Pandemiyadan sonra: Subsidiya, yoxsa qiymət artımı?

Pandemiyadan sonra: Subsidiya, yoxsa qiymət artımı?

Ötən il dövlətdən ən çox yarım alan qurum "Bakı Metropoliteni" QSC olub.

“Ötən il bir sıra dövlət müəssisələrində göstərilən xidmətlərin müəyyən mənada subsidiyalaşdırılması həyata keçirilib” deyən maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında həmin qurumların arasında ilk yerdə "Bakı Metropoliteni" QSC-nin olduğunu bildirib: “Bildiyiniz kimi gedişhaqqı real istismar xərclərini ödəmədikdə dövlət tərəfindən dotasiya verilib”.

Nazir qeyd edib ki, “Azəristiliktəchizat” ASC də real istismar xərclərini ödəmədikdə dövlət tərəfindən subsidiyalaşdırılır:

“Ötən il də müəyyən maliyyə yardımı göstərilib. Cari ildə də “Azəristiliktəchizat” ASC-nin maliyyə vəziyyəti ürəkaçan deyil. Bunu etiraf etmək lazımdır”.

Məlumdur ki, ölkəmizdə bir sıra qurumlar dövlət tərəfindən ayrılan dotasiyaların hesabına fəaliyyət göstərir. Zaman-zaman bəzi xidmətlər üzrə ayrılan vəsaitərin təyinatı üzrə xərclənməməsi və mənimsənilməsi məsələləri ortaya çıxır. Bir sıra qurumların ili ziyanla başa vurması haqqında hesabatları da müzakirə predmetinə çevirilir. Məsələn, ölkəmizdə təyyarə biletlərinin qonşu ölkələrdən dəfələrlə yüksək olmasına baxmayaraq, “Azərbaycan Hava Yolları” QSC illik hesabat təqdim edərkən, şirkətin gəlir əldə etmədiyini, ili zərərlə başa vurduğunu bildirir.

Qeyd edək ki, bir sıra xidmətlərin səviyyəsinin yüksəldilməsi və dövlətin maliyyə yükünün azaldılması məqsədilə onların özəl sektora verilməsi ilə bağlı təkliflər mövcuddur. Amma məsələn, “Bakı metropoliteni” QSC və ya AZAL kimi böyük qurumların mövcud şəraitdə özəlləşdirilməsi mümkünsüzdür.

Belə olan halda, subsidiyalaşdırma davam etdirilməli, yoxsa tariflərə yenidən baxılmalıdır?

İqtisadçı Rəşad Həsənov hesab edir ki, subsidiyalaşdırma davam edəcək.

O, “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, ayrılan subsidiyanın məbləği ilə bağlı hər zaman ictimai narahatçılıq olur:

 

“Bunun da əsas səbəbi odur ki, həmin qurumların fəaliyyəti şəffaf deyil. Dövlət satınalmalarında da ciddi nöqsanlar var. Bir çox hallarda bu vəsaitlər korrupsiya yeminə çevirilə bilir. Amma buna baxmayaraq, həmin qurumlara subsidiyanın ayrılması davam etdirilməlidir. Çünki xüsusilə də post-pandemiya dövründə sosial vəziyyət çətin olacaq. Belə bir şərtlər daxilində metropoliten xidməti, istilik və ya digər kommunal xidmətlərin və ya Naxçıvana uçuşlarla bağlı AZAL-ın fəaliyyətinin subsidiyalaşdırılması davam etdirilməlidir”.

Rəşad Həsənov bildirir ki, tariflərin artırılması üçün iqtisadi zəmin yoxdur:

“Əhalinin gəlirləri buna adekvat deyil. Nəzərə almaq lazımdır ki, pandemiya şəraitində, neft gəlirlərinin ucuzlaşdığı, eyni zamanda neft hasilatının azaldığı bir zamanda gəlirlər əhəmiyyətli səviyyədə azalıb. Belə bir fonda dövlət vəsaitlərinin, eyni zamanda subsidiyaların təyinatı üzrə xərclənməsinə ciddi nəzarət olunmalıdır. Hesablamalar Palatası bu istiqamətdə öz fəaliyyətini gücləndirməli və şəffaflaşdırmalıdır. Dövlət satınalmaları ilə bağlı qaydalar da təkmiləşdirilməlidir. Şirkətlər üçün bərabər şərait yaradılmalıdır, bu da rəqabət mühitinin dərinləşməsi ilə dövlət tərəfindən alınan mal və xidmətlərin daha aşağı qiymətə başa gəlməsi üçün şərait yarada bilər. İndiki halda subsidiyalaşdırma davam etdirilməlidir, xidmət qiymətlərinin artırılması məqbul deyil. Eyni zamanda həmin qurumların fəaliyyətinə nəzarətin artırılması ilə subsidiyaların məbləği ilə bağlı məsələlərə diqqət artırılmalıdır”.

Xatirə Nəsirova
Cebhe.info

Mənbə: cebhe.info