Bərk buğda sortlarının əkin dövriyyəsinin artırılması müzakirə olunub

Bərk buğda sortlarının əkin dövriyyəsinin artırılması müzakirə olunub

Bakı, 4 iyun, AZƏRTAC

Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu özəl sektorla əlaqələrini genişləndirir. Ölkədə karantin rejiminin davam etməsinə baxmayaraq, taxılçılıq sahəsində fəaliyyət göstərən iri şirkətlərlə bir neçə videokonfrans keçirilərək gələcəkdə əkinlərin elmi əsaslarla birgə təşkil edilməsi qərara alınıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, institutda “Agro Dairy” şirkətinin nümayəndələri ilə növbəti görüş keçirilərək elmi əməkdaşlığın istiqamətləri müəyyən olunub. Müzakirə institutun direktoru Faiq Xudayev, istehsalat üzrə direktor müavini Atif Zamanov, Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli, “Agro Dairy” şirkətinin kommersiya işləri üzrə müşaviri Əsəd Qurbanzadə və keyfiyyət üzrə mühəndis Reha Çaylı arasında keçirilib.

Qarşılıqlı razılaşmaya əsasən, ölkədə bərk buğda sortlarının əkin dövriyyəsinin artırılması, bu istiqamətdə görüləcək işlərin birgə təşkili reallaşdırılacaq.

Faiq Xudayev institutun fəaliyyəti haqqında məlumat verərək bildirib ki, çörək və makaron sənayesinin tələblərinə uyğun yeni sortların yaradılması istiqamətində elmi tədqiqat işləri davam etdirilir: “Ölkədə bərk buğda sortlarının əkin dövriyyəsinin artırılması və bu istiqamətdə birgə işlərin təşkili məsələləri son dərəcə vacibdir. Birgə əməkdaşlıq çərçivəsində fermerlərin bərk buğda əkininə marağının artırılması istiqamətində genişmiqyaslı tədbirlər görülməsi, Əkinçilik ETİ-nin yaratdığı sortlar haqqında fermerlərə dolğun məlumatların çatdırılmasının təmin olunması həyata keçirilməlidir”.

“Agro Dairy”nin nümayəndəsi Əsəd Qurbanzadə şirkətin fəaliyyət istiqamətləri haqda geniş məlumat verərək, elmi-tədqiqatyönümlü əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

İnstitutun “Torpaq və bitki analizləri“ laboratoriyasına və təcrübə əkin sahələrinə baxış keçirilib. Səyyar vəziyyətdə aparılmış müzakirədə Azərbaycanın torpaq iqlim şəraitində özünü doğrultmuş taxıl və yem bitki sortlarının birgə təcrübə sahələrinin yaradılması, elmi-tədqiqat, analiz işlərinin aparılması qərara alınıb. Təklif olunub ki, institutun elmi əməkdaşları bu ildən başlayaraq öz təcrübələrini “Agro Dairy” şirkətinin əkin sahələrində tətbiq edə və seleksiya işlərini apara bilərlər.

Mənbə: azertag.az