 

Bundan çıxış yolu kimi düşünürəm ki, bu sistemlə bağlı proqram təminatının işlənilməsi olmalıdır. Bu gün informasiya-kommunikasiya texnologiyaları imkan verir ki, bütün bu proseslər tam şəkildə elektronlaşdırılsın. Hər bir istehlakçının, vətəndaşın çeklərin surətini çıxararaq müraciət etməsi, fikrimcə, effektiv nəticələrin əldə olunmasına şərait yaratmayacaq. Çünki bu, bir tərəfdən həddən artıq çox vaxt aparacaq. O cümlədən bu prosesdə süründürməçilik mövcud ola bilər. Digər tərəfdən görün nə qədər əlavə işçi qüvvəsi lazımdır ki, bütün prosesin təhlilini aparsın. Hesab edirəm ki, burda elektronlaşdırma, mükəmməl infrastruktur qurulmasa, prosesin müsbət gözlənilən effektləri faktiki olaraq itirilə bilər. Bu baxımdan prosesdə bu gün mütərəqqi hesab olunan, böyük məlumatları özündə cəmləşdirən və işlənməsi ilə bağlı mexanizmləri özündə ehtiva edən bir əlavə proqram təminatına ehtiyac var. Əks halda, bu prosesin tənzimlənməsi, idarə olunması olduqca çətin görünür”.

Ekspert həmçinin ƏDV-nin qaytarılması ilə bağlı problem yaşayan istehlakçılardan da söz açıb:

“Nəzərə alsaq ki, hazırda pandemiya dövrüdür, istehlakçıların kütləvi şəkildə hansısa dövlət qurumlarına müraciət etməsi, resursların onlara qaytarılması ilə bağlı müraciətlərin sayının kəskin artması arzuolunan deyil. Ona görə düşünürəm ki, həmin proqram təminatının hazırlanmasına qədər müəyyən mənada prosesin dayandırılmasına doğru addım atsaq, daha düzgün olar. Çünki indi bunun effektiv şəkildə reallaşdırılması olduqca çətin görünür. Düzdür, əvvəlki Vergilər, indki İqtisadiyyat nazirliyi bu istiqamətdə ciddi səylər göstərir. Amma burda sırf texniki baxımından sistemin hazır olmadığını da görürük. Həmçinin ticarət dövriyyəsi gündə baş verən prosesdir. İstehlakçılar hər gün həmin çekləri əldə edirlər və bu getdikcə artır. Artan həcmdə istehlakçılar hər gün dövlət qurumlarına müraciət etməyə başlasalar, ciddi problemlər yarada bilər. O baxımdan dediyim kimi proses tam şəkildə elektronlaşdırılmalıdır. Və vəsaitlər qeyri-nağd olaraq istehlakçıların hesablarına köçürülməlidir. Bunun nağd şəkildə reallaşdırılması iqtisadiyyata ziyandır, çünki əlavə nağd pul kütləsinin dövriyyəyə buraxılmasıdır, bu da arzuolunan deyil. Digər tərəfdən insanların vəsaitlərinin qaytarılması, sənədlərinin yoxlanılması, həmin çeklərin araşdırılması ilə bağlı əlavə işçi qüvvəsi lazım olacaq ki, bu da mənfi haldır. Effektiv üsul ancaq elektronlaşdırmaqdan ibarət ola bilər. Bu da şübhəsiz, istehlakçıların problemi deyil, aidiyyatı dövlət qurumları texniki infrastrukturu, proqram təminatını tətbiq etməlidirlər, alternativini görmürəm”.

Günay Rəsulqızı

Mənbə: primetime.az