Pandemiya dövründə bu mütəxəssislərə ehtiyac artacaq- RƏY

Pandemiya dövründə bu mütəxəssislərə ehtiyac artacaq- RƏY

Ekspertlər əmək bazarının strukturunda dəyişiklik və post-pandemiya dövründə mütəxəssis hazırlığı üçün yeni mexanizmlərin tətbiq edilməsinin zəruriliyini proqnozlaşdırırlar. Bu gün bazarda tələb olanlar arasında artıq antiböhran mütəxəssisləri, maliyyə məsləhətçiləri, habelə İT mütəxəssisləri, proqramçılar, kontent-menecerləri, elektron ticarət mütəxəssisləri və.s. kimi rəqəmsal peşələrin nümayəndələri var.

Bununla bağlı Sonxeber.az-a iqtisadçı-ekspert Akif Nəsirli danışıb. Ekspert əmək bazarında İT mütəxəssisləri, proqramistlər, virtual menecerlərə ehtiyac olduğunu açıqlayıb:

"Əmək bazarının strukturu təkcə post-pandemiya dövründə deyil, elə pandemiya dövrünün özündə də dəyişməyə başladı. Bildiyimiz kimi çoxlu sayda iş yerləri bağlandı, amma virtual həyatda işlər daha da genişləndi. Yəni hər bir sahədə hamı öz işini virtual aləmdə görməyə başladı. Məsələn, bizim universitet və orta məktəblərimiz buna çalışdı, amma bunu mükəmməl səviyyədə edə bilmədilər. Yəni keçilən dərslər hələki texniki baxımdan qənaətbəxş deyil. Hazırda ölkədə sözügedən sahələrin inkişaf etdirilməsinə ehtiyac yaranacaq. Elə proqram yaratmağa ehtiyac olacaq ki, azsürətli internet məkanında da tələbə ilə müəllim arasında virtual ünsiyyət, virtual auditoriylar yarada bilsin. Dünyada bu sistem mövcuddur, amma Azərbaycanda yetərincə inkişaf etməyib. İT mütəxəssisləri, proqramistlər, virtual menecerlərə ehtiyac var. Bu gün Azərbaycanda virtual menecerlərin sayı yetəri qədər deyil. Ona görə də həmin menecerlərin ortaya qoyduğu proqramlar qüsurlu, qüsursuz olsa belə azdır və yaxud da çox bahadır. Bu sahələr inkişaf etdikcə həmin qüsurlar aradan qalxacaq. Həmin sahələrə ilkin mərhələdə dövlət dəstəyi olmalıdır. Daha sonrakı mərhələdə həmin sahələr özləri- özlərini maliyyələşdirməyi bacaracaq".

Şəlalə Babayev

Mənbə: sonxeber.az