Maşın bazarlarında durğunluq - müştəri yox, qiymət baha

“İnsanlar artıq hibrid avtomobillərə önəm verirlər ki, yanacaq sərfiyyatı aşağı olsun”
Koronavirusla əlaqədar sərhədlərin bağlanması ölkənin maşın bazarına da təsir edib. Hazırda bazarda durğunluq müşahidə edilir. Müştəri tapmayan satıcılar qiymətləri endirməyə məcburdurlar.
Koronavirusla bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimi yumşaldılandan sonra Azərbaycanda maşın bazarının fəaliyyətinə icazə verildi. “Yeni Müsavat”ın əməkdaşı öyrənib ki, hazırda maşın bazarında ciddi müştəri qıtlığı yaşanır. Satıcı Vüqar Həşimov bildirdi ki, Gürcüstandan maşın gətirə bilmədikləri üçün əlavə xərcə düşürlər:
“Maşınlarımız var ki, sifariş etmişik, Gürcüstana gəlib. Ancaq ölkəyə gətirə bilmirik. Orada da qaldığı üçün əlavə ödəniş etməli oluruq. Demək olar ki, bütün maşınların qiymətində endirim edirik. Saytlarda, məsələn, 11 min manata qoyulan maşın real alıcıya bəzi hallarda min manat endirimlə satılır. Müştərilər son zamanlar ”Toyota Prius" avtomobili axtarırlar. Həmin avtomobillər Amerikadan Gürcüstana, oradan isə Azərbaycana gətirilir. Ölkədə xüsusilə də taksi sürücüləri son zamanlar bu maşınlara maraq göstərirlər. Ona görə də bazarda “Mercedes C klass”ların qiymətində ucuzlaşma var. Daha çox 1.8 motorlara endirim edilir. Hazırda bazarda normal vəziyyətdə olan “çeşka”lar 9-11 min manata satılır. Yığılmasından asılı olaraq 13-14 min manata da bazara maşın çıxaran var. Ancaq bu modelləri o qiymətə alan yoxdur. İnsanlar artıq hibrid avtomobillərə önəm verirlər ki, yanacaq sərfiyyatı aşağı olsun".
Bazara çıxarılan maşınların əksəriyyəti “Mercedes”in 2000-ci ilə qədər istehsal edilən markaları və sovet istehsalı (yaxud da Rusiya istehsalı) olan avtomobillərdir. Bu avtomobillərin də qiymətləri indiki şəraitə görə çox bahadır. Bazarda Yaponiya istehsalı olan avtomobilləri satmaq çətindir. Bu maşınlarla bağlı elanlar daha çox online formada fəaliyyət göstərən maşın saytlarında yerləşdirilir.
Müştərilər hesab edirlər ki, hazırda Azərbaycanın maşın bazarındakı qiymətlər şişirdilib. Söhbət etdiyimiz müştərilər bildirdilər ki, gömrük rüsumları aşağı olduğu zaman ölkəyə gətirilən avtomobillərin çoxunun qiyməti şişirdilib. Ekspertlər isə hesab edirlər ki, Azərbaycanda xüsusilə də taksidə istifadə edilən avtomobillərin bir müddət sonra qiymətləri süni formada qaldırılır. Bir zamanlar taksidə daha çox “çeşka” avtomobilləri istifadə edilirdisə, hazırda bu maşınların yerini “Prius”lar tutmağa başlayıb.
Bazarda belə bir şayiələr gəzirdi ki, karantin bitəndən sonra “Prius”ların da qiymətində kəskin eniş olacaq. Ona görə də əksər insanlar bu avtomobili də almağa tələsməyib, sərhədlərin açılacağı günü gözləyirlər. Hazırda “Prius”ların qiyməti əsasən 11-25 min manat arasındadır. 2008-2009-cu il olan 20 kuza kimi tanınan “Prius”lar 11-13 minə, 30 kuza kimi tanınanlar isə 18-25 minə satılır. Ümumilikdə Yaponiya istehsalı olan 2008-2010-cu il avtomobillərin bazardakı qiymətləri 10-16 min manatdır. Hazırda bazarda müştəri qıtlığı yaşandığı üçün ekspertlər proqnozlaşdırırlar ki, yaxın aylarda bazarda qiymətlərdə endirim olacaq.

Dia.az

ƏVVƏLKİ XƏBƏR

DİM onları imtahana niyə buraxmır? – Ekspertlər

SONRAKI XƏBƏR

Bakı Dezinfeksiya Mərkəzinin yeni internet saytı istifadəyə verildi