Avtobuslarda kondisionerlərlə bağlı çətin vəziyyət yaranıb: “Virus içəridə dövr edəcək”

Avtobuslarda kondisionerlərlə bağlı çətin vəziyyət yaranıb: “Virus içəridə dövr edəcək”

İyun ayının 1-dən karantin qaydalarının növbəti dəfə yumşaldılması ilə əksər iş yerlərində fəaliyyət bərpa edilib.

Bu da paytaxt Bakıda gediş-gəlişin artmasına səbəb olub. Günün pik saatlarında ictimai nəqliyyatda sıxlıq müşahidə olunur. Son günlər havaların isti keçməsi, avtobuslarda kondinsionerin işə salınmaması ictimai nəqliyyatda hərəkəti daha da çətinləşdirib.

Adətən, avtobuslarda kondisionerlərin qoşulması prosesi iyun ayının 15-də başlayır. Amma sərnişinlərin çox və havanın isti olması məsələni gündəmə gətirib.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Cebhe.info-ya açıqlamasında deyib ki, avtobuslarda kondinsionerin qoşulmaması ilə bağlı müraciətlər iki gündür gəlir:

“İki gün əvvəl hava küləkli olub. Pandemiyaya görə kondisionerin qoşulması məsələsində ziddiyyətli məqam yaranıb. Bilirsiniz ki, kondinsioneri qoşarkən bütün pəncərələr qapadılmalıdır. Bu, içəridə olan havanı sərinlədir və salonda havalandırma getmir. Bu da o deməkdir ki, içəridə virus varsa, avtobusda dövr edəcək. Amma bilirik ki, hava çox istidir və pəncərələr açıq olsa da, təsir etmir. Artıq Bakı Nəqliyyat Agentliyi tərəfindən məsələyə baxılır .“BakuBus” a tapşırıqlar verilib və yaxın vaxtlarda kondinsionerlər işə salınacaq”.

Alçina Amilqızı
Cebhe.info

Mənbə: cebhe.info