Azərbaycan iqtisadiyyatı postpandemiya dönəminə hazırlaşır

Azərbaycan iqtisadiyyatı postpandemiya dönəminə hazırlaşır

“Postpandemiya dövrü Azərbaycan kimi ölkələrdə ənənəvi iqtisadi və sosial strukturu olan sahələrin inkişafını davam etdirəcək”.

Bunu Cebhe.info-ya açıqlamasında İqtisadçı Razi Abbasbəyli deyib.

O bildirib ki, postpandemiya dövründə Azərbaycanda hansısa bir sahənin inkişaf etdirilməsi üçün dövlət proqramı olmalı və icra edilməlidir:

“Məsələn, 1920-ci illərdə Amerikada böyük bir böhran dövrü vardı. Həmin böhrandan sonra “Tikinti sektorunun inkişaf etdirilməsi” adlı bir layihə hazırlandı. Yüksək investisiyalar cəlb etməklə təxminən 1 milyona yaxın xırda investorların, dövlət tərəfindən maliyyələşdirilən tenderlərin cəlb edilməsi praktikası var idi. Bu praktikanın nəticəsindən həmin böhrandan çıxış üçün yeni iş yerlərinin yaradılması və yeni iqtisadi aktivliyin təmin olunması üçün istifadə olunmuşdu. Bu praktika 2008-ci ildə dünya böhranı dövründə də istifadə edildi.
Azərbaycan kimi ölkələrdə mövcud sistem üzərindən “kölgə iqtisadiyyatı”nın kiçildilməsi üçün addımlar atıldı. Bunun üçün pandemiya dövründə Azərbaycanda vergi ödəyicilərinin rəsmiləşdirilməsi, yeni iş yerlərinin yaradılması və sahibkarlara dövlət tərəfindən göstərilən dəstəyin təmin edilməsi üçün sosial proqramlar həyata keçirildi. Nəticə etibarı ilə Azərbaycanda rəsmi olaraq işləyən və iş yerindən məhrum olmuş vergi ödəyicisi olan sahibkarlara dövlət tərəfindən yardımlar edildi. Bu yaxınlarda qəbul edilən əlavə dəyər vergisinin geri qaytarılması mexanizmi hazırlandı. Son məlumata görə, may ayında 48 faizə yaxın əlavə dəyər vergisinin geri qaytarılması təmin edilib. Bu isə vətəndaşların kassa çeklərini əldə etmək mədəniyyətini formalaşdırdı. Yəni nağdsız hesablaşmaların stimullaşdırılması həyata keçirildi”.

Ekspert qeyd edib ki, postpandemiya dövründə Azərbaycan üçün kənd təsərrüfatı, xüsusilə də qeyri-neft sektoru üzrə sektor sahələrinin inkişaf etdirilməsi mühüm məsələdir:

“Təəssüf ki, 2020-ci ilin birinci ayından bu günədək olan statistikada bu 2,3 faizdən yüksəlməyib, qeyri-neft sektoru, xüsusilə kənd təsərrüftında artım qeydə alınmayıb. Azərbaycanın baxmayaraq ki, xarici bazarlara çıxışları təmin olunub, investisiyaların təşviqi baxımından bu sahədə müəyyən addımlar atılıb. Amma təəssüflə qeyd etmək istərdim ki, kənd təsərrüfatında nəzərəçarpacaq uğurlara imza atılmayıb. Xüsusilə də kənd təsərrüfatında 2019-cu ilin bu günləri ilə müqayisədə geriləmə müşahidə olunub. Nəticədə kənd təsərrüfatında kreditləşmə, texnika ilə təmin olunma, investisiyaların təşviqi və bu qəbildən olan aqrar sektorun inkişafına nail olan işlər həyata keçirilməyib. Azərbaycan aqrar ölkədir. Ən azından daxili bazarların təmin edilməsini rallaşdırmaq mümkün idi. Pandemiya dövründə bizim üçün əlverişli imkanlar yaranmışdı, lakin onlardan istifadə olunmadı.

Bundan əlavə Azərbaycanda yüngül sənayenin inkişafına nail olmaq olardı. Bilirsiz ki, Çin ilə Avropa arasında bu günlərdə gərginlik yaşanmaqdadır. Bu gün Azərbaycanın əmək bazarında yetərincə işçi qüvvəsi mövcuddur. Bu işçi qüvvəsini təmin etməklə daxili tələbata hesablanmış yüngül sənaye üzrə 40 faizlik tələbatı ödəmək mümkün idi. Təəssüf ki, bu sahədə də hər hansı bir investisiya təşviqi, aşağı faizli dövlət kreditinin, zəmanətli kreditlərin həyata keçirilməsini müşahidə etmədik. Sadəcə, müəyyən mənada addımların atılmasını gördük. Güman edirəm ki, hökumət bu proqramlar və gələcək perspektiv üçün müəyyən müzakirələr aparır. Yüngül sənayedə ən azından gündəlik tələbat mallarının hazırlanmasına ehtiyac var. Yalnız daxili tələbatın ödənilməsi üçün yüngül sənayeni inkişaf etdirmək olar. Lakin bununla bağlı üfüqdə hər hansı bir təklif var, nə də proqramın özü”.
Tünzalə Rüstəm
Cebhe.info

Mənbə: cebhe.info