Asiya İnfrastruktur İnvestisiya Bankı koronavirusa görə Filippinə 750 milyon dollar vəsait ayırıb

Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) direktor şurası bankın COVID-19 böhranına qarşı fondundan Filippinə 750 milyon ABŞ dolları ayrılmasını təsdiqləyib.

Bankın Pekindəki mənzil-qərargahından AZƏRTAC-ın xüsusi müxbirinə bildiriblər ki, vəsait yeni növ koronavirusla əlaqədar testlərin aparılmasına, kənd təsərrüfatı başda olmaqla, iqtisadiyyatın həssas sektorlarında təxminən bir milyon mikro, kiçik və orta müəssisəyə maliyyə yardımının göstərilməsinə yönəldiləcək.

Bildirilir ki, Filippin koronavirusun yayılmasının qarşısını almaq üçün Cənub-Şərqi Asiyada karantin rejimi tətbiq edən ilk dövlətdir. Karantin rejimi öz növbəsində iqtisadiyyata, daha çox həssas sektorlara və qruplara mənfi təsir edib.

Qeyd edək ki, Azərbaycanın təsisçi-üzv olduğu Asiya İnfrastruktur İnvestisiya Bankı dövlət və özəl sektordan olan müştərilərin pandemiya ilə əlaqədar artan tələbatını ödəmək üçün COVID-19 böhranına qarşı fondunu 2 dəfə artıraraq 10 milyard ABŞ dollarına çatdırıb. İndiyədək fonddan Hindistana 500 milyon, Çinə 355 milyon, Banqladeşə 250 milyon, Gürcüstana 100 milyon ABŞ dolları ayrılıb.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Tokioda koronavirusa yoluxma hallarının artdığına görə xəbərdarlıq elan olunub

SONRAKI XƏBƏR

Rusiya və Türkiyə koronavirus vaksinini birlikdə yaradacaq