Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun laboratoriyaları müasir avadanlıqlarla təmin olunub

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun laboratoriyaları müasir avadanlıqlarla təmin olunub

Bakı, 3 iyun, AZƏRTAC

Aqrar Elm və İnnovasiya Mərkəzi Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun analizlər aparmaq üçün laboratoriyaları təkmilləşdirilir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, üzüm və şərab məhsullarının beynəlxalq standartlara uyğun müayinəsi və elmi-tədqiqat işlərinin müasir tələblər səviyyəsində aparılması üçün institutun laboratoriyasının maddi-texniki bazası zənginləşdirilir, əməkdaşların bilik və bacarıqları artırılır. Bu il institutun laboratoriyasında yeni “Trace 1310 model Qaz Xromatoqrafı” avadanlığı quraşdırılıb. Bu cihaz müasir beynəlxalq standartlara əsasən alkoqollu içkilərin (şərab, etil spirti, araqlar və s.) və alkoqolsuz üzüm məhsullarının tərkibində bəzi zərərli maddələrin miqdarını, ekoloji təmizlik göstəricilərini müəyyən etməyə və onların normativlərə uyğunluğunun tədqiqinə, o cümlədən yerli üzüm sortlarının texnoloji və biokimyəvi potensialının qiymətləndirilməsi, onlardan beynəlxalq standartlara cavab verən rəqabətqabiliyyətli milli brendlərin hazırlanması məqsədilə xromotoqrafik analizlərin aparılmasına imkan yaradıb.

Bununla yanaşı, institutun laboratoriyası “Optima 8000 Optik emissiya spektrometri” və müasir “Trace 1310 model Qaz Xromatoqrafı”, “Pg instruments”, “T80 model UV-VIS spektrofotometri”, “FOSS WinescanTM SO2 Şərab analizatoru”, “WYA-2S model Rəqəmsal refraktometri”, “Selekta markalı PH 2005 model PH metrləri”, “Bioer PCR” və digər müasir cihaz və avadanlıqlarla təchiz edilib.

Cihaz və avadanlıqlar üzüm, eləcə də şərabçılıq məhsullarının bir çox müasir fiziki-kimyəvi, biokimyəvi, uvoloji və s. göstəricilər üzrə analiz olunaraq qiymətləndirilməsinə imkan verir. İnstitutda “İnteqrir mübarizə texnologiyaları”, “Biokimyəvi tədqiqatlar və keyfiyyətə nəzarət”, “Aqrokimya”, “Üzümün saxlanması, qurudulması və təkrar emalı” laboratoriyaları, o cümlədən “Üzümün emalı və şərabın texnologiyası”, “Ampeloqrafiya, seleksiya və tingçilik” şöbələri üzrə tədqiqatların və laboratoriya analizlərinin aparılması üçün fəaliyyət göstərir. Əsas məqsəd elmi-tədqiqat işlərinin səmərəliliyinin və tətbiqyönümlülüyünün artırılması, beynəlxalq tələblərə cavab verən üzüm və şərab məhsullarının istehsalı, dünya bazarına çıxışına yardım etməkdir.

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu fermer və sahibkarlar müraciət edərək, bu laboratoriyaların imkanlarından istifadə etməyə dəvət edib.

Mənbə: azertag.az