Vətəndaş məsuliyyətsizliyi karantin qaydalarının yenidən sərtləşdirilməsinə gətirib çıxardı

Vətəndaş məsuliyyətsizliyi karantin qaydalarının yenidən sərtləşdirilməsinə gətirib çıxardı

Bakı, Sumqayıt, Abşeron, Gəncə, Lənkəran... Ticarət mərkəzləri tam qapadıla bilər

Son günlər ölkədə koronavirusa yoluxmanın dərəcəsi artır. Ona görə də karantin rejiminin yenidən sərtləşdirilməsi məsələsi müzakirə edilir. Trend-in məlumatına görə, Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, yoluxma ilə sağalma arasında fərq böyükdür. Bu, yeni bir situasiya yaradıb. Əsas səbəb karantin qaydalarına əməl edilməməsidir. Bu barədə Koronavirusinfo.az saytına vətəndaşlar tərəfindən şəkillər göndərilir: "Buna görə də karantin qaydalarının yumşaldılmasının dayandırılması və karantin qaydalarının yenidən sərtləşdirilməsi məsələsi müzakirə edilir. Aidiyyəti qurumlar qərargaha müraciət ediblər.

Cümə günü axşamdan bazar ertəsinə qədər hərəkət və iş rejimləri məhdudlaşdırıla bilər. Mağazalar da bağlana bilər. Bununla bağlı sabah (bu gün) Baş nazirin çıxışı olacaq və bundan sonra təfərrüatlar barədə məlumat veriləcək".

Vətəndaşlar 48 saatlıq ərzaq tədarükü görə bilərlər

İ.Məmmədov deyib ki, karantin rejiminin sərtləşdirilməsi və ya yumşalma zərurətdən asılıdır. Onun sözlərinə görə, hökumət bu məhdudiyyətləri istəmir, vətəndaşlar da istəmir: "Bu, çox ciddi iqtisadi problemlərə apara bilər. Şükürlər olsun ki, bu gün Azərbaycanda bununla bağlı heç bir iqtisadi problemimiz yoxdur. Vətəndaşlar 48 saatlıq ərzaq tədarükü görə bilərlər. Məhdudiyyət bizim sağlamlığımız üçündür".

Detalları Baş nazir açıqlayacaq

Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, Baş Nazir Əli Əsədovun çıxışından sonra qadağaların hansı istiqamətdə veriləcəyi məlum olacaq. Onun sözlərinə görə, məhdudlaşdırmaların detalları ilə bağlı Operativ Qərargahın rəhbəri, Baş Nazir Əli Əsədovun sabah (bu gün) müraciəti olacaq. Baş Nazirin çıxışında bu məsələlər detallı şəkildə elan ediləcək:

"Cərimələrə gəldikdə isə məhdudlaşmalardan asılı olmayaraq, bunlar qüvvədə qalacaq: "Hansı istiqamətdə məhdudlaşma olub və ya olmamasının cərimələrə aidiyyəti yoxdur. Karantin qaydalarını pozan şəxslər cərimələnəcək".

Koronavirus xəstələrinin sayı artıqca ağır xəstələrin də sayı artır

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı isə bildirib ki, koronavirus xəstələrinin sayı artıqca ağır xəstələrin də sayı artır. Onun sözlərinə görə, bu gün (dünən) Azərbaycanda 325 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb: "Yeni yoluxma sayının artması hər kəsi narahat edir. Bu gün 5 nəfər vəfat edib. İndiyədək ölkə üzrə 6260 nəfər koronavirusa yoluxb, 76 nəfər ölüb, 365 nəfər sağalıb. Hazırda 2519 nəfər aktiv koronavirus xəstəsi var. Onların yarıdan çoxu Bakının payına düşür".

Pandemiyanın ikinci mərhələsindəyik...

R.Bayramlı bildirib ki, hazırda biz pandemiyanın ikinci - sərt karantin rejimindən çıxış və yumşaldılmaya doğru gediş mərhələsindəyik.

Onun sözlərinə görə, ötən müddətdə tibb müəssisələrini ən müasir avadanlıqlarla təchiz etmək mümkün olub, ölkədə müasir müayinə metodları tətbiq edilir: “Demək olar ki, bütün sahələr üzrə medodiki tövsiyələr hazırlanıb. Bundan başqa, müxtəlif maarifləndirici məlumatlar hazırlanıb və insanlar buna əməl etməyə çağırılıb. Biz dəfələrlə əhaliyə müraciət etmişik ki, karantin rejimindən mərhələli şəkildə çıxmalıyıq. Amma vətəndaşlar bu məsuliyyətlərini kənarda qoyublar. Bir çox insanlar qaydaları pozmağa meyillidir. Artıq yoluxma sayında ciddi artım müşahidə edilir”.

R.Bayramlı qeyd edib ki, qayda pozuntusu bəzən kütləvi xarakteli olur.

Bakı, Sumqayıt, Abşeron, Gəncə, Lənkəranla bağlı yeni məhdudlaşdırıcı tədbirlər...

TƏBİB sədri deyib ki, hər gün minumum 200 xəstə yeni xəstələrin sırasına daxil olur. Onun sözlərinə görə, bu, TƏBİB-ə Nazirlər Kabineti yanında Operativ Qərargaha yeni müraciət üçün əsas verib: “Müraciətimiz xəritədə yoluxmanın narıncı olduğu sahələrdə həftənin cümə günü axşamdan bazar ertəsinədək küçəyə çıxma üçün məhdudiyyətlərin tətbiqi ilə bağlıdır. Təklifimiz Bakı, Sumqayıt, Abşeron, Gəncə, Lənkəran şəhərləri üzrədir. Qarşıdakı 1-2 ay ərzində bütün həftə sonları və ola bilsin ki, bayram günlərində 2-3 günlük küçəyə çıxmaq qadağası ilə bağlıdır. Bu təklifimiz Operativ Qərargah tərəfindən qəbul edilib. Küçəyə çıxmanın tam məhdudlaşdırılması ilə bağlı təklifimiz beynəlxlq təcrübəyə əsaslanıb".

Həftə sonları ticarət mərkəzləri tam qapadılacaq

R.Bayramlı qeyd edib ki, həftə sonları ticarət mərkəzlərinin tam qapanması nəzərdə tutulur. Onun sözlərinə görə, vətəndaşlar iki gün üçün zəruri ehtiyaclarını ödəmək məqsədilə alış-veriş etməlidirlər. Lakin bu, yalnız 2 gün ərzində olacaq.

R.Bayramlı qeyd edib ki, həmin günlərdə vətəndaşlara SMS-lə küçəyə çıxmasına icazə veriləcək: “Ancaq bu, SMS əvvəlki kimi olmayacaq. Xüsusi sağlamlıq vəziyyətlərində küçəyə çıxmağa icazə veriləcək. İctimai və şəxsi nəqliyyatın da tam qapadılması nəzərdə tutulur”.

TƏBİB sədri əlavə edib ki, dövlət müəssisələrində cümə günlərində iş saatlarının qısaldılması barədə də təkliflər verilib.

Maskaya tələbat arta bilər...

R.Bayramlı bildirib ki, Bakı şəhərindəki tibb müəssisələrində sıxlığın yaranması əsas verir ki, əhalini “Biz birlikdə güclüyük” devizi altında həmrəyliyə dəvət edək. Onun sözlərinə görə, həftə sonlarında tətbiq edilən məhdudiyyətlərdən sonra əks-epidemik nəticələrin əldə edilməsinə ümid edilir: “İnsanların normal sosial həyata qayıtmasını arzu edirik. Bütün bunlar yalnız həftə sonları üçün verilən qərarardan asılı deyil. Digər günlərdə də qaydalara əməl etməliyik”.

R.Bayramlı qeyd edib ki, maskaya tələbat arta bilər. Amma hər kəs evdə də təlimatlara uyğun olaraq maska hazırlaya bilər.

Məhdudlaşdırmalara gedilməməsi vətəndaşlardan asılıdır...

R.Bayramlı qeyd edib ki, insanlar qaydalara əməl edərlərsə, növbəti həftələrin sonunda məhdudlaşdırmalara getməyə bilərik. Onun sözlərinə görə, daha əvvəl karantin jejiminin yumşaldılması barədə danışılsa da, hazırkı vəziyyət bunu etməyə imkan vermir: “Bizim arzumuzdur ki, vətəndaşlar təlimatlara əməl etsinlər və öz normal həyatımıza geri qayıdaq”.

Məhdudlaşdırma olarsa, yenidən 190 manat vəsait veriləcək?

“190 manat vəsaitin vətəndaşlara verilməsi aprel və may ayları üçündür” deyən İbrahim Məmmədovun sözlərinə görə, amma yenidən məhdudlaşdırma olarsa, bu məsələyə baxıla bilər: "Bu barədə məhdudlaşma qərarından sonra məlumat veriləcək. Hələlik bu barədə heç nə deyə bilmərik".

Mənbə: www.baki-xeber.com