Prezident İlham ƏLİYEV: Bizim sənayeləşmə, şaxələnmə üzrə səylərimiz həqiqətən yaxşı nəticələr verir

Prezident İlham ƏLİYEV: Bizim sənayeləşmə, şaxələnmə üzrə səylərimiz həqiqətən yaxşı nəticələr verir

Asiya İnkişaf Bankının (AİB) təşəbbüsü ilə Prezident İlham Əliyevlə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında keçirilən videokonfransda dövlətimizin başçısı nitqində AİB ilə səmərəli əməkdaşlığın mövcudluğu, çox güclü tərəfdaşlıq qurulduğu və adı çəkilən maliyyə qurumunun 2015-ci ildə Bakıda keçirilən illik toplantısının bu məsələdə önəmli rol oynadığını vurğulayıb. Ölkə rəhbəri daha sonra hazırda AİB ilə birgə bir sıra mühüm layihələr üzərində işlənildiyini, bankın Azərbaycana ayırdığı kredit və zəmanətlərin ümumi məbləğinin 3 milyard ABŞ dollarını ötdüyünü bildirib.

Yeri gəlmişkən, xatırladaq ki, AİB 1966-cı ildə yaradılıb. Təşkilatın ha­zırda 68 üzvü var. Baş ofisi Filippinin paytaxtı Manilada yerləşir. Quru­mun əsas məqsədi Asiya ölkələrinə iqtisadiyyatın inkişafı və yoxsullu­ğun aradan qaldırılmasında kömək göstərməkdir. Təşkilat məqsədlərinə çatmaq üçün əməkdaşlıq etdiyi ölkələrə kredit, texniki yardım və qrantlar ayırır.

Azərbaycan AİB-ə 1999-cu il oktyabrın 29-da üzv olub. Respublika­mızdakı əməliyyatlar strategiyası isə 2000-ci ildə təsdiqlənib. Təşkilatın ölkəmizdəki nümayəndəliyi 2004-cü ilin noyabr ayından etibarən fəaliyyət göstərir.

AİB indiyədək Azərbaycanın dövlət və özəl sektorlarında 80-dən çox layihənin həyata keçirilməsi üçün kredit, qrant və texniki yardım ayırıb. Bankın dəstəklədiyi layihə və proqramların icrası nəticəsində 485 min nəfər fasiləsiz içməli su ilə təchiz olunub, 240 min şəxs isə daşqın və subasmaların təsirindən müdafiə olunub, 100 min ev təsərrüfatı elektrik enerjisi ilə təmin edilib, 325 kilometrlik avtomobil yolları salınıb və ya təmir olunub.

Xatırladaq ki, AİB tərəfindən 2019-2023-cü illər üçün Azərbaycan üzrə nəzərdə tutulan yeni beş illik strategiya təsdiq edilib. Stra­tegiya özəl sektorun inkişafının gücləndirilməsi, dövlət sektorunun ef­fektivliyinin artırılması, infrastrukturun təkmilləşdirilməsi və insan kapitalının möhkəmləndirilməsi kimi 3 strateji prioritetdən ibarətdir.

Bugünədək bank tərəfindən Azərbaycana ayrılan kredit, qrant və texniki yardımların ümumi məbləği 5 milyard ABŞ dolları təşkil edir.

Azərbaycanla AİB arasında səmərəli əməkdaşlıqdan danışarkən, onu da qeyd etməliyik ki, bank tərəfindən ayrılan investisiya əsasən infrastruktur sahəsinə yönəldilib. Məsələn, elektrik enerjisinin istehsa­lı, dəmir yolu tikintisi, yol salınması, su və kanalizasiya ilə bağlı çoxsaylı layihələrin gerçəkləşdirilməsi bunun bariz ifadəsidir.

AİB-in maliyyə dəstəyi ilə reallaş­dırılan layihələr sırasında Cənub Qaz Dəhlizinin tikintisi xüsusi yer tutur. Prezident İlham Əliyev nitqində bu barədə deyib: “Asiya İnkişaf Bankı bu layihəyə kredit verən ilk böyük beynəlxalq banklar arasında birinci olub. Sizin çox mühüm və vaxtında göstərdiyiniz dəstək bizə, həmçinin çox geniş kreditorlar qrupu yaratma­ğa kömək etdi. Bildiyiniz kimi, Cənub Qaz Dəhlizi tamamlanmağa çox yaxındır, 3 layihə artıq tamamlanıb. Dördüncüsü – Trans-Adriatik boru kəməri 95 faizdən çox tamamlanıb. Bu, həqiqətən də əməkdaşlığın çox yaxşı əlamətidir”.

Dövlətimizin başçısı daha sonra hazırda AİB-lə yeni əməkdaşlıq əlaqələrinin müəyyənləşdirildiyini, suvarma və təhsillə bağlı bəzi əhəmiyyətli layihələrin icrasının nəzərdə tutulduğunu diqqətə çat­dırıb. Eyni zamanda, gələcəkdə münasibətlərin daha da inkişaf etdiriləcəyinə əminliyini vurğulayıb.

Prezident İlham Əliyev video­konfransda pandemiya dövründə Azərbaycanın göstərdiyi bütün səylərin insanların sağlamlığını, həyatlarını qorumaq məqsədi daşı­dığını, hökumətin vaxtında gördüyü tədbirlər sayəsində minimum itki verildiyini və bu səmərəli mübarizənin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirildiyini, bununla bağlı ölkəmizin dünyaya nümunə göstərdiyini xatırladıb: “Biz, həmçinin böyük həcmdə vəsait ayır­mışıq. İqtisadiyyatın pandemiyadan zərər çəkən sektorlarını dəstəkləmək, eləcə də işsizləri, işini itirmiş insanla­rı, aztəminatlı insanları və hətta qey­ri-formal məşğulluğa cəlb olunmuş insanları dəstəkləmək üçün 2 milyard avrodan çox vəsait ayırmışıq”.

Pandemiya dövründə Azərbaycanın üzləşdiyi problemlərdən söz düşmüşkən, AİB tərəfindən bir müddət bundan əvvəl yayımlanan hesabata nəzər salmaq istərdik. Sənəddə qeyd edilir iq­tisadi şaxələndirmə imkanlarının tam qərarlaşmadığı bir vəziyyətdə Azərbaycanın inkişaf perspektivlərinin yaxın dövrdə neft qiymətlərinə bağlılı­ğı davam edəcək. COVID-19 yeni növ koronavirus pandemiyası fonunda neft qiymətlərinin aşağı düşməsi 2020-ci ildə iqtisadi artım tempinin 0,5 faizədək enməsinə səbəb olacaq.

AİB-in hesabatında qiymətlərin bərpası ilə neft-qaz hasilatının yüksəlişi hesabına 2021-ci ildə iqti­sadi artımın 1,5 faizədək yüksələcəyi proqnozlaşdırılır. Sənayedə bu il 0,5 faiz, 2021-ci ildə isə 2 faiz səviyyəsində artımın karbohidro­gen sənayesinin göstəricilərinin güclənməsindən, xüsusilə də təbii qazın Türkiyədən İtaliyaya nəqli üçün TAP kəmərinin 2020-ci ildə tamamlanması ilə “Şahdəniz-2” qaz yatağının hasilat həcminin artımın­dan qaynaqlanacağı gözlənilir. Kənd təsərrüfatında artım tempinin 2020-ci ildə 4,5 faizədək, 2021-ci ildə isə 4 faizədək azalacağı nəzərdə tutulur. Eyni zamanda, gübrə və toxum idxa­lının subsidiyalaşdırılmasının davam etdirilməsinin iqtisadi səmərəliliyi daha yüksək olan taxıl növlərinin istehsalını dəstəkləyəcəyi ehtimal olunur. COVID-19 pandemiyasının tu­rizm və pərakəndə ticarət sahələrinə təsirli zərbə vurması zəminində 2020- ci ildə xidmətlər sahəsində artım tem­pinin zəif olacağı, 2021-ci ildə iqtisadi vəziyyətin yaxşılaşması şəraitində bu sektorlarda artım tempinin 1 faizə çatacağı gözlənilir.

Ölkəmizin COVID-19-la mübarizə şəraitində sosial-iqtisadi sahələrdə az itkilərlə üzləşməsi, həm də ondan irəli gəlir ki, Azərbaycan bu dövrdə istər struktur islahatlarını, istərsə də korrupsiyaya qarşı həyata keçirdiyi tədbirləri uğurla davam etdirib. Kölgə iqtisadiyyatına qarşı mübarizə daha da sərtləşdirilib. Sonuncu məsələyə xüsusi önəm verilməsinin nəticəsidir ki, hazırda qeyri-neft sektorunda həyata keçirilən əqdlərin elektron sənədləşmə səviyyəsi yüksəlib və dövriyyələrin vergidən yayındırılması hallarının miqyası azalıb. Bununla da bank hesabları üzrə nağdlaşdırılan vəsaitlərin həcmi aşağı düşüb, özəl sektor müəssisələrinin banklardakı cari hesablaşma hesablarının qalı­ğında (milli valyutada) yüksək artım dinamikası reallaşıb. Azərbaycan Pre­zidenti AİB-in rəhbərliyi ilə keçirilən videokonfransda bununla bağlı deyib: “Biz qeyri-formal məşğulluqla mübarizə aparırıq və ciddi tədbirlər görmüşük. Təkcə bu il işçilərlə şirkətlər arasında 100 mindən çox müqavilə imzalanıb. Lakin bununla belə, biz bu insanların bu problemdən əziyyət çəkdiyini başa düşürük. Bu səbəbdən də 4 ay ərzində iqtisadi artımımız çox az olmuşdur, bununla belə, 0,2 faiz təşkil etmişdir. Mən bilirəm ki, hazırda bir çox ölkələr, əfsuslar olsun, resessiyadadır. Beş ayın nəticələri hələ ki, bizə məlum de­yil, ola bilsin, 1 həftə ərzində məlum olacaq. Lakin düşünürəm ki, biz bu vəziyyətin öhdəsindən gələ biləcəyik. Sizin doğru olaraq qeyd etdiyiniz kimi, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi bizim üçün əlbəttə ki, çağırışdır. Lakin biz addımlarımızı, büdcəmizi yeni reallıqlara uyğunlaş­dırmağa nail olmuşuq və reallıqlar necə olsa, biz bunu nəzərə almalı­yıq. Biz sosial layihələrin heç birini ixtisara salmamışıq, onların hamısı büdcəmizdə qalır. Lakin o layihələr ki, bir neçə il gözləyə bilər, onlar, əlbəttə, ola bilsin bir qədər təxirə salınsın. Düşünürəm ki, ümumilikdə, Azərbaycan yaxşı nəticələr nümayiş etdirən ölkələr arasında olacaq”.

Dövlətimizin başçısı video­konfransda pandemiya dövründə Azərbaycanın sədrlik etdiyi Türk­dilli Dövlətlərin Əməkdaşlıq Şurası və Qoşulmama Hərəkatı ilə Zirvə görüşləri keçirdiyi, həmin tədbirlərdə koronavirusla mübarizə sahəsində fikir mübadiləsi aparılması ilə bərabər, qarşılıqlı dəstək barədə də fikir mübadiləsi aparıldığını diqqətə çatdırıb. Ölkə rəhbəri Azərbaycan tərəfindən Ümumdünya Səhiyyə Təşkilatına əvvəlcə beş milyon dollar, sonra isə Qoşulmama Hərəkatının sədri qismində əlavə beş milyon dol­lar ianə ayrıldığını xatırladıb. Prezi­dent İlham Əliyev deyib: “Azərbaycan tərəfindən verilmiş humanitar dəstəklə artıq 14 ölkəni əhatə etmişik. Bu, həm maliyyə, həm avadanlıq, həm də tibbi ləvazimatlar dəstəyi olmuşdur. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə biz yar­dıma ən çox ehtiyacı olan 15 ölkəyə dəstək göstərəcəyik. Ümumdünya Səhiyyə Təşkilatı ilə razılaşmada bu 15 ölkə müəyyən olunub. Ona görə də bu müddət ərzində Azərbaycan demək olar ki, 30 ölkəyə dəstək verib. Düşünürəm ki, bu, bizim üzərimizə düşən məsuliyyətdir. Çünki bu çətin zamanda ölkələr və insanlar bir-birini dəstəkləməlidirlər”.

Videokonfransda Asiya İnkişaf Bankının Cənub Qaz Dəhlizi layihəsini ilk dəstəkləyən maliyyə qurumu olması, hazırda isə Azərbaycanda peşə təliminin gücləndirilməsi, sudan istifadə sisteminin müasirləşdirilməsi, enerji səmərəliliyi ilə əlaqədar layihələr üzərində iş aparıldığı, habelə Şimal-Cənub dəhlizinin bir hissəsi olacaq müasir dəmir yolu sisteminin qurulması məsələsi barədə də ətraflı bəhs edilib.

Mənbə: xalqqazeti.com