Bu qurumlar müraciətlərə necə cavab verir? - Ekspert

Bu qurumlar müraciətlərə necə cavab verir? - Ekspert

İstehlakçılara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, yaranan problemlərin operativ həlli kommunal xidmət müəssisələrinin xidmət keyfiyyətinin başlıca göstəricilərindəndir.

Ölkədə kommunal xidmət göstərən "Azəriqaz” İstehsalat Birliyi 104 və 185, "Azərişıq” ASC 199, "Azərsu” ASC isə 955 saylı Çağrı Mərkəzi vasitəsilə əhalinin müraciətlərinə, şikayətlərinə baxır.

Bəs qurumlar daxil olan şikayətləri, müraciətləri necə cavablandırır? Kommunal xidmət göstərən qurumların müraciətlərə cavab verməsi qənaətbəxşdirmi? Qurumlar bu sahədə hansı yeniliklər edib?

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin kommunal xidmətlər üzrə eksperti Nüsrət Qasımov Sfera.Az-a bildirib ki, son vaxtlarda kommunal xidmət göstərən qurum kimi "Azəriqaz”ın fəaliyyətində bir çox yeniliklər həyata keçirilib, demək olar ki, qurumun fəaliyyəti tamamilə yaxşılaşdırılıb.

Onun sözlərinə görə, bu qurumdan şikayətlər də azalıb, əhalinin razılığı hiss olunur: "Bu il demək olar olar ki, "Azəriqaz”la bağlı şikayət almamışam. Bu qurumun rəhbəliyi istər hüquqi, istərsə də fiziki şəxslərlə müntəzəm olaraq əlaqədədir. Bundan başqa, "Azəriqaz” rəhbərliyi tərəfindən tez-tez mətbuat konfransları keçirilməsinin, meyvə-tərəvəz yetişdirən, istixana sahibləri ilə görüşlərin olmasının, istehlakçıları narahat edən məsələlərin yerindəcə dinlənilməsinin, mövcud problemlərin həll olunması istiqamətində işlər görülməsinin şahidi oluruq. Əsas məsələ odur ki, rəhbərlik istehlakçılardan qaçmır. Bir halda təchizatçı müəssisələrin rəhbərliyi əhali ilə görüşdən qaçmır, bu, müsbət haldır. Bu onu göstərir ki, rəhbərlik ölkə Prezidentinin göstərdiyi kurs üzrə hərəkət edir”.

O qeyd edib ki, bu işlər insanlar tərəfindən böyük rəğbətlə qarşılanır və əhalinin qayğılarının həll olunması istiqamətində düşünülmüş məqsədyönlü hərəkətdir.

Ekspert su təchizatı qurumunun da bu istiqamətdə uğurla çalışdığını qeyd edib

Mənbə: sfera.az