Neft bazarı odla-su arasında: yay “qızmar” keçəcək

Neft bazarı odla-su arasında: yay “qızmar” keçəcək

Səudiyyə Ərəbistanı hasilatın sentyabra qədər deyil, ilin sonunadək hazırkı həcmdə saxlanmasının tərəfdarıdır

Dünya neft bazarı OPEK+ ölkələri nazirlərinin görüşü ərəfəsində gedən müzakirələr, sızan xəbərlərə müsbət reaksiya verməkdədir. Artıq Bakı vaxtilə iyunun 2-də saat 16:08-ə olan məlumata görə, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin avqust fyuçerslərinin bir barelinin qiyməti 2,58 artaraq 39,31 dollar təşkil edib.

Nyu-Yorkun “Nymex” əmtəə birjasında WTI markalı neftin iyul fyuçerslərinin bir barelinin qiyməti isə 2,45 faiz artaraq 36,31 dollar olub.

Qeyd edək ki, OPEK+ ölkələri nazirlərinin 9-10 iyunda toplaşması nəzərdə tutulurdu. Lakin Əlcəzairin energetika nazirinin müraciətindən sonra toplantının iyunun 4-də keçirilməsi məsələsi gündəmə gətirildi. Artıq əksər ölkələrdən bu təklifə müsbət cavab verildiyi bildirilir.

Keçiriləcək toplantıda əsas müzakirə mövzusunun isə hasilatın gündəlik 9,7 milyon barel azaldılmasına dair razılaşmanın müddətinin ən azı sentyabra qədər uzadılması olacaq. “The Wall Street Journal”ın yazdığına görə, hasilatçıların çoxu bu müddətlə razılaşıblar.

WSJ yazır ki, Səudiyyə Ərəbistanı hasilatın sentyabra qədər deyil, ilin sonunadək hazırkı həcmdə saxlanmasının tərəfdarıdır. Bu ölkədə hesab edirlər ki, Çin, Avropa və ABŞ-da iqtisadiyyatların koronavirus pandemiyasının yaratdığı böhrandan çıxması prosesi gözlənildiyindən daha sürətlə gedir, neftə tələbat da buna uyğun artıq. Lakin bu artıma rəğmən, neft istehsalçıları bazara iyuldan etibarən daha çox xammal çıxartmağa başlasalar, qiymətlər 35-40 dollardan yuxarı qalxmayacaq. Dövlət büdcəsi neftin 80 dollar qiyməti ilə hesablanmış Səudiyyə Ərəbistanı üçün isə bu, qətiyyən əlverişli deyil.

Ər-Riyadın təklifinə əsas etiraz edənsə Rusiyadır. Rusiya indiki hasilat həcminin sentyabra qədər saxlanmasını, ondan sonra isə aprelin 12-də OPEK+ çərçivəsində nəzərdə tutulduğu qaydada artırılmasını təklif edir.

“İnterfax” agentliyinin yaydığı məlumatda bir neçə gün əvvəl Rusiyada neft şirkətləri rəhbərləri ilə energetika naziri Aleksandr Novak arasında keçirilən görüşdə bu məsələnin müzakirə olunduğu bildirilir. Şirkətlərin bəziləri hasilat həcminin sentyabra qədər dəyişməz qalmasına etiraz etsələr də, çoxluğun təklifə tərəfdar çıxdığı qeyd edilir.

Onu da qeyd edək ki, getdikcə gərginləşməkdə olan ABŞ-Çin münasibətləri neft bazarı üçün ciddi təhdidlər formalaşdırır. Xüsusilə Honkonqa dair Pekində qəbul olunan qanunvericilik layihəsi ABŞ-ın kəskin etirazlarına, Honqkonq və Çinə qarşı sanksiya və iqtisadi xarakterli addımların atılmasına səbəb olub. Bu vəziyyət ABŞ-la Çin arasında yanvarda imzalanmış ilkin ticarət sazişinin icrasını böyük təhlükəyə atmış olub. "Bloomberg" agentliyinin məlumatına görə, artıq Çin hökuməti əsas idxalçı şirkətlərə ABŞ-dan bir sıra kənd təsərrüfatı məhsullarının alışını dayandırmağı tapşırıb. Bura ilk növbədə soya aiddir. Dövlət kənd təsərrüfatı məhsulları treyderləri olan “Cofco” və “Sinograin”ə alışı dayandırmaq əmr olunub. Bundan əlavə, Çindəki mənbələr “Bloomberg”ə ABŞ-dan həmçinin pambıq və qarğıdalı alışının da dayandırılması tapşırılıb. Çin alıcıları ABŞ-dan irihəcmli donuz əti sifarişlərini də ləğv ediblər.

Göründüyü kimi, hələlik neft bazarı OPEK+ çərçivəsində hasilatın mövcud həcminin saxlanacağı xəbərlərinin pozitiv təsiri altında qiymət artımı yaşamaqdadır. Lakin ekspertlərə görə, ABŞ-Çin ticarət müharibəsinin yenidən alovlanması baş verərsə, bu, bazarda neqativ proseslərin başlanması, qiymətlərin yenidən azalması ilə də nəticələnə bilər.(Musavat.com)

Mənbə: moderator.az