Natəvan Bayramova: “Yeni tikiləcək bütün stansiyalar velosiped dayanacaqları ilə təmin ediləcək” – MÜSAHİBƏ

Natəvan Bayramova: “Yeni tikiləcək bütün stansiyalar velosiped dayanacaqları ilə təmin ediləcək” – MÜSAHİBƏ

“Velosiped ekoloji cəhətdən təmiz və insan sağlamlığı üçün faydalı nəqliyyat növlərindəndir. Hal-hazırda Abşeron Dairəvi dəmir yolu xəttinin 13 stansiyasında velosipedlər üçün dayanacaqlar mövcuddur. Məlumat üçün deyim ki, məsələn təkcə Sabunçu-Pirşağı dəmir yolu xətti üzrə avtomobil və velosiped dayanacaqlarının ərazisi 9 min kv metr təşkil edir. Bu təşəbbüs əlbəttə, bir tərəfdən dəmir yolu xidmətlərindən istifadə edən sərnişinlərimizin bir növ velosipeddən istifadəyə təşviqidir”.

Bu fikirləri Qazet.az-a müsahibəsində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Natəvan Bayramova səsləndirib.

Bildirilir ki, təşəbbüs Bakıətrafı kənd və qəsəbələrdə yaşayan əhali üçün faydalıdır. Onların gediş gəlişinin rahatlığına xidmət edir.

“Əgər evdən velosipedlə çıxmısınızsa, stansiyaya qədər gəlib, biletinizi alıb səfərinzi qatarla davam etdirə bilərsiz. Bu zaman velosipedinizi əminliklə stansiya və dayanacaqda quraşdırılan belə parklanma yerlərində saxlamaq mümkündür. Qeyd edim ki, belə dayanacaqlarda velosipedlərin park edilməsi ödənişsizdir. Bunun üçün hər hansı məbləğin ödənilməsi tələb olunmur. Qayıtdıqdan sonra elə həmin dayanacaqdan velosipedlərinizi götürüb yenidən yola davam etmək olar. Gələcəkdə yeni tikiləcək bütün stansiyalarda velosiped dayanacaqları ilə təmin edilməsi nəzərə alınacaq”, – deyə Natəvan Bayramova qeyd edib.

Mənbə: qazet.az