Azərbaycan BP-nin qlobal təbii qaz hasilatında neçə faiz paya malikdir?

Azərbaycan BP-nin qlobal təbii qaz hasilatında neçə faiz paya malikdir?

Bakı, 2 iyun, AZƏRTAC

BP-nin törəmə şirkətlərinin dünyanın müxtəlif yerlərində təbii qaz hasilatında Azərbaycanın xalis payı 5 faizdir.

AZƏRTAC BP-nin “2019-cu il üçün Azərbaycan üzrə Davamlı İnkişaf hesabatı”na istinadla xəbər verir ki, BP-nin qlobal təbii qaz hasilatı portfelində ilk sırada 61 faizlə Kanada, Cənubi Amerika, Afrika, Asiya (Azərbaycan istisna olmaqla) və Avstraliya kimi ölkələr, ikinci yerdə 32 faizlə ABŞ, üçüncü sırada isə 2 faizlə Avropa qərarlaşıb.

BP qlobal miqyasda gündəlik ümumilikdə 7 milyard 366 milyon kubfut qaz (şirkətlərin iştirak payı istisna olmaqla) çıxarır.

Qeyd edək ki, BP 1995-ci ildə əməliyyatların başlamasından bəri (ötən ilin sonuna kimi) Azərbaycanda “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku, Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC), “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrinə 75 milyard dollar əsaslı xərclər çəkib.

Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından indiyədək 121 milyard kubmetr təbii qaz hasil olunub. İlk hasilat başlandığı dövrdən bu vaxtadək yataqdan 28 milyon ton kondensat çıxarılıb.

Bu ilin yanvar-mart aylarında “Şahdəniz” yatağından - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birgə 4,7 milyard standart kubmetr qaz və təqribən 1 milyon ton (7,7 milyon barrel) kondensat hasil edilib. Mövcud “Şahdəniz” qurğularının maksimum hasilat gücü hazırda gündəlik 56 milyon standart kubmetr və ya ildə təqribən 20 milyard kubmetrdən çoxdur. 2018-ci il iyulun sonunda “Şahdəniz Bravo” platformasından ilk qaz əldə olunduğu vaxtdan hasilat tədricən artmaqda davam edir.

Yatağın işlənməsinin ikinci mərhələsi üzrə, yəni “Şahdəniz-2”də hasilat və sonrakı tədrici artım üçün ümumilikdə 17 quyu qazılıb və bunlardan 16-sı tamamlanıb.

Birinci rübdə “Şahdəniz” yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (“GOGC” şirkətinə) və Türkiyə (“Botaş” şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qazın çatdırılması davam edib. Rüb ərzində “Şahdəniz” üzrə fəaliyyətlərə 219 milyon dollaradək əməliyyat və 219 milyon dollar əsaslı xərclər sərf edilib. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz-2” layihəsinə aid olub.

“Şahdəniz”də iştirak payları belədir: BP (operator) 28,8 faiz, “AzŞD” 10 faiz, “SGC Upstream” 6,7 faiz, “Petronas” 15,5 faiz, “LUKoil” 10 faiz, “NICO” 10 faiz və “TPAO” 19 faiz.

Mənbə: azertag.az