Azərbaycanda minimum əmək haqqı orta hesabla 92%, minimum pensiya məbləği 72% artıb - RƏSMİ

"Hesabat ilində əhalinin gəlirləri proqnozlaşdırılmış göstəricilərdən az olsa da, inflyasiyanın aşağı səviyyəsi ilə müqayisədə gəlir və əmək haqqının artım tempinin daha yüksək olması 2019-cu ildə həm əhalinin gəlirlərinin, həm də orta aylıq əmək haqqının real ifadədə artması ilə nəticələnib".

Modern.az xəbər verir ki, bu barədə Hesablama Palatasının 2019-cu ilin dövlət büdcəsinin icrasına dair rəyində bildirilib.

Qeyd olunub ki, sosial müstəvidə digər illərdən əhəmiyyətli fərqlənən 2019-cu ildə əhalinin gəlirləri 57035 mln. manat olub, real ifadədə 4,7% artıb. Gəlirlərin faktiki qeydə alınmış həcmi proqnozlaşdırıldığından və gözlənildiyindən müvafiq olaraq, 2204,6 mln. manat və 1353,1 mln. manat az olsa da, orta aylıq əmək haqqı əksinə olaraq, gözlənilən rəqəm ilə müqayisədə daha çox olub. Belə ki, orta aylıq əmək haqqı 641,7 manat proqnozlaşdırılmaqla sonradan azaldılaraq 620,4 manata endirilib, faktiki olaraq isə 634,8 manat qeydə alınıb.


“Məlumat üçün bildirək ki, hesabat ilində əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması məqsədilə həyata keçirilmiş sosial paket nəticəsində sosial müavinətlər və təqaüdlər, eləcə də minimum əmək haqqı orta hesabla 92%, minimum pensiyanın məbləği 72% artırılıb. Bu tədbirlərin reallaşdırılması nəticəsində iqtisadi təsnifata uyğun olaraq, sosial sahəyə yönəldilmiş xərclərin həcmi illik qiymətləndirmədə 7,8% artıb, 2018-ci illə müqayisədə orta aylıq əmək haqqı və əhali gəlirləri yüksəlib, bununla yanaşı inflyasiyanın da aşağı və birrəqəmli templə qeydə alınması sözügedən göstəricilərin real ifadədə nəzərəçarpacaq artımına səbəb olub. Baxılan dövrdə real orta aylıq əmək haqqı təqribən 14% artıb.

İnflyasiya səviyyəsi hesabat ili üçün proqnozlaşdırılmış göstəricilərdən az olub, manatın məzənnəsində müşahidə edilən sabitlik inflyasiya göstəricisinin də müəyyən edilmiş sərhədlər daxilində olmasına şərait yaradıb. Növbəti mühüm makroiqtisadi göstərici olan inflyasiya baxılan dövr ərzində qənaətbəxş səviyyədə olub, ikinci ildir ki, birrəqəmli səviyyədə qalmaqda davam edib”, - deyə Hesablama Palatasının rəyində bildirilib.

Qeyd edilib ki, 2019-cu ilin “Büdcə zərfi”ndə 3,8% inflyasiya proqnozlaşdırılsa da, sonradan növbəti ilin “Büdcə zərfi”ndə bu rəqəm bir qədər azaldılaraq 3,2% inflyasiya gözləntisi ilə əvəzlənib. DSK-nın məlumatlarına əsasən, 2019-cu il üzrə faktiki orta illik inflyasiya 2,6% qeydə alınıb. Baxılan dövr ərzində qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, eləcə də mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan bazis inflyasiyası 2,3% təşkil edib.

2019-cu il ərzində manatla geniş pul kütləsi artmaqda davam edib, pul bazasının artımına valyuta satışlarında aylar üzrə orta göstəricidən kənarlaşmaların böyük olması təsir göstərib, Mərkəzi Bank faiz dəhlizinin parametrlərini il ərzində bir neçə mərhələdə azaltmasına baxmayaraq, hərraclarda banklar tərəfindən olan tələb təklifi üstələyib.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə hesabat ilinin sonuna manatla geniş pul kütləsində 24,5% artım müşahidə olunub. Bu artım, əsasən banklardan kənar nağd pul kütləsi olan M0 aqreqatının artması ilə izah olunur. Mərkəzi Bank tərəfindən ən çevik şəkildə idarə oluna bilinən pul bazasının (yəni dövriyyədəki nağd pul və kommersiya banklarının AMB-da müxbir hesablarının qalıqları) həcmində də artım qeydə alınmış, 01.01.2020 tarixinə manatla pul bazası ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,3% daha çox olub.

Sosial sahəyə yönəldilmiş büdcə xərclərinin artmasından qaynaqlanan bu artım son 8 ildə ən yüksək artım tempi olub, sonuncu dəfə yüksək artım 2011-ci ildə müşahidə edilib. Baxılan dövr ərzində manatın məzənnəsi proqnozlaşdırıldığı kimi sabit qalıb və qiymətlərin stabilliyinin təmin edilməsində əhəmiyyətli rola malik olub.

Modern.az

ƏVVƏLKİ XƏBƏR

Zakir Qaralovun qardaşına Gürcüstanda cinayət işi açıldı

SONRAKI XƏBƏR

Bu yerlərdə maska taxmayanlar cərimələnəcək - SİYAHI